Məhkəmə qərarları › İş №2-1(103)-3319/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3319/2024

11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3319/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehnə qarşı “sənəd və məlumatların təqdim edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən: təsis sənədlərinin (nizamnamə, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri, mənfəət vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının (növ və çeşidlər üzrə) istehsal, idxal, ixrac və satış həcmi barədə məlumatlar əlavə olunmuş cədvələ uyğun olaraq (cədvəl №1), eləcə də həmin məlumatları təsdiq edən "1-istehsal (sənaye)" rəsmi statistika hesabatının müvafiq qaydada təsdiq olunmuş surətlərini; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayn-ayrılıqda göstərilməklə çay məhsullarının idxal və daxili alış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatı (cədvəl № 2); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrıayrılıqda göstərilməklə çay məhsullarının daxili bazarda topdansatış və pərakəndə satış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatı (cədvəl №3); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının satışı həyata keçirilən təsərrüfat subyektləri barədə əlavə olunmuş cədvələ uyğun məlumatlar (cədvəl № 4); xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək illər ayrıayrılıqda göstərilməklə bütün əmtəə nişanlı çay məhsullarının (çeşidləri ayrı-ayrılıqda göstərilməklə) maya dəyəri, mənfəət və rentabellik göstəriciləri barədə cədvəl məlumatı (cədvəl № 5); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində bütün idxal əməliyyatları (partiyaları) üzrə məhsulun alındığı beynəlxalq şirkətin adı, daşınma şərtləri, daşınma qiymətləri, idxal edilən məhsulun həcmi, alış tarixi, daşınma qiymətləri ilə birlikdə anbara giriş qiymətləri barədə cədvəl məlumatları (cədvəl № 6); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının idxalının həyata keçirilməsi ilə əlaqədar beynəlxalq bazardakı şirkətlər ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) surətləri; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının topdansatışının həyata keçirilməsi ilə əlaqədar təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli 109S nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Xidmət tərəfindən aparılan nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır. Qeyd olunanlarla əlaqədar Xidmət tərəfindən aparılan nəzarət tədbirləri gücləndirilmiş və tapşırıqda qeyd olunan halların müəyyənləşdirilməsi və qarşısının alınması məqsədilə qida məhsulları, həmçinin çay bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub- olunmaması vəziyyəti üzrə araşdırmalara başlanılmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xx.xx.2022-ci il tarixli FA-51 nömrəli əmrilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiya yaradılmış və xx.xx.2022-ci il tarixində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və bir sıra təsərrüfat subyektlərindən, o cümlədən Cavabdeh MMCdən sənədlərin təqdim edilməsi tələb edilmişdir. Cavabdeh MMC-nin Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/4193, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1040, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ, Valeriy Əhmədov ev 12N olan Cavabdeh MMC (VÖEN: **********) barəsində iş qaldırılmışdır. Komissiyanın işəbaxılma iclasları zamanı (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023) dəfələrlə Cavabdeh MMC-dən sözügedən sənəd və məlumatlar təqdim edilməsi tələb edilsə də, hazırkı günə qədər Cəmiyyət tərəfindən hər hansı sənəd və məlumat təqdim edilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyin tələbləri və qanunvericiliyin pozulmasına görə təsərrüfat subyektlərinin daşıdığı məsuliyyət Xidmətin məktubunda və Komissiyanın qərarında Cavabdeh MMC-yə bildirilməsinə baxmayaraq, tələb olunan sənəd və məlumatlar əsassız olaraq təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 1.1.1; 2.2; 3.2-ci maddələrinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun 1; 2.1; 3.1-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçı qurumun barələrində başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, məlumatların verilməsindən də məhz buna görə imtina verildiyi, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanlar siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyətləri barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsi, hətta bu məhkəmə qərarı vasitəsilə olsa da belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun tələblərinin pozulması anlamına gəlir və buna görə də məhkəmə iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul etməli idi. İddiaçı qurum isə hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyinin) vahid məlumat reyestrində qeydə alınmalı olan sahibkarlıq sahəsində yoxlamalar yalnız yoxlayıcı orqanın sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə həyata keçirilən yoxlamalardır, onlar isə əraziyə gəlməklə yoxlama həyata keçirmirlər. Həmçinin, iddiaçı qurum hesab edir ki, onlar ümumiyyətlə sahibkarlıq sahəsində yoxlama həyata keçirmir. Lakin bucür etiraz hüquqi cəhətdən tamamilə əsassızdır. Əvvəla “yoxlama” sözünün anlayış və mahiyyətinə diqqət yetirmək gərəklidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu sahibkarlıq sahəsində aparılan yoxlama ifadəsinə aşağıdakı kimi anlayış və mahiyyət verir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Göründüyü kimi, qanunvericilik yoxlama anlayışına izah verərkən yoxlamanın hüquqi elementlərini a) məcburi tələblərin yerinə yetirilməsinin qiymətləndirilməsi və b) nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanı olaraq dəqiqləşdirmiş, yoxlayıcı orqanın ərazilərə gəlməsi ilə bağlı elementi qeyd etməmişdir. Mahiyyət etibarilə, iddiaçı qurum tərəfindən Cəmiyyətlərindən kommersiya xarakterli sənədlər tələb edilməklə Cəmiyyətlərinin sahibkarlıq sahəsində qanunla müəyyənləşdirilmiş