Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3326/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi ilə (məruzəçi); X11 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə; Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n et d i : Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış evinin altında yerləşən ümumi sahəsi 307.6 kv.metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7653/2021 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli evin altında olan torpaq sahəsinin öz adına özəlləşdirilərək qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 06 mart 2007-ci il tarixli, 2-162/2007 saylı qətnaməsi ilə payçılar arasında olan payları bölünmüş, aradan hasar çəkilmiş və cavabdeh təşkilat həmin məhkəmədə də maraqlı şəxs kimi iştirak etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın imtina əsaslarının üçündən ikisi öz həllini tapmışdır. Paylı mülkiyyətçilərdən razılıq məsələsi hələ çoxdan öz həllini tapmışdır. Həmçinin digər imtina əsası olan “perimetrik və ölçü fərqləri” məsələsi də iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə nəticəsini tapmışdır. Digər üçünücü əsas isə qanuni deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.1985-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1971-ci il tarixdə vəfat etmiş X4 əmlakı vərəsəsi olan arvadı X1. Həmin şəhadətnamədə miras əmlak olaraq ünvan 2 ünvanda 524,8 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 116 kv.metr olan A tikilisinin ½ hissəsi göstərilmişdir. - xx.xx.2001-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 12 saylı Dövlət Notariat kontoru tərəfindən xx.xx.1992-ci ildə təsdiq edilən və reyestrdə 2 kitab 762 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 27 yanvar 1998-ci ildə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, TİB-n 20.07.01-ci il tarixdə verdiyi 30/1470 №-li arayışa və 15.06.86-cı il tarixdə TİB-n 242 №-li kitabın 16406-cı səh. verdiyi 30/703 qeydiyyat vəsiqəsinə əsasən mərhuma məxsus Bakı şəhəri, Şirvan-zadə küçəsi, ev 38-dən ibarətdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin seriya FM, 015125 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Şirvan-zadə küçəsindəki ümumi sahəsi 261,9 kv.m olan 38 saylı fərdi yaşayış evi müəyyən edilmiş paylarda İddiaçı, X12 və X7 adına xx.xx.2001-ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. - İşdən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2-162/2007 saylı qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən mülkün həyətinə giriş hissəsinin bölünərək, daş hasar inşa etdirməklə - eni 1,85 m. hissə İddiaçı, eni 1,75 m. hissədə isə iş üzrə cavabdehlər X8, X10 verilməsi, hasar bölgüyə uyğun olaraq 15 m. sədd boyunca, 2,5 m. hündürlüyündə inşa edilməsi, hasarın inşası üçün çəkiləcək xərclərin İddiaçı aid edilməsi qət edilmişdir. - İşdə olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1981-ci ilin may ayında X5 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 577.3 kv. metr göstərilmişdir. İşin müayyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin baş planı ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyət olduğundan texniki pasportda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların razılıq ərizələri təqdim edilməmişdir. Bundan əlavə, ünvan 1 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməsi ilə bağlı aidiyyəti quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi ünvan və ətraf ərazi layihələndirildiyindən hər hansı sənədləşmə işinin aparılması məqsədəuyğun deyildir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “...iddiaçının iddia etdiyi torpaq sahəsinin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında "xxxx" MMC-yə ayrılmış sahə ilə üstüstə düşdüyü iş üzrə müəyyən olunduğundan, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair həmin hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz”. Kollegiya ilk növbədə aşağıdakı hüquq normalarına diqqət çəkir: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun: 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ..... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair əsaslar mövcuddur. Odur ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair Sərəncamın mövcud olması və iddiaçının həmin Sərəncamı mübahisələndirməməsi səbəbindən iddia tələbini rədd etmək qanunsuz və əsassızdır. Birinci instansiyanın mövqeyinə münasibətdə Kollegiya ilk növbədə bildirir ki, torpaq sahəsinin iddiaçıya məxsus olmasını göstərən sənədlər daha əvvəl qəbul edilmiş və tərtib edilmiş hüququmüəyyənedici sənədlər olmaqla hazırda qüvvədədir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında verilmişdir. İşin hazırkı hallarından isə iddiaçının ona ayrılmış torpaq sahəsindən başqasının istifadəsinə dair hər hansı icazəsinin olduğu müəyyən edilmir. Digər tərəfdən cavabdehin digər imtina əsaslarına mübasibətdə Kollegiya qeyd edir ki, faktiki vəziyyət ilə baş plan arasında perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcud olması iddiaçının təqsiri deyil və qeyd edilən uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifəsidir. Paylı mülkiyyətçilərin razılıq ərizələri ilə bağlı cavabdehin imtina əsasına gəldikdə isə, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2-162/2007 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ünvan 3 ünvanda yerləşən mülkün həyətinə giriş hissəsinin bölünərək, daş hasar inşa etdirməklə - eni 1,85 m. hissə İddiaçı, eni 1,75 m. hissədə isə iş üzrə cavabdehlər X8, X10 verilməsi, hasar bölgüyə uyğun olaraq 15 m. sədd boyunca, 2,5 m. hündürlüyündə inşa edilməsi, hasarın inşası üçün çəkiləcək xərclərin İddiaçı aid edilməsi qət edilmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evinin altında yerləşən ümumi sahəsi 307.6 kv.metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə 100 (bir yüz) manat məhkəmə ekspertizası xərci cavabdehdən tutularaq dövlət büdcəsinə (X6, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3326/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3326/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver