Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-332/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "qərarın ləğvi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4952/2024 saylı 03 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il tarixli İİ-HK 523087 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx 2023-cü il tarixində Rusiya Federasiyası, Kaluqa vilayəti, Obninsk şəhərində doğulmuşdur. Bu barədə 2023cü il iyun ayının 1-ci günündə ********************1 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası- Qanuni nümayəndə Azərbaycan vətəndaşı, 2 avqust 1986-cı il təvəllüdlü, ləzgi, X1 Rusiya Federasiyası vətəndaşı, 29 iyun 1996-cı il təvəllüdlü, ləzgi. Qanuni nümayəndə AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1986-ci il tarixdə Qusar rayonu, Həzrə kəndində doğulmuşdur, Qusar rayonu, Həzrə kəndində qeydiyyatdadır. İddiaçıya məxsus 66№76599434 nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya Rusiya Federasiyasının pasportu verilmiş, pasport xx.xx.2028-ci il tarixədək etibarlıdır. Pasporta əsasən iddiaçının doğum yeri Kaluqa əyalətidir, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Qanuni nümayəndə övladı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün ərizə-anket ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə xx xxx 2023-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və qızı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz olunmasını və iddia tələbini dəqiqləşdirərək, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilərək iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” kimi müəyyən edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, Qanuni nümayəndə xx.xx.2023-cü il təvəllüdlü X3 atasıdır. İddiaçı vətəndaşlığının mənsubiyyətinin tanınması ilə əlaqədar cavabdeh DMX-nə yazılı müraciət edilmiş, DMX-nin xx.xx.2023-cü il təvəllüdlü qızı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2023-cü il tarixlə qərar çıxarmışdır. DMX-nin qeyd edilən qərarı tamamilə qanunsuz və əsassızdır. Belə ki, Qanuni nümayəndə Azərbaycan Respublikasının vətəndaşıdır. Evlidir, 4 uşağı vardır. Daimi yaşayış yeri vardır. Onun 3 uşağının hər birinin vətəndaşlığı tanınmış və onlara şəxsiyyət vəsiqələrininin verilməsi təmin edilmişdir (X6 AZE11794353, X9 AZE11794354, X7 AA2505312). Cavabdehə qeyd edilən hallar məlum olmasına baxmayaraq, əsassız qərar qəbul etməklə, şəxsin qanuni hüquqlarını pozmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında “Qanunun 1-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə Xidmətə müraciət edərək qızı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxslər Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4952/2024 saylı 03 iyun 2024-cü il tarixli qərarı ilə, iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qanunun qeyd edilən hallarına düzgün qiymət verilmədiyinə görə əsassız qərar qəbul edilibdir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Azərbaycan Respublikası Vətəndaşlığı haqqında qanunun 1-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Qeyd edilənlərdən görünür ki, İddiaçı vətəndaşlığa mənsubiyyəti tanınmalıdır. İddiaçı vətəndaşlıq mənsubiyyətinin tanınmaması onun və eləcə də ailə üzvlərinin hüquqlarını pozur. O, vətəndaşa məxsus hüquqlardan məhrum edilmiş olur. Məhkəmə Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 saylı qərarını əsas götürərək iddianın təmin edilməməsi haqqında qərar qəbul edərək, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2-ci maddəsinin tələbini pozmuşdur. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının nümayəndəsi isə xx.xx.2023-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İşdən görünür ki, Qanuni nümayəndə övladı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün ərizə-anket ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə xx xxx 2023-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bundan narazı qalan iddiaçının qanuni nümayəndəsi iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin olunmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Qaydanın 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Hazırki işdən görünür ki, İddiaçı xx xxx 2023-cü il tarixdə Rusiya Federasiyası, Kaluqa vilayəti, Obninsk şəhərində doğulmuş və o, 66№76599434 nömrəli Rusiya Federasiyasının pasportunu əldə etməklə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarınının tələblərini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas olduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti cavabdeh qurum tərəfindən düzgün olaraq tanınmamışdır. “İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh orqan mübahisələndirilən qərarının qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirdiyi üçün və həmin qərarın ləğvi üçün hər hansı hal müəyyən edilmədiyindən iddiaçının iddiası əsassızdır və təmin oluna bilməz. Eyni zamanda hazırki işdə iddiaçı istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu da sübuta yetirə bilmədiyi üçün onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi ilə bağlı tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4952/2024 saylı 03 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4952/2024 saylı 03 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-332/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-332/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver