Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3314/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs qismində N saylı hərbi hissə cəlb olunmaqla) “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1083/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı əsasında Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək N №-li hərbi hissədə Təşkilat Səfərbərlik şöbəsinin nizami bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Məlum olduğu kimi N №-li hərbi hissənin aparatının şəxsi heyəti Müdafiə Nazirinin 062 №-li xx.xx.2021-ci il tarixli əmrlə döyüş əməliyyatlarına cəlb olunmuş hesab edilmişdir. Onun sənədləri müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi məqsədi ilə xidmət etdiyi N №-li hərbi hissə tərəfindən Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilmişdir. Lakin adıçəkilən komissiya tərəfindən sənədləri Nazirlər Kabinetinə göndərilməmişdir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsi xahişi ilə cavabdehə və N №-li hərbi hissəyə etibarnamə üzrə nümayəndəsi vasitəsilə müraciət etmişdir. Xidmət keçdiyi N №-li hərbi hissədən müraciətinə verilmiş N №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, vətəndaş İddiaçı 44 günlük “Vətən Müharibəsi” dövründəki fəaliyyəti nəzərə alınaraq N №-li hərbi hissənin “Vətən Müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiyası tərəfindən sənədləri tələb olunan nümunələrə uyğun tərtib edilərək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixli, 3278 №-li məktubla “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya təqdim edilmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi tərəfindən müraciəti cavablandırılmamış və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3395/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2018-ci il tarixli əmrindən olan çıxarışında qeyd edilmişdir ki, kapitan İddiaçı, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2018-ci il tarixli, 046 nömrəli əmri ilə Təşkilat-Səfərbərlik şöbəsinin nizami bölməsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Kürdəmir rayonu) gəlmiş hesab edilməsi, xx.xx.2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlanılması əmr edilmişdir. -Müdafiə nazirinin müavini - hərbi hava qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmrində qeyd edilmişdir ki, Hərbi Hava Qüvvələrinin X10 üzrə mayor İddiaçı, təyin olunmuş qrupların tərkibindəki heyətlər “Hərbi Hava Qüvvələri üzrə idarə heyətinin döyüşü idarəetmə qruplarının tərkibi və vəzifələri”nə uyğun fəaliyyətlərə cəlb olunması əmr edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 296 nömrəli əmrindən olan çıxarışda qeyd edilmişdir ki, şəxsi heyət idarəsinin (A1) nizami bölməsinin rəisi mayor İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0656 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 2023-cü ilin hesabından qalan 60 gün müddətinə məzuniyyət verilməklə xx.xx.2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün SHXÇDX-nin Səbail rayon İdarəsinə göndərilmişdir. - “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs barədə arayış-məlumatda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09- xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 0247 nömrəli əmri ilə HHQ-nin X5 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. İşin hallarından görünür ki, iddiaçının ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə xidmət keçdiyi N №-li hərbi hissə tərəfindən N №-li, xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək qeyd edilir ki, vətəndaş İddiaçı 44 günlük “Vətən Müharibəsi” dövründəki fəaliyyətini nəzərə alınaraq N №-li hərbi hissənin “Vətən Müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiyası tərəfindən sənədləri tələb olunan nümunələrə uyğun tərtib edilərək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixli, 3278 №-li məktubla “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya təqdim edilmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi tərəfindən müraciəti cavablandırılmamış və nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olması ilə bağlı mövqeyini onunla əsaslandırır ki, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının Hərbi Hava Qüvvələrinin X6 döyüş hesabatına əsasən tam döyüş heyətlərinin tərkibində fasiləsiz fəaliyyət göstərməsi, döyüş fəaliyyəti şəraitində hərbi hissənin kargüzarlığının tam döyüşə hazır olmasını həyata keçirməsi, X7 nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının qrupunun tərkibində aparılmış əməliyyatlarda iştirak etməsi, Hərbi Hava Qüvvələrinin komandanının döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri verinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “...şəxsi heyətinin uçotu ilə əlaqədar iddiaçının apardığı iş komandanının döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıqlarının və göstərişlərinin icra edilməsindən kənarda qala bilməz, şəxsi heyətin uçotunun aparılması ümumiyyətlə ən mühüm işlərdən sayılmalıdır. Apellyasiya məhkəməsi öz qərarında, yuxarıda artıq göstərildiyi kimi, qeyd edir ki, “iddiaçı döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verilən tapşırıqları və göstərişləri yerinə yetirsə də, həmin bu tapşırıqları və göstərişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 saylı Qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə deyil, Bakı ərazisində yerinə yetirmişdir”. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında yazılan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, işin təsdiqini tapmış hallarına əsasən xx.xx.2020-ci il tarixli, 0247 nömrəli əmrinə əsasən Hərbi Hava Qüvvələrinin X10 üzrə mayor İddiaçı təyin olunmuş qrupların tərkibindəki heyətlər “Hərbi Hava Qüvvələri üzrə idarə heyətinin döyüşü idarəetmə qruplarının tərkibi və vəzifələri”nə uyğun fəaliyyətlərə cəlb olunması əmr edilmişdir. N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09 - xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 0247 nömrəli əmri ilə HHQ-nin X5 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. Yeri gəlmişkən, apellyasiya məhkəməsi də qərarında bu faktı təsdiq edir. Lakin apellyasiya məhkəməsi işin sözügedən hallarına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarını doğru tövsif etməmişdir. İşə apellyasiya məhkəməsi tərəfindən baxıldığı zaman sözügedən Əsasnamənin müddəaları işin faktiki halları nəzərə alınmaqla düzgün tətbiq edilməli, həmçinin iddiaçının hərbi əməliyyatlar dövründə fəaliyyətinin araşdırılması məqsədi ilə N nömrəli hərbi hissə isə 3-cü şəxs qismində cəlb edilməli və onunla birlikdə çalışmış işçilərdən izahat alınması üçün onlar məhkəməyə dəvət edilməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası ilə əlaqədar olaraq N nömrəli hərbi hissə iş üzrə üçüncü şəxs qismində (adi cəlbetmə qaydasında) cəlb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən; ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə — müvafiq arxiv orqanlarının arayışları əsasında; ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə — medal və döş nişanı vəsiqəsi əsasında; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X8 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X8 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı şahid qismində dindirilmiş Şahid1 çıxışında bildirmişdir ki, iddiaçını tanıyır, o, N nömrəli hərbi hissədə nizami hissə rəisi olaraq işləmişdir. O da həmin hərbi hissədə hazırda da xidmət edir. İddiaçı ilə birlikdə 44 günlük müharibə dövründə N nömrəli hərbi hissədə xidmətdə olublar və o, kadr heyətinin işinin təşkili ilə əlaqədar işlərlə məşğul idi. Hazırki vəzifəsi döyüş idarəetmə heyəti rəisinin köç uçuşları üzrə böyük köməkçisidir. Əvvəlki vəzifəsi isə döyüş idarəetmə heyəti rəisinin köç uçuşları üzrə köməkçi olmuşdur. 44 günlük müharibə dövründə iddiaçı ilə birlikdə döyüş bölgəsində deyil, Bakı şəhərində olublar. O “müharibə veteranı” statusu əldə edib. İddiaçının vəzifəsinin adını tam şəkildə xatırlamasa da, o, nizami hissə rəisi olmuşdur. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı şahid qismində dindirilmiş Şahid2 çıxışında bildirmişdir ki, iddiaçını 44 günlük müharibə dövründə işlədiyi eyni hərbi hissədən tanıyır. O aviasiya idarəetmə heyətində uçuşların radio-texniki təminat şöbəsində işləyib. İddiaçı isə həmin dövrdə nizami hissə rəisi vəzifəsində olmuşdur. Lakin, hərbi hissədə müharibə dövründə əlavə əməliyyat qrupları yaradılmış və vəzifəsindən asılı olmayaraq, hər bir şəxsə döyüşü təhlil etmək, təkliflər irəli sürmək, hədəfləri müəyyən etmək və s. kimi əlavə funksiyalar verilmişdir. O “müharibə veteranı” statusu əldə etmək üçün məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsində iddia tələbi təmin olunmuş, yuxarı instansiya məhkəmələri tərəfindən də həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə fərqli qruplarda olsalar da, müharibə dövründə o da döyüşlərin təşkili işində iştirak etmişdir. Lakin, bununla bağlı hər hansı rəsmiləşdirilmə aparılmamışdır. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı 44 günlük müharibə dövründə N saylı hərbi hissənin təşkilat-səfərbərlik şöbəsinin şəxsi heyətin uçotu və kargüzarlığın aparılması üzrə nizami bölmə rəisi vəzifəsində fəaliyyət göstərmiş İddiaçı yerinə yetirdiyi işlərin nədən ibarət olması və xüsusiyyətləri barədə müvafiq məlumatın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissə tərəfindən təqdim edilmiş 20 fevral 2026-cı il tarixli məktubda qeyd edilir ki, İddiaçı 44 gün davam edən “Vətən Müharibəsi” dövründə N nömrəli hərbi hissənin təşkilat-səfərbərlik şöbəsinin nizami bölmə rəisi vəzifəsində xidmət etmiş, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 21 sentyabr 2020-ci il tarixli, 0247 nömrəli əmri ilə ştat üzrə tutduğu vəzifədən əlavə olaraq, Hərbi Hava Qüvvələrinin X10 üzrə döyüşü idaəetmə heyətinin tərkibinə daxil edilmişdir. Belə ki, İddiaçı “Vətən Müharibəsi” dövründə tutduğu vəzifə üzrə Hərbi Hava Qüvvələrinin İdarəetmə Heyətinin şəxsi heyətinin gündəlik döyüş-say tərkibinin uçotunu apararaq (idarə heyətindən döyüş bölgələrinə ezam olunan şəxsi heyətin ezamiyyətə göndərilmə, ezamiyyətdən qayıtma, hospitala göndərilmə, hospitaldan qayıtma, ərzaq təminatı ilə təmin olunma məsələlərin), qarşılıqlı rabitə əlaqəsi vasitəsilə Ordu Korpuslarına ezam olunmuş hərbi qulluqçuların varlığına dair məlumatlar toplayaraq aidiyyəti üzrə məruzələr etmişdir. Döyüş fəaliyyətlərinin aparılması zamanı yuxarı qərargahdan daxil olan müvafiq sənədləri, hərbi hissənin şəxsi heyətinin komandanlığa ünvanladığı raportları (ərizələri) fasiləsiz olaraq qəbul edilib, qeydiyyata alaraq aidiyyəti üzrə məruzə olunmasını, komandanlıq tərəfindən imzalanmış vacib əhəmiyyət kəsb edən sənədlərin icraçılara vaxtlı-vaxtında təqdim olunmasını təmin etmişdir. Bunlardan əlavə olaraq Hərbi Hava Qüvvələrinin X5 döyüş hesabatına əsasən tam döyüş heyətinin tərkibində fasiləsiz fəaliyyət göstərərək, döyüş fəaliyyəti şəraitində qoşun qərargahının qeyri-məxfi kargüzarlığının tam döyüşə hazır olmasını həyata keçirmiş, Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının 21 sentyabr 2020-ci il tarixli 0247 nömrəli əmri ilə döyüşü idarəetmə qruplarının tərkibində komanda məntəqəsində döyüş əməliyyatlarının aparılması üzrə verilən tapşırıq və göstərişləri yerinə yetirmişdir. N nömrəli hərbi hissə Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci tarixli, 062 nömrəli əmrinə əsasən “Vətən Müharibəsi” dövründə döyüş əməliyyatlarının aparılmasına cəlb edilmiş hərbi hissə hesab edilir. Təqdim edilmiş sənədlərdən də görünür iddiaçı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək xidmət etdiyi hərbi hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 20 fevral 2026-cı il tarixli məktubda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmişdir. Bu hal “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs barədə arayış-məlumatda və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 20 fevral 2026-cı il tarixli məktubla, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapır. Bununla da iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında qeyd edilən əsaslar üzrə “Müharibə veteranı” adı və vəsiqəsini almaq hüququ olan şəxslər sırasında olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3314/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3314/2025
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver