Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3327/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5211/2023 saylı, xx.xx.2023-cü il qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraatlar: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı ” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi tərəfindən işlədiyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentindən ona təhkim olunmuş şalanda tipli ağır tonnajlı yük maşını ilə səfərbər olunaraq Vətən uğrunda gedən döyüşlərə mülki şəxs kimi öz töhfələrini vermişdir. Ştat üzrə onun vəzifəsi sürücü olsa da, uğurlu döyüş əməliyyatlarının aparılması üçün döyüş bölgələrinə ağır texnikalar, silah, sürsat, ərzaq və geyim əşyaları daşımaqla keçirdi. Ona verilən əmrlərə uyğun olaraq, bir vətəndaş kimi döyüşlərə öz töhfəsini vermişdir. Müharibə dövründə döyüş təminatı ilə məşğul olduğu dövrdə barəsində cinayət işi olmamış və haqqında heç bir təhqiqat aparılmamış, təqsirləndirici materiallar toplanmamışdır. İddiaçı topladığı sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya”ya təqdim edərək, ona “Müharibə veteranı” adının və statusunun verilməsini xahiş etmiş, lakin cavabdeh barəsində müsbət qərar qəbul edilməmişdir. Hesab edir ki, cavabdehin barəsində qəbul etdiyi qərarı qanunsuzdur. Ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021ci il tarixli qərarına görə döyüş təminatı ilə məşğul olan mülki işçi kimi döyüş təminatında iştirak etdiyini sübut edən müvafiq sənədlər əsasında "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Müharibə veteranı” adının və statusunun verilməsi tam qanuna uyğundur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ştat üzrə vəzifəsi sürücü olsa da, uğurlu döyüş əməliyyatlarının aparılması üçün döyüş əməliyyatlarının getdiyi yerlərdə qanuni qaydada ezam olunduğu ona təhkim olunmuş “SEMİTRALER” markalı, ** ZH *** dövlət qeydiyyat nömrə nişanlı və yəhərli dartıcı “Ford Cargo” markalı **-LO-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən hərbi əmlakı, döyüş texnikalarını, sursatı təyin olunmuş döyüş təyinatlı rayonlara daşımış, qoşunlarımız torpaqlarımızı azad edib irəlilədikcə o da onlarla birlikdə onlarla birlikdə idəliləyərək döyüş şəraitinə uyğun olaraq verilən əmrlərə uyğun olaraq, bir vətəndş kimi Vətən uğrunda döyüşlərə öz töhfələrini vermiş, bütün bu hallar N nömrəli hərbi hissədən verilən arayışda və hərbi biletində qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarı ilə döyüş təminatı ilə məşğul olan mülki işlərdə döyüş təminatı ilə məşgul olan mülki işçilərə də döyüş təminatında iştirak etdiyini sübut edən müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının “Veretanlar haqqında qanuna uyğun olaraq müharibə veteranı adının və statusunun verilməsini əsas tutaraq o da cavabdehə müraciət etsə də, əsassız olaraq imtina məktubu verilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən cvabdehin əsassız imtinasına hüquqi qiymət verməmiş, onunla birlikdə müvafiq fəaliyyət göstərən şəxslərə veteran adının və vəsiqəsinin verilməsinə baxmayaraq, ona qarşı əsassız imtina edilməklə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulduğu nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərar qəbul edərkən yalnız cabadeh tərəfin verdiyi etirzlara əsaslandığını, təqdim etdiyi sübutlara- döyüş gedən ərazilərə ezam olunması və ezamiyyətdən qayıtmasına dair əmrləri, ezamiyyət vərəqələri, həmin əmrlərlə əlaqədar əmək haqqına əlavə olaraq ödənilmiş vəsaitlərə dair arayışları nəzərə almadığını qeyd edən şikayətçi həminçinin bildirmişdir ki, müharibə gedən ərazilərdə xüsusi komendant rejimi fəaliyyət göstərdiyindən sənədləri həmin ərazilərdə dəfələrlə yoxlanılmış, Müdafiə Nazirliyi tərəfindən adı hər dəfə dövlət portalında qeydiyyata salınmışdır. Veteran adının veilməsi nəticəsində alacağı pensiyanın onun mülkiyyəti olduğunu, məhkəmənin verdiyi qərarla onu mülkiyyətindən məhrum etdiyini, bunun da Avropa “İnsan hüquqları və Əsas azadlıqları haqqında” Konvensiyasının 20 mart 1952-ci il tarixli 1 saylı protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozduğunu və Azərbycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli 5 sayl Qərarının 2-ci” bəndinə ziidd hesab etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan və iddiaçının işin apellyasiya baxığında təqdim etdiyi təqdim etdiyi sənədlərdən görünür ki, SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 1024/e saylı, 01 oktyabr 2020-ci il tarixli ezamiyyət haqqında əmrinə əsasən İddiaçı (9 saylı a/d-nın Ford-Cargo – 1835 markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü) xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 31 (otuz bir) gün müddətinə hərbi əməliyyatlarının aparıldığı bölgələrə ezam olunmuşdur. SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 1138-e saylı, 30 oktyabr 2020-ci il tarixli ezamiyyət haqqında əmrinə əsasən İddiaçı (9 saylı a/d-nın Ford-Cargo – 1835 markalı ** JO *** dövlət qeydiyyat nişanlıavtomaşının sürücüsü) xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 30 (otuz) gün müddətinə hərbi əməliyyatlarının aparıldığı bölgələrə ezam olunmuşdur. SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 1270-e saylı, 01 dekabr 2020-ci il tarixli ezamiyyət haqqında əmrinə əsasən İddiaçı (9 saylı a/d-nın Ford-Cargo – 1835 markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü) xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 31 (otuz bir) gün müddətinə hərbi əməliyyatlarının aparıldığı bölgələrə ezam olunmuşdur. 