Məhkəmə qərarları › İş №2-1(103)-3321/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3321/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3321/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın dəyişdirilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının dayandırılması haqqında qərarın ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan hesablanmaqla bərpa edilməsi və bu müddətdə ödənilməyən məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, neft-qaz sahəsində çalışmış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, o, 2011-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatdığından, qanunla müəyyən edilmiş həm ümumi sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajına malik olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin avqust ayına qədər vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmişdir. 2020-ci ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən əmək pensiyası ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun aidiyyəti qurumlarına çoxsaylı müraciətlər edilmiş, heç bir nəticə əldə edilməmiş, 05 may 2022-ci il tarixli cavab məktubunda Nazirlik bildirmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Eyni zamanda məktubda vurğulanmışdır ki, “Sizə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır.” 2020-ci ilin avqust ayında pensiyası dayandırıldıqdan sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ondan bir sıra arayışlar və sənədlər tələb etmiş, o da, həmin sənədləri qısa müddətdə müvafiq idarənin əməkdaşına təqdim etmişdir. Bundan sonra iddiaçı müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8850/2022 saylı qərarı ilə, iddiasının təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq qərarlardan verdikləri apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8850/2022 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı cəmi 1 dəfə, dekabr ayında pensiya ödənişi olmuş, daha sonra ödəniş yenidən dayandırılmışdır. Onlar məhkəmə qərarını icra etməmiş, əvvəlki ödənişləri də, ödəməmişlər. Bundan sonra təkrarən cavabdeh quruma müvafiq sənədlər təqdim edilmişdir. Nəticəsinin olmamasını görüb, yenidən cavabdehə şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar iddiaçının tələb olunan güzəştli iş stajının olmadığı müəyyən edilərək güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2009-cu il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 373.462,97 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Araşdırma nəticəsində ona qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Nazirlik tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 12 yanvar 2022-ci il tarixli 02/2-247mat-21/146 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bundan başqa, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyini cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş etmişdir. Məhkəmə çəkişmələri nəticəsində iddiaçının iddiası təmin edilib. Məhkəmə qərarları pensiya ödənişinin dayandırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi ilə əsaslandırılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 2-1(102)-1441/2023 nömrəli qərarının icrası məqsədilə 2023-cü ilin dekabr ayında 5131,91 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 11 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının dayandırılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində iştirakı ilə 6 dekabr 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Nəticədə, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv edilib və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul olunub. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddianın təmin edilməsi, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-414/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, cavabdehin 3-17-1/3-3-14214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialllarında olan sənədlərdən görünür ki; “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-414/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə təyin olunmuş pensiya dayandırılmışdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-62959/2023 nömrəli qərarına əsasən AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)-1441/2023 nömrəli qərarına əsasən iddiaçıya pensiyanın ödənilməsi xx.xx.2011-ci il tarixdən (52 yaş) bərpa edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-14214/2024 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2016-cı il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan hesablanmaqla bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Sizə güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının qanunauyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti üzrə araşdırılıb. Araşdırma nəticəsində Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnuz olmadığı halda saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi nəticəsində Sizə xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 373.462,97 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilib. Araşdırma nəticəsində Sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 12 yanvar 2022-ci il tarixli 02/2-247mat21/146 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Bundan başqa, Sizə 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(102)-1441/2023 nömrəli qərarına əsasən 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən 5131,91 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınız bərpa edilib. Daha sonra, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinizin dinlənilməsi üçün Sizə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 11 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Bu səbəbdən də, Sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinizin cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul edilib.” Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Cavabdeh inzibati orqan iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.8-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı ildən qüvvəyə mindiyi üçün, həmin tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən stajı, yəni kişilər üçün qanunla müəyyən edilmiş 12 il 06 ay stajı topladıqda şəxs yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya hüququ əldə edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna 13 iyun 1997-ci il tarixli, 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 13-cü maddəsinin ilkin variantında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İşin hallaırından görünür ki, iddiaçı xx xxxx 1959-cu il təvəllüdlüdür və ona güzəştli şərtlərlə əmək pensiyası 50 yaşdan - 17 mart 2009-cu il tarixli qərar əsasında təyin edilmiş, sonradan cavabdeh orqanın təşəbbüsü ilə iddiaçının pensiya hüququnun əslində 50 yaşdan deyil, 52 yaşdan yarandığına istinad edilərək pensiya yaşı 52 yaşa qaldırılmışdır. Bir müddət sonra iddiaçının pensiyası dayandırılmışdır. İddiaçı pensiyasının 52 yaşdan bərpası tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(112)-8850/2022 saylı qərarı ilə onun əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilsə də, nəticə etibarı ilə həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh qərarın icrasını təmin etmək məqsədilə 22 noyabr 2023-cü il tarixli, 3-17-1/3-3-62959/2023 saylı qərarla iddiaçının pensiyası 52 yaşdan bərpa edilmişdir. Cavabdeh iddiaçının pensiyasının xx.xx.2024-cü il tarixli qərarla dayandırmış və 09 sentyabr 2024-cü il tarixli, 3-17-1/3-3-14214/2024 saylı yeni qərar ilə ona 57 yaşdan pensiya təyin etmişdir. Cavabdeh inzibati orqanın əsas dəlili odur ki, iddiaçı 01 yanvar 2006-cı il tarixinədək tələb olunan 10 il müddətində güzəştli iş stajını toplamamış, mötəbər sübut hesab edilməyən arayışlara istinad edilərək ona pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh inzibati orqan vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh inzibati orqan faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: 1) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli; 2) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; 3) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (1) və (2) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (3) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə xx.xx.2024cü il tarixli analoji qərarında qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçmişdir, iddiaçının pensiyasının səhv hesablanmasına səbəb olan hal cavabdeh inzibati orqana qərar qəbul edilən zaman məlum olmuş, lakin cavabdeh inzibati orqan qərarın ləğv edilməsi (və ya dəyişdirilməsi) üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, səhv hesablanmanın cavabdeh inzibati orqana nə vaxt məlum olması barədə onun tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı ilə bağlı arayışların mötəbərliliyini şübhə altına alan hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh arayışların yalnız Dövlət Sosial Müdafiə Fondunun keçmiş əməkdaşı X4 məxsus kompüterdə elektron formatda mövcud olmasını əsas gətirərək onların etibarlılığına şübhə ilə yanaşmışdır. Lakin bu hal, yəni arayışların elektron formada əməkdaşın kompüterində olması, həmin arayışların hüquqi qüvvəsini və mötəbərliyini şübhə altına almaq üçün kifayət qədər əsas sayıla bilməz. “X3 LTD” MMC tərəfindən verilmiş arayışda iddiaçının bu şirkətdə dənizdə yerləşən yarımbatan üzən qazma qurğusunda tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən elektrik qaynaqçı vəzifəsində çalışdığı, əl ilə elektrik və qaz qaynaqçısı funksiyalarını yerinə yetirdiyi, həmçinin qazma qurğusunun qülləsinin quraşdırılması zamanı bütün qaynaq və kəsmə işlərini icra etdiyi qeyd olunmuşdur. Arayışa əsasən, həmin əmək fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X bölməsi üzrə — “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün)” sahəsinə uyğun gəlir və güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi tanınmalıdır. Müvafiq staj müddəti 07 il 06 ay 30 gün təşkil edir. İddiaçının burada işlədiyi müddət xx.xx.1995–xx.xx.1997 və xx.xx.1997– xx.xx.2003-cü il tarixlərini əhatə edir. Peşə təsnifatı isə müvafiq olaraq 1100000a11588- 10.1a kodu altında “fəhlələr – qüllə quraşdırıcılar – qaynaqçılar” peşəsinə uyğun gəlir. İddiaçının həmin müəssisədə işləməsini təsdiqləyən əmrlərin təqdim olunmaması isə iddiaçının iradəsindən asılı olmayan texniki haldır və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Digər mühüm sübutlardan biri də "xxxx" MMC tərəfindən təqdim olunmuş sənəddir. Bu arayışa əsasən, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə qaynaqçı vəzifəsində fəaliyyət göstərmişdir. Bu dövrdə də o, əmək funksiyalarını dəniz şəraitində, xüsusilə zərərli və ağır əmək şəraitində yerinə yetirmiş və onun peşə fəaliyyəti qeyd olunan Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “qülləquraşdırıcılar-qaynaqçılar” peşəsinə uyğun olmuşdur. Qeyd olunan arayışlar və müvafiq əmrlər əsasında müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006cı il tarixinədək toplanmış güzəştli iş stajı 10 ildən (10 il 03 ay 12 gün) çox təşkil edir ki, bu da onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququnun olduğuna dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar