Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3324/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4635/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4635/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəməyə gəlməmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin apellyasiya icraatı zamanı, hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Məmmədova ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini və iddiaçıya hüququ yarandığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini və iki aydır ki, ona ödəniş edildiyini bildirərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, onun təqdim etdiyi sənədləri iş materialları ilə birlikdə araşdırıb belə hesab edir ki, ərizəsi təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli iddiaçının əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması haqqında qərarlarına və AR ƏƏSMN-nin X1 “X6 Sistimi”nin məlumatlarına əsasən müəyyən olunur ki, iddiaçıya pensiya hüququn yarandığı xx.xx.2022-ci il tarixdən 396,47 manat məbləğində əmək pensiyası təyin edilmişdir və hal-hazırda ona ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Eyni zamanda, 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi haqqında qərar qəbul elildiyi nəzərə alınmaqla, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3324/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3324/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver