Məhkəmə qərarları › İş №2-1(103)-3323/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3323/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3323/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, üçüncü şəxs X10 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X9 və X14) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7874/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D, kod 00600036 seriyalı, 30 dekabr 2003- cü il tarxidə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: "…Ailəsi ilə birlikdə 1992-ci ildə Dağlıq Qarabağda gedən müharibə nəticəsində Laçın rayonu Fingə kəndindən məcburi köçkün düşmüş və Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, X17 küçəsində yerləşən yarımçıq tikilidə məskunlaşmışdır. Sonradan isə ailənin böyüklüyünü nəzərə alaraq həmin sahədə əlavə fərdi yaşayış evi inşa etmişlər. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, məskunlaşdıqları torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D, kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarixdə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Bundan sonra həmin şəxs torpaq sahəsini 16 yanvar 2004-cü il tarixdə reyestrdə 4Ə/01- 12 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X1. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra həmin torpaq sahəsinə təkrar keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X4 adına JN-10663D, kod 00500066 seriyalı, 03 fevral 2004-cü il tarixdə qeydiyyat kitabında 9409 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 14 noyabr 2008-ci il tarixdə reyestrdə 4Ə/01-12 nömrə ilə qeydə alınmış AN- İ № ******* alqı-satqı müqaviləsinə əsasən vətəndaş X7 həmin torpaq sahəsini vətəndaş X3. Məskunlaşdıqları vaxtdan həmin əraziyə nə sənədlər hazırlanarkən, nə də ki, vətəndaşlar arasında torpaq sahəsinə dair alqı-satqılar aparılarkən kimsə gəlməmiş, torpaq sahəsinin və ya onun üzərində olan yarımçıq tikilinin onlara məxsus olduğunu bildirməmişlər. Vətəndaşlar arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 14 noyabr 2008-ci il tarixdə bağlansa da, X14 həmin torpaq sahəsinə on bir ildən sonra, yəni 10 aprel 2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarış və torpaq sahəsinini planı və ölçüsü sənədi almışdır. Bundan sonra o, 2022-ci il tarixdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan şəxslərə qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Sabunçu Rayonu XDS İcraiyyə Komitəsinin (keçmiş Lenin rayonu) 16 avqust 1991-ci il tarixli 15/61 saylı qərarı ilə X8 fərdi yaşayış evi tikintisi üçün Pirşağı qəsəbəsində sahəsi 0,12 ha olan torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq təsdiq olunmuşdur. Həmin sxemə nəzər saldıqda ayrılmış torpaq sahəsinin ölçülərinin 30 metr x 40 metr ölçüdə olduğu, dəmir yolundan 220 metr aralıda yerləşməklə, bir tərəfdən bostan sahəsi ilə, qarşı tərəfdən isə fərdi yaşayış evləri ilə əhatə olunduğu görünür. Lakin iddiaçının məcburi köçkün kimi məşkunlaşdığı mübahisəli torpaq sahəsinin 220 metr yaxınlığından nə indi, nə də əvvəllər dəmir yolu xətti keçməmiş, qonşuluğunda bostan sahəsi və fərdi evlər olmamışdır. X10 uzun müddət ərzində mübahisəli əraziyə gəlməməsi və məhkəməyə təqdim etdiyi görüntülərdə torpaq sahəsinin boş olması onu göstərir ki, hazırkı torpaq sahəsi ona satılmış torpaq sahəsi olmamış, çıxarış sonradan hansısa səbəbə görə iddiaçının istifadəsində olan əraziyə işlənmişdir. Hazırda mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə dair bütün kommunal xidmət müqavilələri iddiaçının ailə üzvü kimi oğlu Elman Mütəllibovla bağlanmışdır. Faktiki istifadələrində olan torpaq sahəsinə keçmiş DTXK Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN- 10130D kod 00600036 seriyalı, 30 dekabr 2003- cü il tarixdə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müraciətimin müsbət həllindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, DTXK Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarixdə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və onun hüquqi nəticələri məhkəmə qaydasında ləğv edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq X2 torpaq sahəsi ayrılarkən ayrılması nəzərdə tutulmuş sahənin tərpənməz nöqtəyə bağlılığı göstərilməklə sxemi tərtib olunmuş, bundan sonra həmin torpaq sahəsinin ayrılması barədə Sabunçu Rayonu XDS İcraiyyə Komitəsinin (keçmiş Lenin rayonu) 16 avqust 1991-ci il tarixli 15/61 saylı qərarı qəbul edilmişdir. X2 ayrılmış torpaq sahəsinə dair JN-10130D kod 00600036 seriyalı şəhadətnamə də məhz həmin sxemdə qeyd olunan torpaq sahəsinə uyğun tərtib olunmalı idi. Göründüyü kimi həmin şəhadətnamə ilkin sxemə uyğun tərtib olunmamış, dövlət mülkiyyətində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üzərinə işlənmişdir...” Cavabdeh iddia ərizəsinə etirazıda iddiann mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi Bakı şəhər 39 saylı notariat kontorunun təsdiq etdiyi 4Ə/2-185 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması, işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Ailəsi ilə birlikdə 1992-ci ildən məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X17 küçəsində yerləşən yarımçıq tikili bir tərəfdən “Gilavar” sanatoriyası, bir tərəfdən yol, qarşı tərəfdən isə həmin sanatoriyaya və “Yodprom”a məxsus qazanxana binası ilə əhatə olunmuşdur. Məskunlaşdığı yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi qazanxanaya məxsus daş hasarla əhatə olunmuşdur. Yəni hazırki mübahisəli torpaq sahəsi Sabunçu Rayonu XDS İcraiyyə Komitəsinin (keçmiş Lenin rayonu) 16 avqust 1991-ci il tarixli 15/61 saylı qərarı ilə X8 ayrılmış torpaq sahəsi deyil. Balağa Əmirov və digərləri dolayısı yolla dövlət əmlakını mənimsəmişlər. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməklə mübahisəli torpaq sahəsinin Sabunçu Rayonu XDS İcraiyyə Komitəsinin (keçmiş Lenin rayonu) 16 avqust 1991-ci il tarixli 15/61 saylı qərarı ilə X8 ayrılmış torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmamasının aydınlaşdırması üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan qanunsuz qərardad qəbul olunmuşdur. ...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər və üçüncü şəxs (X9) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi izahatında göstərmişdir ki, Sabunçu rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir ki, həmin tikili cavabdehin (İddiaçı) hesabına sökülsün buna baxmayaraq sonuncu işi uzatmaq məqsədi ilə məhkəmədə hazırki iddanı qaldırıb ki, guya tikili ona məxsusdur. Halbuki torpağa dair iddiaçının heç bir sənədi yoxdur. Hesab edir ki, subyektiv hüququ olmadığından qərardad əsaslıdır. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İşin hallarından göründüyü kimi, 1992-ci ildən məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X17 küçəsində yerləşən yarımçıq tikilidə məskunlaşmış İddiaçı, üçüncü şəxs X6 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-10130D, kod 00600036 seriyalı 30 dekabr 2003-cü il tarixdə 8961 nömrə ilə qeydiyyata alınmış “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsini məhkəmədən tələb etmişdir. Halbuki, həmin şəhadətnamə üzrə üçüncü şəxsin adına olan 0,12 ha torpaq sahəsi - Sabunçu (Lenin) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 15/61 saylı qərarı əsasında Pirşağı qəsəbəsindən ayrılmış, sonradan isə alqı-satıqı müqaviləsi əsasında digər üçüncü şəxs X10 mülkiyyətinə keçmişdir. İddiaçı isə həmin şəhadətnmənin ləğv tələbini irəli sürərkən, hansı əsasdan çıxış etdiyi, başqa sözlə, həmin tələbini irəli surmək üçün subyektiv hüquqa malik olduğunu sübutlarla əsaslandırmır. İş materiallarından, o cümlədən, onun iddia ərizəsindən və apellyasiya şikayətindən görünən odur ki, məskunlaşıdığı tikiliyə və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair onun hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə olan halda, onun cavabdehə qarşı üçüncü şəxsin adına verilmiş həmin torpaq şəhadətnaməsinin ləğvini tələb etmək üçün subyektiv hüququ tanına bilməz. Başqa sözlə, onun iddiasının İPM-in 55.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayılması istisna olunur. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan da, onun apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan qanunsuz qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar