Məhkəmə qərarları › İş №2-1(103)-3312/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3312/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3312/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3898/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı məcburetmə haqqşında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1993 xx.xx.1998-ci illər arasında döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1971-ci il tarixində anadan olmuş, erməni işğalçıların torpaqları qanunsuz ələ keçirməsi nəticəsində ölkənin ərazi bötüvlüyü uğrunda İ Qarabağ müharibəsində iştirak etmək üçün müharibəyə könüllü yollanmış və xx.xx.1993-cü il tarixdən Baş Mühafizə İdarəsinin 06 iyul 1993-cü il tarixli, 126 ş/h saylı əmri ilə daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmətə başlamışdır. Xidmətini xx.xx.1998-ci il tarixinədək orada davam etdirmiş və müharibə şəraitinin neytrallaşması nəticəsilə Baş Mühafizə İdarəsinin 29 avqust 1998-ci il tarixli, 293 ş/h saylı əmri ilə daxili işlər orqanlarında xidmətindən xaric edilmişdir. Xidmət etdiyi dövr ərzində 10 (on) gün müddətinə Ağdam şəhərinə ezam olunmuşdur (29 saylı ezamiyyət vərəqəsi, xx.xx.1994-cü il tarixdə). Ümumi imtiyazlı hesablama ilə 10 il, 10 ay, 29 gün xidmət müddəti müəyyən edilmişdir. Ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı o Azərbaycan X1 Birliyinin üzvü olmuşdur. Cavabdehə müraciət edərək, adına yeni müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh ilkin olaraq ona arxiv məlumatlarında ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakının müəyyən edilmədiyini bildirmişdir…» Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Arxiv məlumatlarına əsasən İddiaçı ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmiş, Ağdam şəhərinə ezam olunması isə atəşkəsdən sonrakı- xx.xx.1994-cü il tarixə təsadüf etdiyindən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün olmamışdır. …» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3898/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İş üzrə çıxarılan qərar tam qanunsuz və əsassızdır. Belə ki, hazırkı iş üzrə məhkəmə faktiki olaraq heç bir araşdırma aparmadan, aylarla məhkəmə iclasının vaxtını uzatmış, yekunda isə cəmi bir məhkəmə iclasına işin faktiki halları nəzərə almadan yekun qərar çıxarmışdır. O, cavabdehə müraciət edərək, adıma yeni müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmiş,cavabdeh ilkin olaraq mənə arxiv məlumatlarında ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakımın müəyyən edilmədiyini bildirmiş, daha sonra AR DİN Baş Mühafizə İdarəsinin müraciətimə əsasən verilmiş xx.xx.2019-cu il tarixli arayışı cavabdehə təqdim edərək, adına müharibə veteranı vəsiqəsinin verilməsinə dair təkrar müraciət etmiş, cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətimə imtina vermişdir. Göründüyü kimi, mənim müharibə dövründə iştirak etməyim sənədlər əsasında da öz təsdiqini tapır. Mübahisənin həllinin yalnız məhkəmə qaydasında mümkünlüyünü görərək, iddia qaydasında məhkəməyə müraciət etsə də, ədalət mühakiməsi faktiki olaraq heç bir addım atmamış və nəticədə heç bir iş görməmişdir. Birinci instansiyası məhkəməsi həqiqəti müəyyən etmək və çəkişmə prinsipini qorumaq əvəzinə, qanunvericliyin tələblərini ciddi şəkildə pozaraq qanuna zidd qərar çıxarmışdır. Cavabdeh isə hüquqdan sui-istifadə edərək, birinci instansiya məhkəməsində iddiama əsassız etiraz vermiş, birinci instansiyası məhkəməsi isə cavabdehin heç bir əsaslı sübutunun olmamasına baxmayaraq sanki cavabdehin vəkili kimi çıxış edərək, onun xeyrinə nəticələndirərək, mənim hüquqlarımı pozmuşdur. Belə ki, mən xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək xidmətimi daxili işlər orqanlarında polis nəfəri vəzifəsində davam etdirmişdir. Buna dair əlimdə olan sənədləri də məhkəməyə təqdim etmişəm. belə ki, mənə veteranlıq vəsiqəsi verilsə də mən vəsiqəmi ititmişəm və onun yenidən mənə verilməsini, yəni bərpa edilməsini xahiş etmişəm. Qeyd olunanlara baxmayaraq, məhkəmə iş üzrə çıxardığı xx.xx.2024-cü il tarixli, 2-1(112)-3898/2024 saylı qərarı ilə cavabdehin xeyrinə qərar çıxaraq iddia tələbimi təmin etməmişdir. Hesab edir ki, cavabdeh öhdəliklərindən yayınmaq və işi uzatmaq məqsədilə qanunsuz etiraz etmiş, məhkəmə də hansısa maraqlardan irəli gələrək, faktiki olaraq məni konstitusiyon hüquqümdan məhrum edərək, əsassız qərar çıxarmışdır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi)”. Qeyd olunan təminatın əsas mahiyyəti həm də ondan ibarətdir ki, işə baxan məhkəmə yalnız qanunla nəzərdə tutulan səlahiyyət çərçivəsində hərəkət etməlidir. Bu tələb həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin müddəalarından da irəli gəlir. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin bu tələblərini pozmuş, işin obyektiv və hərtərəfli araşdırılması ilə bağlı heç bir hüquqi hərəkətlər etməmişdir. Cavabdeh isə hüquqdan sui-istifadə edərək, müxtəlif bəhanələrlə öz öhdəliklərindən yayınmağa çalışmışdır. Bakı İnzibati Məhkəməsi qərar çıxararkən maddi və prosessual normaları düzgün tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız "veteranlar haqqında" AR Qanununun 7-ci maddəsinə əsaslanmış, normaya hüquqi qiymət verməmiş və açıqlamamış, eyni zamanda cavabdehin əsassız etiraz məqsədli qeydləri əsas tutaraq qərar çıxarmışdır. Bununla da, məhkəmə baxışının çəkişmə və digər prinsiplərini ciddi şəkildə pozulmuşdur. Məhkəməsinin hazırkı iş üzrə qərarından görünür ki, cavabdeh və onun nümayəndəsi etirazını əsaslandırmamış, iddia tələbimin rədd olunmasına dair heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəmə nəinki iş üzrə müəyyən edilmiş həqiqi halları araşdırmış, hətta qərəzli şəkildə tam ziyanıma qərar qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).Hesab edirəm ki, qərar ləvğ edilməlidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən işə tam, hərtərəfli və obyektiv baxılaraq, iddia tələbimin təmin olunmasına dair yekun qərar çıxarılmalıdır. Mən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsində iştirak etmək üçün könülü olaraq müharibəyə yolanmışam və xx.xx.1993cü il tarixdən Baş Mühafizə İdarəsinin xx.xx.1993-cü il tarixli, 126 ş/h saylı əmri ilə daxili işlər orqanının polis nəfəri vəzifəsində xidmətdə olmuşam. Xidmətdə olduğum dövr ərzində 10 gün müddətinə də Ağdam şəhərində ezam da olmuşam. Ümumi imtiyazlı hesablama ilə 10 il, 10 ay, 29 gün xidmət müddətim müəyyən edilmişdir və bununla bağlı 29 saylı ezamiyyət vərəqəsini məhkəməyə təqdim etmişəm. Bundan başqa, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyimə görə mən AR X1 Birliyinin üzvlüyünə qəbul edilmişəm və bununla bağlı vəsiqəm də vardır. Məhkəmə isə faktiki olaraq heç bir araşdırma aparmadan, mənim məhkəməyə təqdim etdiyim sənədlərə əhəmiyyət vermədən öz mülahizəsinə uyğun olaraq qərar çıxarmışdır…» Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında iddiaçının atəşkəsdən sonra 1994-cü ilin iyul ayında cəmi 10 gün Ağdam rayonuna ezam olunduğunu, həmin müddətdə arxa təminat işlərini yerinə yetirdiyini və heç bir hərbi əmliyyatın iştirakçısı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı adı - hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar və hərbi biletlər o halda müharibə vetiranı adının verilməsi üçün əsas ola bilər ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmiş olsun. İşə əlavə edilmiş cavabdehin xx.xx.2019-cu il tarixli, 038-4222-12-19 nömrəli arayışına əsasən iddiaçı 06 iyul 1993-cü il tarixdən (06 iyul 1993-cü il tarixli 126ş/h saylı əmri) 29 avqust 1998-ci il tarixədək (Baş Mühafizə İdarəsinin 29 avqust 1998-ci il tarixli 293ş/h saylı əmri) daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmiş və 29 avqust 1998-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmət etdiyi müddət ərzində 04 iyul 1994-cü il tarixdə (29 saylı ezamiyyət vərəqəsi) 10 (on) gün müddətinə Ağdam şəhərinə ezam olunmuşdur. Xidmət müddəti təqvimi hesablama ilə 07 il, 01 ay, 04 gün (yeddi il, bir ay, dörd gün), imtiyazlı hesablama ilə 10 il, 10 ay, 29 gün (on il, on ay, iyirmi doqquz gün) müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-23/2-1089/2024 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən vətəndaş İddiaçı ölkənin azadlığı uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və xəsarət alması barədə qeydiyyat aşkar olunmamış, sonuncunun 10 gün müddətinə Ağdam şəhərinə ezam olunması isə atəşkəsdən sonrakı xx.xx.1994-cü il tarixinə təsadüf etmişdir. Konkret halda iddiaçı xidmət etdiyi dövr ərzində, xx.xx.1994-cü il tarixdə sözügedən 10 (on) gün müddətinə Ağdama ezam olunmasına istinad edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmişdir. Halbuki, adıçəkilən «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin qeyd olunan müddasında ifadə olunan tələbindən göründüyü kimi, şəxsə 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün iki şərtin mövcudluğu tələb olunur:

1. Şəxsin döyüş zonasında bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi;

2. Döyüş əməliyyatları ilə əlaqədar onun xəsarət (yaralanma, travma, kontuziya) alması. Konkret halda isə iddiaçının 1994-cü ilin 12 may tarixindən sonra, yəni, xx.xx.1994-cü il tarixində 10 gün müddətinə döyüş bölgəsinə (Ağdam rayonu) ezam olunmuş və həmin dövrdə də onun döyüş əməliyyatlarında xəsarət alması faktı müəyyən edilmir ki, bütün bu hallar nə iddiaçı, nə də cavabdeh tərəfindən işin mübahisələndirilməyən halların təşkil edir. Beləliklə də, İPM-in 14.3-cü maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən ona müharibə veteran adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, cavabdeh tərəfindən ona veteran adı və vəsiqəsinin verilməsindən imtina olunmasının qanuni və əsaslı olduğu öz təsdiqini tapır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya qərarından da məhz görünür ki, məhkəmə haqlı olaraq, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının tələbini rədd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında gəldiyi həmin nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadığını, qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3898/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3898/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar