Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3321/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İstehsal-Kommersiya Firmasının Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv olunması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********247600 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı İstehsalKommersiya Firması (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
2. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir.
3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********685900 nömrəli qərara əsasən iddiaçıya 2022-ci il mənfəət vergisi üzrə 9.051,40 manat məbləğində vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəflərindən təqdim edilmiş bəyannamədə 75 faizi güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmnın yaranmasına səbəb olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********685900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən 2022-ci ildə rəsmi qaydada elektron qaimə faktura ilə 48703,0 manat məbləğində müxtəlif mallar satılmışdır. Həmin malların alışını təsdiq edən elektron qaimə-faktura əldə etmək mümkün olmamışdır. Vergi orqanına təqdim olunan ilk bəyannamədə iddiaçı mənfəətdən 75 % güzəşt tətbiq etmiş, cavabdeh isə həmin bəyannaməni qəbul etməsə də, malın alınmasına dair heç bir xərc nəzərə almamışdır. Bundan sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə xərc sənədlərinin olmamasına görə şərti rentabellik qaydasında xərcləri müəyyən edərək 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsini təqdim etmişdir. Lakin cavabdeh "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********685900 nömrəli Qərarı ilə Cəmiyyətin malın alınmasına dair heç bir xərcini yenidən nəzərə almamış, satışını olduğu kimi qəbul etməklə bütün satış məbləğini xalis gəlir kimi qiymətləndirərək gəlir vergisinə cəlb etmişdir. Bununla bağlı bildirirlər ki, gəlirin 48703,0 manat olması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən də qəbul olunur. Bu zaman demək ki, cavabdeh də qəbul edir ki, iddiaçı satılan malların alınmasına faktiki xərc çəkilib və bu kimi halda Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq mənfəət müəyyən edilməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq göstərilən xərclərin müəyyən olunması üçün ən münasib üsul isə Məcəllənin 67.14-cü maddəsinə əsasən xərclərin şərti rentabellik norması ilə hesablanmasıdır. Cavabdeh özü qeyd olunan normanı tətbiq edərək vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim etmişdir. Cavabdeh isə həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmişdir. Halbuki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa cür həyata keçirmək imkansızdır. Cavabdeh əgər xərcləri qəbul etmirsə, demək ki. gəliri də qəbul etməməli və bəyannamədə gəlirlər sətirindən azaltmalı idi. Yoxsa əgər gəlir qəbul olunursa, demək ki, onun formalaşmasında xərc iştirak edib və Məcəllənin 67-ci maddəsi də məhz bu hallar üzrə tənzimləməni əks etdirir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. “İnzibati icraat” haqqında Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 58.16-cı maddəsinə görə, Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaiməfakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq qöstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. Göründüyü kimi, qanunverici vergi orqanına tək əlavə vergi hesablamaq səlahiyyəti verməyib, həm də vergi ödəyicisinin xeyrinə olan halları nəzərə almaqla düzgün vergiləri hesablamaq vəzifəsi müəyyən edib. Həmçinin, Vergi Məcəlləsinin 58.16-cı maddəsi ilə digər nəzarət tədbirləri zamanı alışı rəsmiləşdirilməyən malların dəyərinin müəyyən edilməsi üsulunu tənzimləmişdir və bu qayda məhz yuxarıda qeyd olunan şərti rentabellik normasının tətbiqidir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə görə, Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Hazırki halda iddiaçının gəlirləri mümkündür (50571,0 manat), xərcləri isə mümkün olmadığından qeyd olunan norma tətbiq edilməlidir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, ilk növbədə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********685900 nömrəli Qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.8-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən Meyarlar üzrə aparılmış təhlillər zamanı cəmiyyətin icra orqanının rəhbəri olan fiziki şəxsin beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 05.11.,2022-ci il tarixli **********247600 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirirlər ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********242900 nömrəli, xx.xx.2023-cü il tarixli **********049400 nömrəli məktublar göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədləri təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 7427,97 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********685900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirirlər ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. İddiaçı ərizəsində özünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na uyğun olaraq apardığı hesablamanın düzgün olduğunu bildirmişdir. Bununla əlaqədar bildirmək istəyirlər ki, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının xx.xx.2023cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, kənarlaşmalar qeydə alaraq 9.051,40 manat əlavə gəlir vergisi hesablamışdır.
9. İddiaçı bu halla razılaşmır və hesab edir ki, cavabdeh vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim etmişdir. Cavabdeh isə həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmişdir. Habluki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa cür həyata keçirmək imkansızdır. Cavabdeh əgər xərcləri qəbul etmirsə, demək ki, gəliri də qəbul etməməli və bəyannamədə gəlirlər sətirindən azaltmalı idi. Yəni, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri tətbiq edilməklə vergini hesablamalı idi. Belə ki, qanunverici vergi orqanına tək əlavə vergi hesablamaq səlahiyyəti verməyib, həm də, vergi ödəyicisinin xeyrinə olan halları nəzərə almaqla düzgün vergiləri hesablamaq vəzifəsi müəyyən edib.
10. Hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.
b)Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilmişdir: Hazırki mübahisədə cavabdeh İddiaçı İstehsal-Kommersiya Firmasının icra orqanının rəhbəri olan fiziki şəxsin beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olmasını əsas gətirərək Fimanın apardığı əməliyyatları riskli əməliyyat və Firmanın özünü riskli vergi ödəyicisi hesab etmişdir. Nəticədə həmin mallara çəkilmiş xərclər iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə cavabdeh tərəfindən nəzərə alınmamış və cavabdeh tərəfindən ümumilikdə 48703.0 manat məbləğində sənədlərlə təsdiqlənməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmçinin bəyannamədə iddiaçı tərəfindən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərk kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, mübahisəli qərarla iddiaçıya mənfəət vergisi hesablanarkən cavabdeh vergi orqanı iddiaçıya 75 % güzəşt tətbiq etməyərək mənfəət vergi hesablamışdır. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi olmasını əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq vergi borcu hesablamışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, şərti rentabelllik norması əsasında verginin hesablanmasının vergi orqanını hüququ olması ilə bağlı qeyd edir ki, istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir. ” Məhkəmənin mövqeyinə münasibətdə qeyd etmək istəyirlər ki, vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəlir və xərclərin uçotunun düzgün aparılması şərtini tətbiq etmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD Ns-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrum olacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır. Nazirlər Kabinetinin 55 saylı Qərarının imperativliyinə münasibətdə isə bildiririk ki, inzibati orqan tərəfindən bucür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidən yayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Görünür, birinci instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. Vergi Məcəlləsinin: 13.2.69- cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70- ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71- ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1- ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2- ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1 inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli 05 sentyabr 2023-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddət daxilində, xx.xx.2032-cü il tarixdə məhkəmədə iddia qaldırılmaqla mübahisələndirilmişdir.Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
22. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir:
23. İşin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 9.051,40 manat mənfəət vergisi hesablamışdır.
24. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.
25. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, kənarlaşmalar qeydə alaraq 9.051,40 manat əlavə gəlir vergisi hesablamışdır.
26. İddiaçı bu halla razılaşmır və hesab edir ki, cavabdeh vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim etmişdir. Cavabdeh isə həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmişdir. Habluki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa cür həyata keçirmək imkansızdır. Cavabdeh əgər xərcləri qəbul etmirsə, demək ki, gəliri də qəbul etməməli və bəyannamədə gəlirlər sətirindən azaltmalı idi. Yəni, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri tətbiq edilməklə vergini hesablamalı idi. Belə ki, qanunverici vergi orqanına tək əlavə vergi hesablamaq səlahiyyəti verməyib, həm də, vergi ödəyicisinin xeyrinə olan halları nəzərə almaqla düzgün vergiləri hesablamaq vəzifəsi müəyyən edib.
27. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-18-ci bəndləri) əsasən hesab edir ki, iddiaçı tələbində haqlıdır.
28. Hazırki mübahisədə cavabdeh İddiaçı İstehsal-Kommersiya Firmasının icra orqanının rəhbəri olan fiziki şəxsin beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olmasını əsas gətirərək Fimanın apardığı əməliyyatları riskli əməliyyat və Firmanın özünü riskli vergi ödəyicisi hesab etmişdir. Nəticədə həmin mallara çəkilmiş xərclər iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə cavabdeh tərəfindən nəzərə alınmamış və cavabdeh tərəfindən ümumilikdə 48703.0 manat məbləğində sənədlərlə təsdiqlənməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmçinin bəyannamədə iddiaçı tərəfindən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilərk kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
29. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir.
30. Belə ki, mübahisəli qərarla iddiaçıya mənfəət vergisi hesablanarkən cavabdeh vergi orqanı iddiaçıya 75 % güzəşt tətbiq etməyərək mənfəət vergi hesablamışdır.
31. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
32. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
33. Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır.
34. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır.
35. Belə ki, cavabdeh iddiaçının riskli vergi ödəyicisi olmasını əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq vergi borcu hesablamışdır.
36. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır.
37. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.
38. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
39. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
41. Baxılan işdə cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normaların tələblərinə əməl etməmişdir.
42. Məhkəmə cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, şərti rentabelllik norması əsasında verginin hesablanmasının vergi orqanını hüququ olması ilə bağlı qeyd edir ki, istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir.
43. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı hesab etmir.
44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır.Belə ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq vergi hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır.
45. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.Yəni, cavabdeh vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim etmişdir. Cavabdeh isə həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmişdir.
46. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2782/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.