Məhkəmə qərarları › İş №2-1(103)-331/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-331/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-331/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş və daha sonra azaldılmış əmək pensiyası məbləğinin əvvəlki (qanuni) səviyyəsinə, yəni əmək pensiyasının məbləğinə edilmiş əlavələr də nəzərə alınmaqla aylıq ən azı 2191,19 manat səviyyəsinə qaytarılması, iddiaçının pensiya məbləğindən pul vəsaitlərinin tutulmasının qanunsuz hesab edilməsi, iddiaçının pensiya məbləğindən tutulmuş, habelə gələcəkdə də tutulması nəzərdə tutulan pul məbləğlərinin birdəfəlik qaydada iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunun Zərkənd kəndində doğulmuşdur. xx.xx.1993-cü il tarixində müddətli həqiqi hərbi xidmətə çağrılmış, 1994-cü ilin iyul ayında isə Bakı Ali Hərbi Dənizçilik məktəbinə qəbul olmuşdur. 1998-ci ilin iyul ayında Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirmişdir. Elə həmin dövrdən xx.xx.2021-ci il tarixinədək 28 il 1 ay müddətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmiş və polkovnik- leytenant hərbi rütbəsi ilə ordu sıralarından xəstəliyə görə tərxis olunmuşdur. Beləliklə də xx.xx.2021-ci il tarixindən etibarən hərbi xidmətini başa vuraraq pensiyaya çıxmış, sonuncu artımla əlaqədar olaraq aylıq 2.190 AZN məbləğində pensiya almışdır. Həmçinin xx.xx.2022-ci il tarixindən etibarən AR Müdafiə Nazirliyinin Tibb İdarəsində dövlət qulluqçusu (hərbi deyil, mülki xarakterli vəzifəyə) kimi işə qəbul olunmuşdur. Qeyd edilən mülki xarakterli vəzifəninin icrası zamanı da əmək haqqı ilə birlikdə pensiyasını 2023-cü ilin may ayına qədər problemsiz şəkildə almağa davam etmişdir. 2023-cü ilin iyun ayında pensiya məbləği bank hesabına köçürülməmiş və bu səbəblə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xüsusi rütbəlilərlə pensiya şöbəsinə yaxınlaşmış və bu halın səbəbini öyrənməyə çalışmışdır. Vətəndaşa şifahi olaraq bildirilmişdir ki, pensiyaların dayandırılma səbəbi İddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyətini davam etdirməsi olmuşdur. Belə ki, dövlət qulluqçusu olduğu üçün əmək pensiyası 50 % miqdarında azaldılmış və indiyə qədər ona əmək pensiyasının 50 %-i miqdarında artıq ödənilmiş məbləğlər dövlət nəfinə tutulmaqdadır. Bununla razılaşmayan iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş və ona təyin edilmiş, lakin daha sonra azaldılmış əmək pensiyası məbləğini əvvəlki (qanuni) səviyyəsinə qaytarılmasına və ondan tutulmuş pul məbləğinin birdəfəlik qaydada qaytarılmasını və ümumilikdə pensiya hüququna dair pozulmuş bütün hüquqlarının bərpa və kompensasiya edilməsini tələb etmişdir. Cavabdehin 31 avqust 2023-cü il tarixli cavab məktubu ilə iddiaçının tələbi yerinə yetirilməmişdir. 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı və habelə Azərbaycan Ordusunda qüsursuz 25 il xidmətə görə Silahlı Qüvvələr veteranı adma layiq görülmüş və habelə cavabdeh orqanın da qəbul etdiyi kimi ümumilikdə 41 il 1 ay 13 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına sahib iddiaçının halhazırda hüquqları pozulmaqdadır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-11421/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 13 noyabr 2021-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 41 il 1 ay 13 gün xidmət müddətinə görə təminat xərcliyinizin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən verilmiş sorğuya cavab olaraq iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən daxil olmuş məlumatlara əsasən xidmətdən ehtiyata buraxıldıqdan sonra 21 fevral 2022-ci il tarixindən Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi işlədiyi bildirilib. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Lakin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işə qəbul edilməyi ilə bağlı Mərkəzi Filiala hər hansı məlumat daxil olmayıb. Qanunun 37.3.1- ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4- cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, cari ilin iyun ayında iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiyasının (1991,99 manat) sığorta hissəsi tam (175,99 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1991,99- 175,99=1816,00x50%=908,00 manat) olmaqla ümumilikdə 1083,99 (175,99+908,00) manat məbləğində (xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 945,07 manat olmaqla) hesablanıb. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 13950,81 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 13950,81 manat vəsait cari ilin iyul ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1192,39 manat müəyyən edilib. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023- cü il tarixli qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia “tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” hissəsində təmin edilmiş, cavabdehin İddiaçı pensiya məbləğindən tutulmalar aparması qanunsuz hesab edilmiş və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 1736,70 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3- 7-11421/2023 “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, dövlət qulluğuna qəbul olması ilə əlaqədar iddiaçının pensiya məbləği 2191,19 manatdan 1192,39 manata endirilmişdir. - “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 1364,976 manat olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5- ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1- ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-11421/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi;

2. Tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin ikinci hissəsi - “Tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” hissəsində təmin edilmiş, qərar bu hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi hazırkı apellyasiya baxışının predmetini iddia tələbinin rədd edilmiş hissəsi – “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-11421/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi” təşkil edir. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (... 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə...) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd edilən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş (hərbi qulluqçu) şəxs kimi, həmin qanunun 20.1.8-ci maddəsində (dövlət qulluqçusu) göstərilən vəzifədə çalışan iddiaçıya qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində ödənilməsi qanunun 37.3.4-cü maddəsinə uyğundur. Kollegiya iddiaçının dəlil kimi göstərdiyi onun hərbi vəzifə üzrə deyil, mülki vəzifədə çalışması ilə bağlı əsası ilə bağlı qeyd edir ki, iddiaçı qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə, yəni hərbi vəzifədə (20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışsa ona həmin əlavənin ödənilməsi dayandırılacaqdı. Hərbi vəzifə olmadığından 50 faiz həcmində ödənilir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar