Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-331/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirilmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh vergi orqanı tərəfindən mübahisə predmeti qərarla hesablamaya əsas kimi göstərilmişdir ki, 2022-ci ilin iyun ayının dövriyyəsi ilə iddiaçıda keçirilmiş sonuncu xronometraj metodu ilə dövriyyə arasında fərq mövcuddur və riskli əməliyyatların aparıldığına görə əvəzləşdirilən ƏDV-nin nəzərə alınmamışdır. Odur ki, 2022-ci ilin iyun ayının ƏDV kameral bəyannaməsinin 301.1-ci sətrinin “təqdim edilmiş” xanasında iddiaçının həmin xanada göstərdiyi 1.413.915,50 manat məbləğ artırılaraq, 3.259.364,47 manat, “daxil olmuş” xanada isə iddiaçının göstərdiyi 1.576.357,75 manat artırılaraq 2.639.836,77 manat göstərilmiş, eyni zamanda bəyannamənin 324-cü sətirinin “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği” ödənilmiş məbləğ xanasında 72 723,60 manat (ƏDV isə 13.090,25 manat) qeyd edilmişdir. 2022-ci ilin iyun ayı üzrə əlavə hesablama əsasən ƏDV bəyannaməsində “daxil olmuş” dövriyyənin 1.063.479,02 manat məbləğində artırılması ilə olmuşdur. Halbuki, sözügedən dövriyyənin iddiaçıya daxil olmasını təsdiq edən heç bir sənəd cavabdeh vergi orqanında mövcud deyil. 26 may – 9 iyun 2022-ci il tarixlərdə keçirilmiş və onun nəticəsi olaraq iddiaçının orta günlük dövriyyəsi 169 295,72 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bu nəticələri götürüb iddiaçıya əlavə vergi hesablasa da, nəzərə almamışdır ki, iddiaçının aylıq dövriyyəsinin demək olar yarısı, ixrac dövriyyəsi, yəni, ƏDV 0% dərəcə ilə bağlı dövriyyə təşkil etmişdir.Həmin dövriyyəyə görə ƏDV 0% dərəcə ilə olduğu əlavə vergilər hesablana bilməzdi. Xoronometraj ümumi gündəlik dövriyyəni, yəni həm ƏDV-li, həm də ƏDV-nin 0% dərəcə ilə dövriyyəsini müəyyən etmiş, lakin kameral vergi hesablama aparılanda qeyd edilən hal nəzərə alınmamışdır. İddiaçı yeni xronometraj ilə bağlı ərizəni yalnız sonuncu xronometrajdan 1 ay sonra verə bilərdi. Bu da o deməkdir ki, sonuncu xronometraj 9 iyun 2022-ci il tarixində yekunlaşmışdırsa, deməli yeni xronometrajla bağlı ərizə ən tezi 9 iyul 2022-ci il tarixində verilə bilərdi. İyun ayında xronometrajın nəticələrinin passivləşdirilməsi üçün iddiaçının imkanı olmamışdır. İddiaçı 28 iyun 2022-ci il tarixində cavabdeh vergi orqanına müraciət edərək Rusiya-Ukrayna müharibəsinin nəticələri olaraq qiymətlərin aşağı düşməsi səbəbindən istehsalatın dayandırılması və işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə məlumat vermişdir ki, bu hal da bir daha iddiaçının dövriyyəsinin aşağı düşməsini təsdiq edir. Kameral ƏDV bəyannaməsinin 324-ci sətrində daxil edilən 72.723,60 manat azaldılan dövriyyə ilə bağlı bildirilir ki, uyğunsuzluq məktubunda və qərarda 10 e-qaimənin riskli olmasına dair məlumat göstərilsə də, həmin e-qaimələrin hər biri iki dəfə təkrarlanmış, ümumilikdə 5 e-qaimə (EBBL 610739, EBBL 611488, EBBL 610783, EBBL 611364, EBBL 610886q) qeyd edilmişdir ki, həmin eqaimələrin ƏDV məbləğlərin ümumi həcmi 13.090,25 manat təşkil edir. Ümumiyyətlə, 5 e-qaimənin heç 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilən dövriyyə salınmamışdır. Həmin e-qaimələr elə tərtib edilən aylarda ƏDV bəyannaməsinə əvəzləşdirilən dövriyyəyə salınmışdır ki, vergi orqanı da məhz həmin aylar üzrə kameral keçirərək əlavə vergilər hesablaya bilərdi. Qeyd edilən e-qaimələr 2021-ci ilin oktyabr ayı üzrə iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsi üzrə əvəzləşdirlən dövriyyəyə daxil edilmiş və əvəzləşdirilmişdir. Lakin cavabdeh vergi orqanı həmin ay üzrə bununla bağlı hər hansı kameral vergi yoxlaması ilə əlavə vergilər hesablamamış və əvəzləşməni ləğv etməmişdir. Hazırda isə cavabdeh həmin e-qaimələr üzrə dövriyyəni iddiaçının ƏDV bəyannaməsi üzrə 324-cü sətirinin “Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDVnin bərpa edilən məbləği” ödənilmiş məbləğ xanasına daxil etmiş və iddiaçıya qanunsuz olaraq əlavə ƏDV hesablamışdır ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, riskli hesab edilmiş e-qaimələr "xxxx" MMC tərəfindən 30 oktyabr 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 30 oktyabr 2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında sonuncudan EBBL 610739, EBBL 611488, EBBL 610783, EBBL 611364 və EBBL 610886 nömrəli elektron qaiməfakturalar əsasında 72 723,60 manat (ƏDV-si 13 090,25 manat) məbləğində mallar almış və həmin 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliiyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən “e-taxes.gov.az”dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 30 oktyabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 noyabr 2021ci il tarixli **********999700 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır.” Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütununda olan” 1413935.50 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (4392812.82 manat) məbləğdən 2978877.32 manat azdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş **********349300 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********349300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 204516.47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********877000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2753/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərar qismən, yəni 13.090,25 (on üç min doxsan manat iyirmi beş qəpik) manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı qərarın iddianın rədd edilən hissəsində ləğv edilib təmin edilməsini, cavabdeh isə qərarın iddianın təmin edilən hissəsinin ləğv edilib rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...İddianın xronometraj metodu ilə hesablama hissəsində təmin edilməməsi məhkəmə tərəfindən həmin hissədə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatlar nəzərdən qaçırılmış, hüququn tətbiq edilməsində səhv buraxılaraq, tətbiq edilməli olan qanun düzgün tədbiq edilməmiş və sonda həmin hissədə düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə ümumiyyətlə, iş üzrə mövcud olan sübutları araşdırmamış, məsələnin faktiki olaraq mahiyyətinə varmamış, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və iddia tələbi üzrə dəlillərə ümumiyyətlə münasibət bildirməmişdir. Məsələnin mahiyyətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi 2022- ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və iddiaçının bəyan etdiyi dövriyyəni cavabdeh qəbul etməyərək artırmaqla əlavə ƏDV hesablamışdır.İddiaçı tərəfindən təqdim edilən 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannamsəi göstəricilərindən görünür ki, 301-ci sətrinin “təqdim edilmiş” xanasında iddiaçının həmin xanada göstərdiyi 1 413 915,50 manat məbləğ artırılaraq 3 259 364,47 manat, “daxil olmuş” xanada isə iddiaçının göstərdiyi 1 576 357,75 manat artırılaraq 2 639 836,77 manat göstərilmişdir.Başqa sözlə, 2022-ci ilin iyun ayı üzrə əlavə hesablama əsasən ƏDV bəyannaməsində “daxil olmuş” dövriyyənin 1 063 479,02 manat (2 639 836,77 - 1 576 357,75) məbləğində artırılması olmuşdur ki, bunun da nəticəsində 191 426,22 manat ƏDV məbləği hesablanmışdır.Halbuki, sözügedən dövriyyənin iddiaçıya daxil olmasını təsdiq edən heç bir sübut cavabdeh vergi orqanı məhkəməyə təqdim etməmişdir. Vergi Məcəlləsinin 159.1, 178, 166.1-166.3-cü maddələrinə əsasən belə nəticəyə gəlinir ki, büdcəyə ödənilməli ƏDV, Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəaları nəzərə alınmaqla təqvim ayı ərzində təqdim edilmiş malların (görülmüş işlərin və göstərilmiş xidmətlərin) dəyərindən hesablanan ƏDV məbləği ilə həmin ayda əldə edilmiş elektron vergi hesabfakturaları üzrə (idxalda gömrük bəyannamələri üzrə) Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Ay üzrə ƏDV dövriyyəsini isə vergi ödəyicisinə daxil olan pul vəsaitləri təşkil edir. Göründüyü kimi,, ay üzrə ƏDV dövriyyəsi vergi ödəyicisinə daxil olmuş pul vəsaitlərindən formalaşır ki, hazırda mübahisələndirilən 2022-ci ilin iyun ayı üzrə iddiaçının bank hesablarına əsasən daxil olmuş pul vəsaitləri 1 576 357,75 manat təşkil edir. Məhz bu səbəbdən də iddiaçının vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində “daxil olmuş” sütununda qeyd edilən məbləğ göstərilmişdir. Həmin məbləğdə pul vəsaitlərin daxil olmasını iddiaçıya aid olan bank hesablarından çıxarışlar bilavasitə təsdiq edir. Məhkəmə isə əsassız olaraq cavabdeh vergi orqanı ilə razılaşaraq belə hesab etmişdir ki, iddiaçının dövriyyəsi əvvəl operativ vergi nəzarət tədbiri çərçivəsində keçirilmiş son xronometrajın nəticəsindən az olduğu üçün iyun ayında da məhz həmin dövriyyə olmalıdır. Soncuncu 26 may - 9 iyun 2022-ci il tarixlərdə keçirilmiş və onun nəticəsi olaraq iddiaçının orta günlük dövriyyəsi 169 295,72 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh vergi orqanı orqanı bu nəticələri götürüb iddiaçıya əlavə vergi hesablasa da, nəzərə almamışdır ki, iddiaçının hər aylıq dövriyyəsinin demək olar ki, yarısı ixrac dövriyyəsi, yəni ƏDV 0% dərəcə ilə bağlı dövriyyə olmuşdur. Həmin dövriyyəyə görə ƏDV 0% dərəcə ilə olduğu əlavə vergilər hesablana bilməzdir. Başqa sözlə desək, xoronometraj ümumi gündəlik dövriyyəni, yəni həm ƏDV-li, həm də ƏDV-nin 0% dərəcə ilə dövriyyəsini müəyyən etmiş, lakin kameral vergi hesablama aparılanda qeyd edilən hal nəzərə alınmamışdır. ƏDV-nin 0% dərəcə ilə nəzərə alınmaması kameral ƏDV bəyannaməsindən görünür. Belə ki, iddiaçının təqdim etdiyi 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsinin 302-ci sətrinin “daxil olmuş” sütununda 315 025,30 manat məbləğ cavabdeh vergi orqanı tərəfindən kameral ƏDV bəyannaməsində dəyişdirilməmişdir ki, buradan da belə çıxır ki, ƏDV 0% dərəcə ilə dövriyyəsi nəzərə alınmamışdır. Çünki, əgər nəzərə alınsa idi həmin məbləğ də artırılmış olardı. Bundan başqa, xüsusi olaraq qeyd edilməlidir ki, VM-nin 50-1.2-ci maddəsinə görə Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. İddiaçı yeni xronometraj ilə bağlı ərizəni yalnız sonuncu xronometrajdan 1 ay sonra verə bilərdi ki, bu da o deməkdir ki, sonuncu xronometraj 9 iyun 2022-ci il tarixində yekunlaşmışdırsa, deməli yeni xronometrajla bağlı ərizə iddiaçı tərəfindən ən tezi 9 iyul 2022-ci il tarixində verilə bilərdi. Başqa sözlə desək, iyun ayında xronometrajın nəticələrinin pasivləşdirilməsi üçün iddiaçının hüquqi baxımından imkanı olmamışdır...” Cavabdeh isə apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin iddianın qismən təmin əsası kimi göstərdiyi, iddiaçının 30.102021-ci ildə qarşılıqlı əməliyyat apardığı, sonradan xx.xx.2021-ci ildə riskli vergi ödəyicisi elan olunmuş "xxxx" MMC-nin (VÖEN:**********)əməliyyat vaxtı riskli vergi olmaması barədə arqumenti və bu günə görə iddianın qismən təmin edilməsi barədə qərarə əsassızdır. İlk növbədə bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardığı əməliyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Məhkəmə məntiqi olaraq müəyyən etməli idi ki, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərar qəbul edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin nümayəndələri öz apellyasiya şikayətlərinə uyğun izahat verərək, hər biri şikayətinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1.13-cü maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. ... 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ... ; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; ... İş materiallarından görünür ki, cavabdeh vergi orqanının “Xronometraj metodu tlə müşahiədənin aparılması haqqında xx.xx.2022-ci il tarixli **********9474 saylı qərarına əsasən İddiaçı MMC-yə məxsus obyektdə xronometraj müşahidə aparılması qərara alınmış və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən dövr üzrə xronometraj metodu ilə aparlacaq müşahidə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır (İ.v.146-198, Müşahidə i.v.148.) İşdən görünür ki, iddiaçıya məxsus obyektdə xronometraj metodu ilə müşahidə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılmış və nəticələri üzrə xx.xx.2022-ci il tarixli 020249 nömrəli akt tərtib olunmaqla iddiaçının satış dövriyyəsi 2.200.844,38 manat olmaqla, orta günlük dövriyyəsinin (ixrac hissəsi ilə birlikdə) 169.295,72 (2.200.844,38/13=169.295,72) manat təşkil etdiyi müəyyən edilmişdir. 2022-ci ilin iyun ayı üzrə aylıq dövriyyəsinə əsasən ƏDV məbləği hesablanarkən ixrac dövriyyəsi (0 faiz dərəcə ilə ƏDV) də nəzərə alınmışdır ( 62-110; 133-134-cü, 150-198) Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 15.1.13-cü və 50-1.1.3-cü maddələrinə müvafiq olaraq yeni xronometraj müşahidənin keçirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmədiyi halda, 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsində, sonuncu xronometraj müşahidənin nəticələrini nəzərə anmadan, vergi orqanına təqdim etdiyi bəyannaməsində, sununcu xronometrajla hesablanmış dövriyyə azaldılaraq dövlət büdcəsinə ödənilməli olan vergi 65833,02 manat məbləğində bəyan edilmişdir. Qeyd olunanlara rəğmən cavabdeh vergi orqanı tərəfindən kameral yoxlama aparılmaqla, iddiaçının dövlət büdcəsinə 2022-ci ilin iyun ayı üçün ƏDV borcunun 270.349,49 manat məbləğində olduğu müəyyən edilmiş və aşkar edilmiş həmin uyğunsuzluqdan irəli gələrək Vergi Məcəlləsinin qeyd olunan 37.4, 37.5, 50-1.1 və 67.1.8-ci maddələrinin tələbləri qaydasında vergi orqanı tərəfindən ona 2022-ci ilin iyun ayı üçün “Vergilərin hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********877000 nömrəli qərarı ilə 204.516,47 (270.349,49- 65.833,02) manat əlavə dəyər vergisi hesablamışdır. Birinci instansiya məhkəməsi qərarından görünür ki, məhkəmə, cavabdehin mübahisələndirilən qərarı hesablanmış həmin vergini - 13.090,25 manat məbləğində hissəsində əsassız hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. İşdən görünür ki, birinci inmstansiya məhkəməsi prosessual qənaət prinsipini əsas tutaraq, icraatında olan, 2-1(112)-4616/2022 nömrəli başqa bir iş üzrə məhkəmə sorğusuna əsasən əldə olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş qərarın surətinə əsasən müəyyən etmişdir ki, konkret halda İddiaçı MMC xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq, 5(beş) elektron qaimə-faktura əsasında 72.723,60 manat (ƏDV 13.090,25 manat) metal qırıntısı aldığı halda, "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına həmin tarixdən sonra, yəni xx.xx.2021- ci il tarixdə daxil edilmişdir. Yəni, sözügedən beş qaimə üzrə əməliyyatlar İNŞAAT-1” MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilənə qədər artıq həyata keçirilmiş olmuşdur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcələnin qeyd olunan tələbi və işin sözügedən halları baxımından iddiaçının üzərinə mübahisələndirilən qərarla adıçəkilən 5 qaimə üzrə cavabdehin qərarı mübahisəlndirilən qərarı ilə 13.090,25 manat məbləğində ƏDV öhdəliyi qoyulması əsasızdır. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası, tərəflərin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsinin qərarının, müvafiq olaraq iddianın təmin edilən və rədd edilən hissələrində qanunsuz və əsassız olmasını, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2753/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-331/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-331/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver