Məhkəmə qərarları › İş №2-1(103)-3310/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3310/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3310/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Torpaq sahəsi ayrılması haqqında sərəncamına əsasən ona Xətai rayonu, M.Hadi küçəsindəki 2944-cü məhəllədə bərbərxana tikintisi üçün torpaq sahəsi ayrılmış, bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin xx.xx.1998-ci il tarixli 10451 nömrəli torpaq sahəsi ayrılmasına dair inşaat pasportu tərtib edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktub ilə ərizəsini təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi olaraq bildirilmişdir ki, texniki baxış keçirilən zaman qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçüləri ilə faktiki ölçülərində uyğunsuzluq olduğu aşkar olunmuşdur (layihəyə əsasən qeyri-yaşayış binasının ümumi sahəsi - 84.48 kv.m, faktiki sahə - 64.0 kv.m). Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binası yaşayış binalarının ümumi istifadə olunan ərazisində yerləşir. Həmçinin, tikintiyə icazə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən tikinti obyektinin istismarına icazə təqdim olunmamış, bundan başqa, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənmiş layihə və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir Hesab edir ki, imtina qanunsuz və əsassızdır...” Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuş və İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944- cü məhəllə, 88 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binası yaşayış binalarının ümumi istifadə olunan ərazisində yerləşir. Qeyri-yaşayış binasına dair tikintiyə icazə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən tikinti obyektinin istismarına icazə təqdim olunmamışdır. Bundan başqa, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənmiş layihə və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçüləri ilə faktiki ölçülərində uyğunsuzluq olduğu aşkar olunmuşdur (layihəyə əsasən qeyri-yaşayış binasının ümumi sahəsi – 84.48 kv.m, faktiki sahə - 64.0 kv.m). Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları üzrə araşdırma aparıldıqda aşağıdakılar müəyyən edilir: -Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 411 nömrəli sərəncamından görünür ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli İh-118 nömrəli məktubu nəzərə alınaraq, Xətai rayonu, M.Hadi küçəsindəki 2944-cü məhəllədə “Pərviz” kiçik müəssisəsinin nəzdində şəhid atası İddiaçı bərbərxana tikintisi üçün torpaq sahəsi ayrılmış; - Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin xx.xx.1998-ci il tarixli 10451 nömrəli “Pərviz” kiçik müəssisəsinin nəzdində şəhid atası İddiaçı Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə bərbərxana tikintisi üçün torpq sahəsi ayrılmasına dair inşaat pasportundan görünür ki, 0,0018 ha torpaq sahəsi ayrılmış, sahə cənubdan, şimaldan və qərbdən boş torpaq sahəsi, şərqdən məhəllədaxil yol ilə əhatə olunmuşdur, sahədə yaşıllıq, tikili və qurğular yoxdur. Torpaq sahəsinin ayrıc aktı xx.xx.1998-ci ildə tərtib edilmiş, xx.xx.1998-ci il tarixli Bakı şəhər Sanitariya və gigiyena mərkəzinin və xx.xx.1998-ci il tarixli DİN-in Baş yanğından mühafizə idarəsinin məktubları ilə razılaşdırılmış; -xx.xx.2021-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mütəxəssislər tərəfindən daşınmaz əmlak Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşir və hüquqmüəyyənedici sənəd üzrə (layihəyə əsasən) ümumi sahəsi 84,48 kv.metr, tikintialtı sahəsi 53,76 kv.metr, faktiki sahəsi 64,0 kv.metr, tikintialtı sahəsi isə 42,24 kv.metr təşkil etdiyi, qeyri-yaşayış binasının faktiki ölçüləri layihədən bir qədər fərqli olduğu müəyyən edilmiş; - Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli, 4866 nömrəli müqaviləyə əsasən “İcarəyəverən” adlandırılacaq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfdən “İcarəçi” adlandırılacaq İddiaçı həmin Xidmətin xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı icarəyə verən tərəfindən qeyri-yaşayış binasının yerləşdiyi 54.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmiş, - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2020-ci il tarixli, Ö/003627 nömrəli istismara hazırlıq aktına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 411 nömrəli sərəncamı əsasında sifarişçi İddiaçı tikintisinə icazə verilmiş Xətai rayonu, M.Hadi küçəsi 86, 2944-cü məhəllədə 1 mərtəbəli zirzəmili qeyri-yaşayış binasında tikinti quraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilməsi təsdiq edilmiş və tikinti xx.xx.1998-ci ildə başlanmış, xx.xx.1998- ci ildə qurtarmış; - Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 08 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Xətai rayonu, Məhəmməd Hadi 86 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd olunan 8.0.9.2c-i maddəsinin tələbindən də göründüyü kimi, xx.xx.2013-cü il tarixədək tikilimiş qeyri yaşayış binalarına hüququn qeydə alınması üçün aşağıdakı sənədlərin təqdim edilməsini zəruri hesab etmişdir:

1. Torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd. Bununla bağlı iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 411 saylı sərəncamını və Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 4866 nömrəli icarə müqaviləsi təqdim etmişdir.

2. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə. Bununla bağlı iddiaçı obyektin 2013-cü il tarixdə tərtib edilib təsdiq olunmuş işçi layihəcizgilərini təqdim etmişdir.

3. Müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin qeyd edilən xx.xx.1998-ci il tarixli 411 saylı sərəncamı ilə torpaq sahəsi iddiaçıya bərbərxananın tikintisi üçün ayrılması qeyd olunan icazəni ehtiva etmiş hesab edilir.

4. İstismara qəbul aktı – iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2020-ci il tarixli, Ö/003627 nömrəli istismara hazırlıq aktını və Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli tikinti obyektinin istismarına icazə sənədini təqdim edilmişdir. Belə ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 saylı Fərmanının 1- ci hissəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir. 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, qanunverici Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş qeyri-yaşayış sahələrinə münasibətdə Fövqəladə Hallar Nazirliyinin obyektin istismara hazırlığı barədə rəyi əsasında yerli icra hakimiyyəti orqanının həmin obyektin istismarına icazə verilməsini təsbit etmişdir ki, iddiaçı tərəfindən də məhz, həmin sənədlər cavabdehə təqdim edilmişdir. Odur ki, qeyd olunanlar baxımından iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdeh orqana təqdim etdiyi, bununla da həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olduğu sübuta yetirilir. Lakin cavabdehin imtinasının əsaslarından göründüyü kimi, qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçülər ilə faktiki ölçülərində uyğunsuzluq olmasına; binanın yaşayış binalarının ümumi istifadə olunan ərazisində yerləşməsinə; tikintiyə icazə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən tikinti obyektinin istismarına icazənin təqdim olunmadığına istinadən, qeydiyyatdan imtina etmişdir. Halbuki, qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçülər ilə faktiki ölçülərində uyğunsuzluq olması onun istismarına təsir etməmiş, səlahiyyətli orqan aktı ilə bu halı təsdiq etmiş, iddiaçı layihədə göstəriləndən artıq deyil, əksik ölçüdə tikili inşa etmiş, obyektin binalarının ümumi istifadəsində olunan ərazidə yerləşməsinə gəldikdə isə iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.1998-ci il tarixli 411 saylı sərəncam qüvvədədir. Digər tərəfdən, xx.xx.1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi nəzərədə tuturdu ki, umumi istifadədə olan torpaqlar ticarət çadırlarının, köşklərin, dükanların, pavilyonların və s. quraşdırılması üçün müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verilir. Başqa sözlə, bərbərxananın cavabdehin mübahisəlndirdiyi ərazidə yerləşməsi qanunvericiyiə zidd hesab olunmur. Beləliklə də, mübahisəli qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatı barədə iddiaçı tərəfindən cavabdeh orqana müraciət olunan hüququn qanuna əsasən dövlət qeydiyyatına alınmalı hüquq olduğu öz təsdiqini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsində isə təbit olunur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina olunur. Konkret halda isə sözügedən Qanunun nə sözügedən 15.1.1-ci, nə də ki 15.1.2-15.1.6-cı maddələrində nəzərdə tutulan, imtinaya əsas olan hallar mövcud deyildir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iddianın təmin olunması barədə gəldiyi nəticə sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-174/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar