Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3323/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5624/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı İddiaçı ilə "xxxx" MMC-nin təmsilçisi X6 arasında iddiaçının xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nə “Metal döyən usta, təyyarə paneli, usta” vəzifəsındə, əsas iş yeri kimi, aylıq 440 manat əmək haqqı ödənilməsi şərtilə, “müddətsiz” bağlanmış X2 Sistemi”ndən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi ilə əvəz olunmuşdur.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, peşəkar aşpazdır və bunu təsdiq edən sənədləri var. 2023-cü ilin sonlarında peşəsinə uyğun iş tapmış və həmin müəssisə ilə əmək müqaviləsi bağlamışdır. Bu müqaviləni X3 Xidmətinin (ƏMX) “Əmək və Məşğulluq" alt sisteminə yerləşdirəndə sistem onunla guya xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin (VÖEN **********, hüquqi ünvanı: AZ1002, ünvan 1 “X6 adında şəxs arasında “metal döyən usta, təyyarə paneli, usta” vəzifəsində, əsas iş yeri kimi, aylıq 440 manat əmək haqqı ödənilməsi şərti ilə, “müddətsiz” əmək müqaviləsinin bağlanmasına və həmin tarixdə də sistemə daxil edilməsinə görə 2 əsas iş yeri olmasının qeyri-mümkünlüyü ilə əlaqədar, onun əsas iş yeri kimi başqa müəssisədə işə qəbul edilməsinin mümkün olmadığını bildirib müqavilənin qeydiyyatından imtina etmişdir. İddiaçı belə bir şirkəti tanımır, onunla əmək müqaviləsi bağlamamış, həmin şirkətin yerin bilmir, həmin şirkətdən də hazıra kimi hər hansı bir üsulla, yəni nağd, yaxud da hesaba köçürmə, yaxud başqa yollarla əmək haqqı almamışdır. Bununla əlaqədar, 2023-cü ilin oktyabr ayında ƏƏSMN-nin ƏMX-nə ərizə ilə müraciət edib "xxxx" MMC adlı müəssisə ilə əmək müqaviləsi bağlamadığını, həmin müəssisədə işləmədiyini, onlar üçün heç bir iş görmədiyini, əmək haqqı almadığını", ümumiyyətlə “metal döyən usta, təyyarə paneli, usta" vəzifəsinin nə olduğunu bilmədiyini, təyyarə panelinin necə döyülməsi barədə məlumatının belə olmadığını bildirib, həmin müqavilənin ləğv edilməsi üçün "xxxx" MMC adlı müəssisənin tapılmasına köməklik göstərmələrini xahiş etmişdir. X3 Xidmətinin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli, 3- 17-5/1-T-34155/2023 nömrəli məktubla bildirilmişdir ki, o özü həmin müəssisəni tapıb xx.xx.2023-cü il tarixli əmək müqaviləsini ləğv etdirməlidir. Bundan sonra, 2023-cü ilin sonlarında "xxxx" MMC-nin (VÖEN **********) qeydiyyatda olduğu və faktiki yerləşdiyi yer kimi göstərilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 18, mənzil 10 ünvanına getmiş və orada heç bir şirkətin olmadığını görmüşdür. Qonşulardan bu ünvanda fəaliyyət göstərməsi bildirilən "xxxx" MMC-nin barəsində sorğu edəndə bildirilmişdir ki, 2023-cü ilin əvvəllərində burada kirayəçilər qalırdı, lakin onların hansı işlə məşğul olmalarını bilməmişlər, sonradan da çıxıb hara getmələri barədə heç bir məlumatları yoxdur. Nə qədər soraqlaşsa da, müəssisəni tapa bilməmişdir. Hətta o, müəssisənin sonuncu sahibi adlanan X4 (ş/v AA3293502, FİN 6GÜÜC60. d/t.-xx.xx.1993. Kürdəmir rayonu Çöhranlı kəndi) adlı şəxsi tapanda məlum olmuşdur ki, o, Lökbatan qəsəbəsində avtomaşınların yuyulması sexində maşın yuyandır və onunla söhbət zamanı 200 manat müqabilində adına kiminsə müəssisə aldığını, həmin şəxsi tanımadığını, müəssisənin nə işlə məşğul olmasını da bilmədiyini göstərdi. Bundan sonra, "xxxx" MMC-ni (VÖEN **********) tapmaq üçün Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə ərizə vermişdir. Araşdırma zamanı onlar da, "xxxx" MMC-ni tapa bilməmiş və ona müraciətinin mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etmək huququnun olmasını bildirmişlər. "xxxx" MMC-ni (VÖEN **********) və MMC-nin adından onunla guya əmək müqaviləsi bağlamış X6 adında şəxsi tanımadığından və tapa bilmədiyindən adından bağlanmış əmək müqaviləsinin saxta olmasını və bu səbəbdən də xitam edilməsi üçün bu əmək müqaviləsini qeydə almış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdatıəsı Nazirliyinin X3 Xidmətinə müraciət etmişdir. X3 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən onun məktubuna verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/1-F80847/2024 saylı cavabda müqavilənin ləğv edilməsi vəzifəsinin X3 Xidmətinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5624/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə "xxxx" MMC-nin təmsilçisi X6 arasında iddiaçının xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
5. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. İddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Belə ki, iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normaları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə əmək müqaviləsinə xitam verilməsi Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir. Məhkəmə tərəfindən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə qərarında əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməsinin mümkünlüyünü tərəflərin hüquq bərabərliyinin pozulması kimi qiymətləndirmiş, həmçinin, işçinin arzusu ilə əmək müqaviləsinə xitam verilməsi mümkün olduğu üçün məhkəmə tərəfindən əmək müqaviləsinin ləğv edilməsi faktının təsdiq edilməsini qeyri-mümkün hesab etmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən həm Məcəllənin 68-ci maddəsinin tələblərini nəzərə almamış və əmək müqaviləsinə işçi tərəfindən xitam verilməsinin qanunda nəzərdə tutulandan başqa qaydasını müəyyənləşdirmiş, həm də Məcəllənin 83-cü maddəsinin tələblərini nəzərə almamış və işçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə rəsmiləşdirilmənin aparılmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə qəbul etdiyi qərarla artıq formalaşmış vahid məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. Oxşar iddia tələbi üzrə ümumi məhkəmələrdə baxılmış və yekunlaşdırılmış onlarla məhkəmə qətnaməsi mövcuddur. Həmçinin, inzibati məhkəmələr tərəfindən oxşar iddialara münasibətdə iddianın mümkün sayılmaması barədə qərarlar qəbul edilir və yuxan instansiya məhkəmələrində həmin qərarlar qüvvədə qalır. Tərəflərin izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
9. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/1-T-34155/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki: “Müraciətinizlə əlaqədar ünvanınıza (AZ1122, ünvan 27/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq müraciətinizin ətraflı araşdırılması, müəssisə tərəfindən Sizə təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışını təqdim etməyiniz və izahatınızın alınması məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunsanız da gəlməmisiniz. Eyni zamanda "xxxx" MMC-nin ünvanına (AZ1002, ünvan 3izdən 3-17-5/2-45109/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətinizin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə “N.H.- İNŞAAT' MMC-nin işəgötürəni arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, "xxxx" MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə bağlı əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməli və əmək müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir.” 10.AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri X6, hüquqi ünvanı ünvan 4 "xxxx" MMC-nin hüquqi varisliyi barədə məlumat müəyyən edilməmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, nəticədə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “metal döyən usta, təyyarə paneli paneli; usta” vəzifəsinə işə götürülmüş və elə həmin tarixdə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi müvafiq sistemə daxil edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
16. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.
17. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “...əmək müqaviləsinin ləğv edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair ərizə ilə də iddiaçı arzuladığı nəticəni əldə edə bilməyəcək. Belə ki, cavabdeh qurum həmin məlumatın EİS-ə məhz işəgötürən tərəfindən daxil edilməli olunduğunu bildirir. Digər tərəfdən əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilə bildiyindən həmin faktın məhkəmə qaydasında müəyyən olunmasını məhkəmə mümkün hesab etmir. Elektron informasiya sisteminə yalnız işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin daxil edilməli olmasına dair cavabdehin yanaşması işçinin işəgötürənə münasibətdə bərabərlik hüququnun və sərbəst iş yeri seçmək hüququnun pozulması ilə nəticələnə bilər. Hazırki halda iddiaçının işəgötürən tərəfindən və ya işəgötürənin səlahiyyət verdiyi şəxs tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi yuxarıda göstərilən səbəblərdən imkan xaricindədir. Belə ki, iddiaçı öz arzusu ilə əmək müqaviləsini ləğv edilməsini tələb etsə də, lakin onun iradəsinə zidd olaraq bu günədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququ pozulmuşdur.”
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
22. Göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
24. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
25. Hazırkı işin hallarından müəyyən olur ki, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "metal döyən usta, təyyarə paneli; usta" vəzifəsinə işə qəbul olunmuş, bununla bağlı onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. İddiaçı tərəflər arasında faktiki olaraq əmək münasibətlərinin heç vaxt yaranmadığına, işəgötürən "xxxx" MMC ilə əlaqə yaratması və sonuncunun harada olması barədə məlumatı olmadığına istinad edərək mövcud tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin idiaçının cavabdeh inzibati orqana etdiyi müraciəti təmin edilməmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
27. Qeyd etmək lazımdır ki, adıçəkilən Əsasnamədə Xidmətin vəzifələri müəyyən edilmiş, lakin onlar arasında işəgötürən tərəfindən və ya məhkəmə qaydasında əmək müqaviləsinə xitam verilmədən müddətsiz bağlanmış əmək müqaviləsinin qeydiyyat sistemindən silinməsi vəzifəsi nəzərdə tutulmamışdır.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər.
29. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
31. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi, habelə, bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətlərinə aid deyil. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçının hüquqları və qanunla qorunan mənafeləri Xidmətin hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulmamışdır.
32. Onu da qeyd etmək lazımdır ki, iddiaçı işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ilk növbədə işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməli idi. Lakin iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və mülki xarakter daşıdığı halda həmin mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur.
33. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
34. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;
35. Azərbaycan Respublikasının Əmək Məcələsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
36. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.
37. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarında göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
39. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respbulikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır.
40. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, hazırki iş üzrə yaranmış mübahisə əmək mübahisəsi olub inzibati hüquq sahəsinə aid olan münasibətlərdən yaranmış mübahisə kimi qiymətləndirilmədiyindən və bu qəbildən olan işlər mülki-hüquqi xarakter daşıdığından, həmin işlərə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
42. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
44. Yuxarıda sadalanan xüsusatlara məcmu halda qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
45. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5624/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.