Məhkəmə qərarları › İş №2-1(103)-332/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-332/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-332/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "pediatriya ixtisası üzrə sertifikasiyadan keçmə tələbinə dair" iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5918/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun pediatriya ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə imtahanın təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin 2014-cü il məzunudur. Yəni, X5 təhsili Pediatriya üzrədir və diplomda da qeyd edildiyi kimi X5 təhsilinə uyğun peşə fəaliyyəti ilə məşğul ola bilər. Uşaq poliklinikasında sahə həkimipediatr olaraq fəaliyyət göstərə bilər, yəni ambulator olaraq poliklinik şöbədə pediatrik pasientləri qəbul edə bilər. Səhiyyə Nazirliyində Pediatriya ixtisası üzrə registr kodu və şəxsi kabineti artıq 2018-ci ildən mövcuddur. Sertifıkasiyadan keçmək üçün Səhiyyə Nazirliyinə müraciət etdikdə isə həmin qurumdan bildirilmişdir ki, o, müalicə işi baza ixtisası üzrə sertifıkasiyadan keçməlidir. Halbuki, o, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq kursu keçib (xx.xx.2022-xx.xx.2022) Pediatriya ixtisası üzrə ******* nömrəli şəhadətnaməni əldə etmişdir. İnternatura olmayan dövrdə Pediatriya fakültəsini bitirənlər və rezidentura keçməyənlər X5 Təhsilinə uyğun olaraq Pediatriya üzrə deyil, Pediatriya Baza üzrə sertifikasiyadan keçməlidirlər və belə də olur. Yəni iddiaçı kimi, Pediatriya fakültəsini bitirib internatura və rezidentura keçməyənlər Pediatriya bazadan imtahan verirlər. Ancaq AR Səhiyyə Nazirliyi isə əvvəl Pediatriya ixtisası üzrə işləyə biləcəyini bildirməyinə baxmayaraq, indi isə əksini iddia edir: müalicə işi baza üzrə sertifikasiyadan keçməli olduğunu bildirir. Bu tamamilə yanlış mövqedir və heç bir hüquqi əsaslandırması yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Qərar əsassız və qanunsuzdur. Belə ki, iddiaçı sertifikasiya imtahanına buraxılış almaq üçün Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müvafiq kurdan keçərək “pediatriya” ixtisası üzrə Şəhadətnamə almışdır. Lakin buna baxmayaraq sertifikasiyadan keçməsi üçün iddiaçıya ümumi müalicə işi üzrə imtahandan keçməsi bildirilmişdir. Birinci instansiya məhkəməsində də iş üzrə qərar qəbul edilərkən hansı normativ aktlara əsaslandığı bildirilmir. Qanunvericilikdə tək rezidenturanı bitirmiş şəxslərin sertifikasiyadan keçməsi qəbul olunmur. Sertifikasiyanı bütün ali və orta ixtisas tibb təhsil müəssisələrini bitirmiş şəxslər də keçir. Odur ki, hakimin yalnız 2011-ci ilədək “Pediatriya” ixtisası üzrə həkim ali peşəixtisas dərəcəsi almış şəxslər bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Pediatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirdikdən sonra həmin ixtisas üzrə sertifikasiyadan keçməsi mövqeyi tam əsassızdır və qeyd olunan qaydaların tələbinə ziddir. Həmçinin imtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən tibb mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. Göründüyü kimi, “pediatriya” ixtisası üzrə ali tibb təhsili alan iddiaçı məhz “pediatriya” ixtisası üzrə sertifikasiyadan keçməlidir. Belə olan halda hasısa əsaslarla onun ümumi tibb üzrə sertifikasiyadan keçməsi tələbi əsassızdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 49-1ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Eyni tələb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 108 nömrəli 8 iyun 2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndində də özəksini tapmışdır. Bundan əlavə həmin Qaydaların 1.4-ci bəndinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş ilmüddətində sertifikasiyadan keçmirlər. Göründüyü kimi, qanunvericilikdə tək rezidenturanı bitirmiş şəxslərin sertifikasiyadan keçməsi qəbul olunmur. Sertifikasiyanı bütün ali və orta ixtisas tibb təhsilmüəssisələrini biritmiş şəxslər də keçir. Odur ki, hakimin yalnız 2011-ci ilədək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslər bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Pediatriya” ixtisası üzrə rezidentura həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslər bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Pediatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirdikdən sonra həmin ixtisas üzrə sertifikasiyadan keçəsi mövqeyi tam əsassızdır və qeyd olunan qaydaların tələbinə ziddir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi İ.Hacıyev onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə pediatriya ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə imtahanın təşkil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birnci instansiya məhkəməsnin qərarı ilə onun idddia tələbi təmin olunmamışdır. Məhkəmə həmin nəticəyə gələrkən qərarında qeyd etmişdir ki, “...iddiaçının ali təhsil müəssisəsini bitirdiyi 2014-cü ildə, hətta 2011-ci ildən başlayaraq rezidentura təhsili və həmin səviyyədə “Pediatriya” ixtisası mövcud olmuşdur. İddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi ilə eyniləşdirilməməlidir. Əgər “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi həkimpediatr kimi faaliyyət göstərmək və sertifikasiyadan keçmək üçün yetərli olsaydı, rezidenturaya “Pediatriya” ixtisası 2016-cı ildən sonra əlavə edilərdi. Yalnız “Pediatriya” ixtisası üzrə əsas (baza ali) tibb təhsilini almış şəxslərin, əsas (baza ali) tibb təhsilindən (“Müalicə işi” və ya “Pediatriya”) sonra 4 il həmin ixtisas üzrə rezidentura təhsili almış şəxslər kimi pediatriya ixtisası üzrə sertifikasiyaya buraxılması qanunvericiliyə uyğun olmamaqla yanaşı, ədalətli də deyildir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçının ixtisası “Pediatriya” olsa da, əsas (baza ali) tibb təhsili olduğundan, əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində (həkim-metodist, həkimstatistik və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim) işləyə bilər və bunun üçün sertifikasiyadan keçə bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, 19 iyun 2009-cu il (№ 833-İİİQ) tarixli “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.38-ci maddəsinə əsasən rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Həmin Qanunun 1.0.50-ci maddəsinə əsasən həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.51-ci maddəsinə əsasən həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 22.6-cı maddəsinə əsasən Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşəixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.4-cü bəndinə əsasən rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır. (Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı: 060930 – Pediatriya) Həmin “Qaydalar”ın 3.2-ci bndinə əsasən Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. ("Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əlavə: Pediatriya - 4 il) Qanuun qeyd olunan tələblərindən göründüyü kimi, ali tibb təsili iki pillədən əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrindən ibarət olub, əsas (baza ali) tibb təhsili almış məzunlara həkim, əsas (baza ali) tibb təhsili almış və müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş (o cümlədən pediatr ixtisası üzrə 4 il təhsil alımış) şəxslərə isə həkim-mütəxəssis – ali peşə-ixtisas dərəcəsi verilir. İddiaçının 2008-ci ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə daxil olub 2014-cü ildə bitirərək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi aldığı və onun rezidentura səviyyəsində təhsil almadığı tərəflər arasında mübahisələndirilmir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na 2 mart 2011-ci il tarixli qərarla edilmiş dəyişikliyə əsasən “Pediatriya” ixtisası siyahıdan çıxarıldığı, yəni, 2011/2012-ci tədris ilindən başlayaraq “Pediatriya” ixtisası üzrə tələbə qəbulunun dayandırıldığı və bu ixtisas üzrə son buraxılış ili 2016-cı ildə olduğu da hamıya məlum olan hallar kimi işin mübahisələndirlməyən hallarını təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”ının: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 1.4-cü maddəsinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, əsas (baza ali) tibb təhsili almış həkim ali peşə ixtisas təhsilli şəxslər 2011-ci ilədək əsas bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Pediatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirmiş şəxslərin, hər biri işləmək hüquq olduğu ixtisasına uyğun olaraq sertifikasiyadan keçmək hüququna malikdirlər. Konkret halda, iddiaçı “Pediatriya” ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həkimmütəxəssis ali peşə-ixtisas dərəcəsinə malik olmalıdır. Lakin onun rezidentura təhsili olmadığından həkim-mütəxəssis statusu da yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarına əsasən isə rezidenturada təhsil yalnız, təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır ki, “Pediatriya” da həmin ixtisaslardan biri olub, təhsil müddəti 4 il təşkil edir. Qeyd olunanlar baxımından, brinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı, “Pediatriya” olsa da, əsas tibb təhsili olduğuna görə həmin təhsili üzrə tutulmasına icazə verilən həkim vəzifələrində - həkim-metodist, həkim-statistik və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim kimi işləyə və bunun üçün də sertifikasiyadan keçmək hüquqna malikdir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçının “Pediatriya” ixtisası üzrə sertifikasiyaya buraxılmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozmuş olsun. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5918/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar