Məhkəmə qərarları › İş №2-1(103)-3322/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3322/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3322/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2756/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında, ona məxsus daşınmaz əmlakın yerləşdiyi hasara alınmış torpaq sahəsinin reyestrdə qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanında, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi hasara alınmış 0,24 hektar torpaq sahəsinin reyestrdə qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xanlar Əzimov küçəsi, ev 34 H-da yerləşən 24 kv.metr sahəsi olan fərdi yaşayış evi və ev 34 K ünvanında yerləşən 334.70 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Lakin sözügedən əmlakların yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Əmlakın yerləşdiyi torpaq sahəsi 34 ilə yaxındır ki, İddiaçı istifadəsindədir. Torpaq sahəsi (0.045450 ha ) iddiaçı tərəfindən hasara alınmışdır. Sözügedən topaq sahəsinin göründüyü kimi 30 ildən çoxdur ki, faktiki və etirazsız olaraq istifadəsində olması iddiaçıya torpaq sahəsinə dair çıxarış alması üçün əsaslardan biridir. 1 saylı Bakı Ərazi İdarəsinə çıxarış verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə məktubla müraciət olunmuş və həmin məktuba cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin Abşeron Rayon keçmiş X10 ərazisində yerləşdiyini bildirmiş və çıxarış verilməsi üçün əsas olan sovxoz direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilmədiyini göstərərək çıxarışın bu tələb olunan sənədlər olduğu halda həyata keçirilməsini göstərmişdir. AR MM-nin 178.6-cı maddəsində göstərilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka-yəni torpaq sahəsinə faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etibarsız sahiblik etmişsə o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Azərbaycan SSR Abşeron rayon şəhər XDS-nin İK-nin 17 yanvar 1989-cu il 05 nömrəli qərarı ilə ayrılan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün iddiaçının atası X5 icazə verilmişdir. Sonra isə hüquqlar X2 İddiaçı ötürülmüşdür. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023cü il, **********76 saylı cavab məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 28 fevral 2001-ci il tarixində tərtib edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq İdarənin arxiv əsaslarında aşkar olunan xx.xx.1989-cu il tarixli Aktında istinad olunan xx.xx.1989-cu il tarixli 7 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2756/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 28 fevral 2001-ci il tarixində tərtib edilmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Abşeron Rayon keçmiş X10 ərazisində yerləşir. Həmçinin bildiririk ki, İdarənin arxiv əsaslarında aşkar olunan xx.xx.1989-cu il tarixli Aktında istinad olunan xx.xx.1989-cu il tarixli 7 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən hüquqmüəyyənedici sənəd təqdim edilməməsi dəlilinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində iddianın təmin olunmuş hissəsinə münasibətdə qərarı yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati iş materiallarından aydın olur ki, iddiaçı ünvan 2 ünvanında İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi hasara alınmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş edir. Məhkəmə kollegiyası əvvəla sözügedən daşınmaz əmlakla bağlı iş materiallarında olan sübutları nəzərdən keçirir: İş materiallarında olan: -Abşeron rayon X9 İcraiyyə Komitəsinin “Rayonun İ nömrəli Zeytun və Maştağa Subtropik sovxozlarında həyətyanı torpaq sahələrinin, meyvə tingliyi təsərrüfatında və Xırdalan qəsəbəsində fərdi yaşayış evlərinin tikintisinə torpaq sahələrinin bölgüsü haqqında ”17 yanvar 1989-cu il tarixli 05 №li Qərarının arxiv surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 03№li Qərarı ilə həyətyanı sahə fondlarının genişləndirilməsi məqsədilə İ №li Zeytun sovxozunda 24,0 hektar Maştağa subtropik sovxozunda 6,0 hektar meyvə tingliyi təsərrüfatının fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi üçün Kürdəxanı qəsəbəsində 25 ailəyə 2,9 hektar, Xırdalan qəsəbə əhalisinə fərdi yaşayış evlərinin tikintisi üçün Xırdalan sovxozunun ərazisindən 3 hektar, Bakı quşçuluq fabrikinin ərazisindən 13,3 hektar olmaqla 216 ailəyə cəmi 16,3 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən 1 nömrəli Zeytun sovxozunun (Ş.Abbasov yoldaş), “Zeytun” aqrofirmasının (F.Hüseynov yoldaş), meyvə tingliyi təsərrüfatının (İ.İsgəndərov yoldaş) rəhbərliyinə tapşırılsın ki, həyətyanı torpaq sahəsi almaq üçün növbədə duran vətəndaşların torpaqayırma sənədlərinin qanunauyğun surətdə hazırlanıb təsdiq olunmaq məqsədilə baxılmaq üçün rayon XDS icraiyyə komitəsinə təqdim etsinlər. Ayrılmış sahələrdə tikinti apraılmasının Bakı şəhəri baş memarlıq-planlaşdırma idarəsi ilə razılaşdırılmış baş plana uyğun təmin etsinlər. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 334,70 kv.metr sahəsi olan fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin (ev 34 K) arxiv qovluğunda saxlanılan sənədlər müvafiq sorğu ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Abşeron rayonunun baş memarı, rayonun baş mühəndisi, yer quruluşçusu, X11 direktorunun iştirakı ilə tərtib edilmiş 02 fevral 1989-cu il tarixli Aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 3 yanvar 1989-cu il tarixli 3 №li Qərarına əsasən sovxozun 26 yanvar 1989-cu il tarixli 7 №li əmri, rayon icraiyyə komitəsinin 17 yanvar 5 nömrəli qərarı ilə vətəndaş X5 ayrılmış 0,10 hektar torpaq sahəsi yerində ölçülərək taxta nişangahlar qoyulduqdan sonra vətəndaş X5 təhvil verilmişdir. -xx.xx.2001-ci il tarixli 91 nömrəli arayışdan görünür ki, Abşeron X10 rəhbərliyi tərəfindən vətəndaş X5 Azərbaycan SSR Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli 03 saylı Qərarına əsasən Abşeron rayon İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 saylı qərarı ilə sovxoz ərazisində fərdi ev tikmək məqsədilə 0,10 hektar hesabı ilə ayrılmış torpaq sahəsində bir mərtəbəli 5 otaqlı yaşayış evi tikmişdir. Vətəndaşa aid olan 0,10 hektar torpaq sahəsi ilə qonşu arasında olan yol, zeytun bağına ziyanlı olduğu üçün tərəfimizdən bağlanmış və dalan halına düşmüş həmən 40 metr x 10 metr = 400 kv.metr hissə iki qonşu arasında yerləşdiyimiz yaşayış məntəqəsinin qəsəbə tipli (Kürdəxanı qəsəbəsi) olmasına əsaslanaraq təsərrüfatın xx.xx.1992-ci il tarixli 15 saylı əmri ilə bölünmüşdür. Nəticədə vətəndaş əlavə olaraq 0,02 hektar torpaq sahəsi əldə etmişdir. Evin başı bağlı deyil, heç bir mübahisəli və inzibati tədbiri yoxdur. Arayış Abşeron RDTİ və MHQİ-nə göstərilən evin Aydın Məhərrəmovun adına rəsmiləşdirilməsi üçün təqdim etmək məqsədilə verilmişdir. -Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən 10 №li inventar işi üzrə 20857 №li reyestr kitabında qeydə alınan qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində yerləşən 4 yaşayış otaqlı, yaşayış sahəsi 195,9 kv.metr sahədən ibarət evin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 №li, 17 yanvar 1989-cu il tarixli qərarı əsasında X14 adına qeydiyyata alınmışdır. -X4 adına verilmiş 20857 nömrəli, 28 fevral 2001-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunun surətindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində 1999-cu ildə inşa edilmiş fərdi yaşayış evi sənəd üzrə 1000,0 kv.metr (faktiki sahə 1721 kv.m) torpaq sahəsi üzərində yerləşir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 334,70 kv.metr fərdi yaşayış evi X4 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -11 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X8 (əvəzinə X1) ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 334,7 kv.metr olan fərdi yaşayış evini oğlu İddiaçı bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xanlar Əzimov küçəsi, ev 34 H ünvanda yerləşən 24,0 kv.metr sahəsi olan fərdi yaşayış evi iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin (ev 34 H) arxiv qovluğunda saxlanılan sənədlər müvafq sorğu ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Abşeron rayonunun baş memarı, rayonun baş mühəndisi, yer quruluşçusu, X11 direktorunun iştirakı ilə tərtib edilmiş 02 fevral 1989-cu il tarixli Aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 3 yanvar 1989-cu il tarixli 3 №li Qərarına əsasən sovxozun 26 yanvar 1989-cu il tarixli 7 №li əmri, rayon icraiyyə komitəsinin 17 yanvar 5 nömrəli qərarı ilə vətəndaş İddiaçı ayrılmış 0,10 hektar torpaq sahəsi yerində ölçülərək taxta nişangahlar qoyulduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir. -Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən 10 №li inventar işi üzrə 20856 №li reyestr kitabında qeydə alınan Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 24,8 kv.metr sahədən ibarət evin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 №li, 17 yanvar 1989-cu il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -İddiaçı adına verilmiş cavabdeh DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan 20856 nömrəli, 28 fevral 2001-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunun surətindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində 1999-cu ildə inşa edilmiş fərdi yaşayış evi sənəd üzrə 1000,0 kv.metr (faktiki sahə 2448 kv.m) torpaq sahəsi üzərində yerləşir. -X10 xx.xx.2001-ci il tarixli 92 nömrəli arayışdan görünür ki, Abşeron X10 rəhbərliyi tərəfindən vətəndaş İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli 03 saylı Qərarına əsasən Abşeron rayon İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 saylı qərarı ilə sovxoz ərazisində fərdi ev tikmək məqsədilə 0,10 hektar hesabı ilə ayrılmış torpaq sahəsində bir mərtəbəli 5 otaqlı yaşayış evi tikmişdir. Vətəndaşa aid olan 0,10 hektar torpaq sahəsi ilə qonşu arasında olan yol, zeytun bağına ziyanlı olduğu üçün tərəfimizdən bağlanmış və dalan halına düşmüş həmən 40 metr x 10 metr = 400 kv.metr hissə iki qonşu arasında yerləşdiyimiz yaşayış məntəqəsinin qəsəbə tipli (Kürdəxanı qəsəbəsi) olmasına əsaslanaraq təsərrüfatın xx.xx.1992-ci il tarixli 15 saylı əmri ilə bölünmüşdür. Nəticədə vətəndaş əlavə olaraq 0,02 hektar torpaq sahəsi əldə etmişdir. Evin başı bağlı deyil, heç bir mübahisəli və inzibati tədbiri yoxdur. Arayış Abşeron RDTİ və MHQİ-nə göstərilən evin İddiaçı adına rəsmiləşdirilməsi üçün təqdim etmək məqsədilə verilmişdir. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar (1.4) da daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, Abşeron rayon X9 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 nömrəli qərarı ilə həm də Meyvə tingliyi təsərrüfatının fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsi ərazisində 25 ailəyə 2,9 ha torpaq sahəsi ayrılmış və meyvə tingliyi təsərrüfatının rəhbərliyinə həyətyanı torpaq sahəsi almaq üçün növbədə duran vətəndaşların torpaqayırma sənədlərinin qanunauyğun surətdə hazırlanıb təsdiq olunmaq məqsədilə baxılmaq üçün rayon XDS icraiyyə komitəsinə təqdim edilməsi tapşırılmışdır. Həmin qərara və sovxozun 26 yanvar 1989-cu il tarixli 7 nömrəli əmrinə istinad edilməklə ayrılmış hər biri 0,10 sahədən ibarət torpaq sahələri naturada ölçülüb təqdim edilmişdir. İddiaçının və A.Məhərrəmovun qeyd olunan torpaq sahələri üzərində inşa edilmiş fərdi yaşayış evləri üzərində (müvafiq olaraq 34 H və 34 K) mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış, sonradan A.Məhərrəmov xx.xx.2022-ci il tarixdə öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 334,7 kv.metr sahədən ibarət fərdi yaşayış evini xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Hazırda həm 34 H, həm də 34 k nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı qeyd olunan sənədlərə istinadən daşınmaz əmlakların aid olduğu sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilən “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 28 fevral 2001-ci il tarixində tərtib edilmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Abşeron Rayon keçmiş X10 ərazisində yerləşir. Həmçinin İdarənin arxiv əsaslarında aşkar olunan xx.xx.1989-cu il tarixli Aktında istinad olunan xx.xx.1989-cu il tarixli 7 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırki iş üzrə iddiaçının 0,20 ha torpaq torpaq sahəsinə dair təqdim etdiyi sənədlər yuxarıda istinad edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndindəki akta uyğun gəlir. Belə ki, Abşeron rayon X9 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 nömrəli qərarı ilə həm də Meyvə tingliyi təsərrüfatının fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsi ərazisində 25 ailəyə 2,9 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya və onun atası Aydın Məhərrəmova həmin qərara və sovxozun 26 yanvar 1989-cu il tarixli 7 nömrəli əmrinə istinad edilməklə 0,10 sahədən ibarət torpaq sahələri naturada ölçülüb təhvil verilmişdir. Həmçinin iş materiallarında olan X10 xx.xx.2001-ci il tarixli 91 və 92 nömrəli arayışları ilə də Vüqar və X6 rayon X9 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 nömrəli qərarı 0,10 ha torpaq sahəsi ayrıldığı təsdiq edilmiş, eyni zamanda həmin torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evlərinə dair verilmiş qeydiyyat vəsiqələrində bəhs olunan qərarın əsasında hüquqların qeydiyyatının aparıldığı göstərilmişdir. Cavabdeh Abşeron rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli, 05 nömrəli qərarının qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı, o cümlədən digər təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, ünvan 3 ünvanında, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin edilən hissəsinə münasibətdə əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2756/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar