Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3311/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9362/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı mübahisələndirmə haqqında iddia (İPM m.32.1.) ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası ödənilir. Lakin o, pensiya təyin olunduqdan sonra da, xx.xx.2006-cı il tarixdən bu günədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitaı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdehin işə əlavə olunmuş həmin imtina məktubunda imtinanın səbəbini onunla əsaslandırır ki, iddiaçının əmək pensiyası onun müraciəti əsasında, fərdi hesabında qeydə alınmış 14600,28 manat məbləğində sığorta kapitalı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci ələbləri qaydasında yenidən hesablanaraq pensiyasına 180,25 manat əlavə olunmuş və Qanunun 29,2-ci maddəsinə müvafiq həmin artım qədər azaldılmışdır. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 23 dekabr 2005-ci il tarixində xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 847,71 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,31 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavə - 604,40 manat. Qeyd olunanları nəzərə alaraq, 14600,28 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 81 (14600,28:81 (65 il-64 il 3 ay=9 ay+(144 ay-72 ay)=180,25 manat) aya bölünərək əmək pensiyansının sığorta hissəsinin (234,31 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyanın sığorta hissəsi 423,56 (243,31+180,25) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (604.40 manat) həmin artımlar qədər (180,25 manat) azaldılıb. Hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 423,56 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 424,15 (604,40-180,25) manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9362/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual və maddi pozuntulara yol verməsi səbəbindən qərar ləğv edilməlidir. Belə ki, “iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 23 dekabr 2005-ci il tarixində xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası ona 847,71 manat məbləğində olmaqla ödənilib. Onun fərdi hesabında qeydə alınmış 14600,28 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 81 (14600,28:81 (65 il-64 il 3 ay=9 ay+(144 ay-72 ay)=180,25 manat) aya bölünərək əmək pensiyansının sığorta hissəsinin (234,31 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyanın sığorta hissəsi 423,56 (243,31+180,25) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (604.40 manat) həmin artımlar qədər (180,25 manat) azaldılıb. Hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 423,56 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 424,15 (604,40-180,25) manat təşkil edir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İddia ərizəsinə, iddiaçının pensiya işinə dar sənədlərdən çıxarışlara, habelə, cavabdehin iddiaçıya ünvanlanımş imtina məktubuna, iddia ərizəsinə etirazına və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçıya xidmət illərinə görə pensiya 23 dekabr 2005-ci il tarixində əmək pensiyası təyin olunduğu və onun pensiyaya çıxdıqdan sonra da bu günə qədər işlədiyi və fərdi hesabının sığorta hissəsində 14600,28 manat məbləğində sığorta kapitalı qeyd alındığı işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə (i.v.33) onun yenidəq hesablansa da pensiyasında heç bir artım baş verməmişdir. Belə ki, ilk öncə, Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq olunmaqla, fərdi hesabında qeydə alınmış 14600,28 manat sığorta kapitalı nəzərə alınmaqla, əmək pensiyasına 180,25 manat vəsait əlavə olunsa da, eyni zamanda, həmin Qanunun 29.2-ci maddəsinə müvafiq həmin artım qədər pensiyanın məbləği azaldılmış qədər azaldılmışdır. Yəni, cavabdehin öüz tərəfindən də təsdiq olunur ki, sğıorta kapitalına görə iddiaçının pensiyasında heç bir artım baş verməmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı cavabdehin həmin qərarının ləğv edilməsini və fərdi hesabında yığılmış həmin pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının azaldılmamaqla yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 29.2 və 45-ci maddələrinin tətbiqində israrlı olaraq hesab edir ki, qərar əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılra görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına əsasən: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); ...;
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. ( maddəyə əlavə edilən bu əlavə 29 iyun 2022-ci il il tarixən qüvvəyə minmişdir).” Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsi baxımından, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd normalarının iddiaçıya münasibətdə tətbiq edilməklə onun pensiyasının fərdi hesabında yığılmış pensiya kapitalına görə yenidən hesablanmalıdır. Ən azından onu demək olar ki, pensiya qanunvericiliyi ilə pensiyaya çıxmış şəxslərə, onların sonrakı əmək fəaliyyətləri nəticəsində ödədikləri məcburi sosial sığorta haqlarını əmək pensiyasına əlavələr şəklində özlərinə qaytarmaq üçün hüquqi imkan yaradılmışdır. Konkret halda isə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, iddiaçının pensiyasını sığorta kapitalına müvafiq artırıb, həmin miqdarda da azaltmaqla, faktiki olaraq onun fərdi hesabında yığılmış sığorta kapitalını silərək sıfırlamış olur ki, bu da onun qanunla qorunan pensiya hüququnun pozulmasıdır. Belə olan halda, İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9362/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 32, 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9362/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.