məcburi tələbləri (antiinhisar və haqsız rəqabət qaydaları) yerinə yetirib-yetirməməsi yoxlanılır və bunun nəticəsində də Cəmiyyətlərinə müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Belə olduğu təqdirdə cavabdeh qurumun fəaliyyətinin yoxlama kimi qiymətləndirilməməsi qanunvericiliyin tələblərinə və hüquqaziddir. Bundan əlavə, nəzərə alınmalıdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar – istər əraziyə gəlməklə, istərsə də əraziyə gəlmədən aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılmışdır. Buna baxmayaraq iddiaçı qurum qeyd olunan qanunun tələblərini pozaraq cavabdeh barəsində qanunsuz yoxlama həyata keçirmək niyyətindədir. Həmin Qanunun 2.1-ci maddəsinə görə isə yoxlamaların dayandırılması ilə bağlı istisna hallar nəzərdə tutulmuş, lakin cavabdeh qurumun sahibkarlıq sahəsində yoxlama aparması müvafiq maddədə istisna hal kimi nəzərə alınmamışdır. Həmçinin öhdəliyin icrasına dair iddiaları tənzimləyən AR İnzibati Prosessual Məcəllənin 2.2.3-cü və 34-cü maddəsi inzibati orqanın fiziki və hüquqi şəxsə qarşı məlumatların təqdim edilməsi iddiasını yox, fiziki və hüquqi şəxslər tərəfindən inzibati orqanlara qarşı onların inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin edilməsinə dair öhdəlikləri üzrə iddialarını tənzimləyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi AR İnzibati Prosessual Məcəllənin 2.2.3-cü və 34-cü maddəsini yanlış təfsir etmişdir. İddianın mümkünlüyü adlanan AR İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin mətni ilə tanış olduqda da açıq-aşkar görünür ki, öhdəliyin icrası haqqında iddialarda öhdəlik dedikdə qanunvericilik fiziki və hüquqi şəxslərin yox, məhz inzibati orqanların müəyyən hərəkəti etmək öhdəliyini nəzərdə tutur. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Valeriy Əhmədov ev 12N olan Cavabdeh MMC (VÖEN: **********) barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərə təxirə salınmış və iş üzrə sənəd və məlumatların təqdim edilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh MMC cavabdehə təqdim etdiyi xx.xx.2022- ci il tarixli 40 nömrəli məktubunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480- VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: - 14.1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. - 14.4. Müvafiq icra hakimiyyəti orqanı bu maddəyə əsasən əldə etdiyi dövlət və kommersiya sirrini saxlamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: - 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. - 1.3. Antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübut olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar orqanı əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar orqanı ərizəçiyə yazılı şəkildə məlumat verməlidir. Antiinhisar orqanı qanun pozuntusu əlamətlərinin mövcudluğunu və ya olmadığını sübuta yetirmək məqsədilə yerlərdə yoxlama aparmaq hüququna malikdir. - 1.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası tərəfindən bu Qaydaların ikinci bölməsində müəyyən olunmuş qayda əsasında baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (yaşayış yeri) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə müvafiq ərazi orqanı tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində bu Qaydalara uyğun şəkildə baxıla bilər. - 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - 2.3. Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. - 2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. - 2.21. Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Göründüyü kimi, antiinhisar orqanı hüquqi və ya fiziki şəxslərdən daxil olmuş məlumatlar, yaxud öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxa və işin araşdırılması ilə bağlı zəruri sənədləri tanış olmaq üçün tələb edə bilər, tələbi təmin olunmadıqda isə məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən edilir ki, iddiaçı qanunvericiliyinin pozulması haqqında iş qaldırmış və inzibati icraat çərçivəsində zəruri sənədlərin təqdim edilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh tərəfindən isə təqdim olunması tələb edilən sənədlərin təqdim edilməməsi isə işin mübahisələndirilməyən halıdır. Cavabdeh apelyasiya şikayətində iddiaçının barələrində başlatdığı yoxlamaların müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, məlumatların verilməsindən də məhz buna görə imtina verildiyi, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamaların 01 yanvar 2024-cü ilədək dayandırıldığı və istisna təşkil edən yoxlama aparan orqanların siyahısında iddiaçı qurumun olmamasını nəzərə aldıqda iddiaçı qurumun Cəmiyyətləri barəsində antiinhisar yoxlamaları apararaq kommersiya xarakterli sənədləri tələb etməsinin qanunsuz olduğunu bildirmişdir. Kollegiya cavabdehin qeyd edilən dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Həmin Qanunun 1.1.11-ci maddəsinə görə yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestridir. Həmin Qanunun 2.1-ci maddəsinə görə həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda yoxlamanın anlayışı və qaydası aydın şəkildə göstərilmişdir. Hazırkı halda mübahisə məlumatlar və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Həmin sənədlərin tələb edilməsi iddiaçının antiinhisar qanunvericiliyindən irəli gələn hüququ, cavabdehin isə təsərrüfat subyekti kimi onları təqdim etmək vəzifəsi olduğundan bu fəaliyyət yoxlama kimi qiymətləndirilməməli, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edən və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olur. Onuda qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....hazırkı yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşməsi üçün ən əsas elementdən, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi elementindən məhrumdur, buna görə də həmin Qanunun tələblərinin bu işlərə şamil edilməsi tələb edilə bilməz”. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1511/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar