Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3310/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3310/2023 (Açar sözlər:“ sosial müavinətin ödənilməsi”) Bakı şəhəri 28 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının övladları X2 (xx.xx.2006-cı il təvəllüd) və X5 (xx.xx.2008-ci il xx.xx.2017-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır.
2. X1 təkrar müayinə əsasında xx.xx.2020 - xx.xx.2024-cü il tarixədək və X4 isə xx.xx.2020 - xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir.
3. İddiaçının iddia etdiyi xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə sosial müavinətin ödənilməsindən imtina olunmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilirdi. Qeyd olunan maddənin tələblərinə əsasən övladlarınız X2 və X5 xx.xx.2017-ci il tarixindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən M.Fərzəliyevin təkrar müayinə əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək və D.Fərzəliyevin isə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanlara əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində övladlarınız M.Fərzəliyevin və Ə.Fərzəliyevin sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2020-ci il tarixində) müəyyən olunduğu üçün ərizənizdə qeyd etdiyiniz ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən 26.11,2020-ci il tarixinədək) müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sosial müavinətin ödənilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, 24 may 2006-cı il təvəllüdlü X6 və 17 iyun 2008-ci il təvəllüdlü X7 iddiaçının övladlarıdır. İddiaçının oğlu X6 anadangəlmə “Generolizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, antikonvulsant müalicə fonunda qıcolmalar gündə 12-14 dəfə. Yüngül dərəcəli əqli gerilik. Fizioloji inkişafın ləngiməsi. Skolioz, İİİ dərəcəli C-vari lumbar skolioz. Miopiya, Görmə zəifliyi” diaqnozu, digər oğlu X7 “Generolizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, antikonvulsant müalicə fonunda qıcolmalar gündə 12-15 dəfə.” diaqnozu ilə xəstədir. İddiaçının övladlarının 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sağlamlıq imkanları qiymətləndirilərək 21 iyun 2017-ci il tarixindən 17 iyun 2020-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaqlar kimi müavinət təyin edilmişdir. Həmin dövrlər üzrə üç il müddətində 2017-ci ilin iyun ayından 30 sentyabr tarixinədək uşaqlara sosial müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən azyaşlı uşaqları sağlamlıq imkanları yenidən qiymətləndirilərək iddiaçıların övladlarının 27 noyabr 2020-ci il tarixindən 27 noyabr 2024-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, 01 dekabr 2020-ci il tarixdən sosial müavinətin ödənilməsinə başlanılmışdır. Lakin qanunvericiliyin tələblərinin zidd olaraq 2020-ci ilin oktyabr və noyabr ayları üzrə sosial müavinətlər ödənilməmişdir. Bununla əlaqədar olaraq, 2023-cü ilin fevral ayının əvvəllərində iddiaçı cavabdehə müraciət edərək, sağlamlıq imkanları məhdud azyaşlı uşaqlara 2020-ci ilin oktyabr və noyabr ayları üzrə sosial müavinətlərin ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir.
7. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. “Əlillik” altsistemində olan məlumata əsasən Mehdi Fərzəliyevin təkrar müayinə əsasında xx.xx.2020 - xx.xx.2024-cü il tarixədək və Əli Fərzəliyevin isə xx.xx.2020 - xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə X2 və X5 ödənilməyən sosial müavinətin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi X2 və X5 münasibətdə TSEK tərəfindən əlilliyinin qiymətləndirilmə tarixi xx.xx.2020-ci ildir. Eyni zamanda inzibati icaraat metariallarına əlavə edilmiş sistemdən çıxarışa əsasən X2 və X5 “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” ödənilən aylıq müavinətin təyinat tarixi əlilliyin qiymətləndirilmə tarixi ilə eynilik təşkil edir (xx.xx.2020-ci il). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Lakin həmin norma xx.xx.2021-ci il tarixdə Qanuna əlavə olunmuşdur. İddiaçının X2 və X5 ödənilməyən sosial müavinətin ödənilməsini iddia etdiyi xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə qeyd olunan norma qüvvədə olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə sosial müavinətin ödənilməsi zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsi qüvvədə olmamışdır. Belə ki, həmin Qanuna 3.3-1-ci maddəsi xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal müəyyən olunmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini və apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: . 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. . 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22.Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır. 25.Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassızdır.
26. Belə ki, hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur:
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının övladları X2 (xx.xx.2006-cı il təvəllüd) və X5 (xx.xx.2008-ci il 01 07.2017-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi ilə əlaqədar sözügedən müavinətin ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır.
28. “Əlillik” altsistemində olan məlumata əsasən M.D.Fərzəliyevin təkrar müayinə əsasında xx.xx.2020-xx.xx.2024-cü il tarixədək və Ə.D.Fərzəliyevin isə xx.xx.2020xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq onlara proaktiv qaydada sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət təyin edilmişdir.
29. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə X2 və X5 ödənilməyən sosial müavinətin hesablanaraq ona ödənilməsini xahiş etmişdir və birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qərar qəbul etmişdir.
30. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin olunaraq ödənilir.
31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun tələblərinə görə (Bu qərarın 18-ci bəndi) şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
32. İş materiallarından göründüyü kimi X2 və X5 münasibətdə TSEK tərəfindən əlilliyinin qiymətləndirilmə tarixi xx.xx.2020-ci ildir. Eyni zamanda inzibati icaraat metariallarına əlavə edilmiş sistemdən çıxarışa əsasən X2 və X5 “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” ödənilən aylıq müavinətin təyinat tarixi əlilliyin qiymətləndirilmə tarixi ilə eynilik təşkil edir (xx.xx.2020-ci il).
33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Lakin qeyd etmək lazımdır ki, 3.3-1-ci norma xx.xx.2021-ci il tarixdə Qanuna əlavə olunmuşdur. İddiaçının X2 və X5 ödənilməyən sosial müavinətin ödənilməsini iddia etdiyi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə qeyd olunan norma qüvvədə olmamışdır.
34. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normasına və mövcud məhkəmə praktikasına əsaslanaraq (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1388/2023 nömrəli qərarı) qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər.
35. Azərbaycan Respublikası Konstitusiyasının müddəaları sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir....
36. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan göründüyü kimi, xx.xx.2021- ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
37. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir.
38. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir.Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir.
39. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.
40. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir.
41. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir.
42. Beləliklə də, Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.