2506 saylı, xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı (sürücü 6 saylı TND-nin 9 saylı av. dəstəsinə məxsus “Ford Cargo” 1835 markalı, 90-10-233 d.n.n.) cəbhə bölgəsinə texnika daşıması üçün 01- xx.xx.2020-ci il tarixlərdə 31 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur. 2931 saylı, xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı (sürücü 6 saylı TND-nin 9 saylı av. dəstəsinə məxsus “Ford Cargo 1835” markalı, 90-10-233 d.n.n.) cəbhə bölgəsinə avadanlıq daşıması üçün 01-xx.xx.2020-ci il tarixlərdə 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur. 3391 saylı, xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı cəbhə bölgəsində “Ford cargo ** JO *** yəhərli dartıcı yüklərin daşıması üçün N saylı hərbi hissə tərkibində 01-xx.xx.2020-ci il tarixlərdə 14 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunmuşdur. N saylı, hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli fəxri fıərmanına əsasən İddiaçı Azərbaycan Ordusunun 44 günlük “Dəmir Yumruq” əməliyyatında iştirak edən Hərbi Hissənin döyüş qabliyyətinin yüksək saxlanması məqsədi ilə texniki dəstək göstərdikləri üçün təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 4031 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissədə sürücü kimi yarım qoşqu “Semitrailer” markalı, **-ZH-*** dövlət qeydiyyat nömrə nişanlı və yəhərli dartıcı “Ford Cargo” markalı **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərindən hərbi əmlakı, sursatı təyin olunmuş döyüş təyinatlı rayonlara daşımışdır. İddiaçıya məxsus olan H3 seriyalı, ******* nömrəli hərbi biletində qeyd edilmişdir ki, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi yarım qoşqu avtomobillə Bakı şəhərindən hərbi əmlakı, sursatı təyin olunmuş döyüş təyinatlı rayonlara daşımışdır. Əsas olaraq isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ağcabədi rayonu N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 4031 nömrəli arayışı göstərilmişdir. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2023-cü il tarixli arayıından görünür ki, İddiaçı ikinci Qarabağ müharibəsində qeyd olunan müddətdə cəbhə bölgəsinə ezam olunmuş və xx.xx.2020-xx.xx.2020-cil üçün 1183.00 manat, xx.xx.2020-xx.xx.2020-ci il üçün 1144.00 manat, xx.xx.2020-xx.xx.2020-ci il üçün isə 520.00 manat ezamiyyə haqqı almışdır. İddiaçı yuxarıda qeyd edilən sənədləri əsas götürərək “Veteranalar haqında ”Azərbaycan Respublikası Qanunua əsasən veteran adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafia Nazirliyiə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/3-8513 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2497 nömrəli məktubuna əsasən nizami hissə üzrə əmrdə adı olmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü madəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir Həmin maddəyə aid Qeydə göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnamənin 1-ci bəndinə aid qeyddə göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Digər qeyddə isə Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi iş yerindən olan əmrlərindən və ezamiyyət vəsiqələrindən göründüyü kimi onun yalnız hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olundugu, yəni döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olundugu göstərilmir, həmçinin də cavabdehin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2497 nömrəli məktubuna əsasən nizami hissə üzrə əmrdə adının olmadığı bildirilmişdir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər” statusunu əldə etməsi istisna edilir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İddiaçı isə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmasını sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıda qeyd edilənlərə istinadən əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin müvafiq ezamiyyət haqqında əmrlərinə əsasən 9 saylı a/d-nın “Ford-Cargo – 1835” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 31 (otuz bir) gün, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 30 (otuz) gün, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 31 (otuz bir) gün müddətinə, 3206 saylı ezamiyyə vəsiqəsinə əsasən 31 gün, 2931 saylı ezamiyyə vəsiqəsinə əsasən 30 gün, 3391 saylı ezamiyyə vərəqəsinə əsasən isə 14 gün cəbhə bölgəsinə texnika daşınması üçün ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 4031 nömrəli arayışında göstərildiyi kimi iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissədə sürücü kimi yarım qoşqu “Semitrailer” markalı, **-ZH-*** dövlət qeydiyyat nömrə nişanlı və yəhərli dartıcı “Ford Cargo” markalı **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərindən hərbi əmlakı, sursatı təyin olunmuş döyüş təyinatlı rayonlara daşımışdır. İddiaçıya məxsus olan H3 seriyalı, ******* nömrəli hərbi biletində həmin arayış əsasında bu barədə qeyd edilmişdir. Eyni zamanda iddiaçı hərbi hissəyə göstərdiyi dəstəyə görə Fəxri Fərmanla təltif olunmuş, ezamiyyətdə olduğu müddət üçün isə ona ezamiyyə xərcləri ödənilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi iş materaillarında olan əmrlərdə iddiaçının hərbi bölgəyə ezam edilmə səbəbi göstərilməsə də, ezamiyyə vərəqələrində cəbhə bölgəsinə hərbi texnika daşınması üçün ezam edildiyi qeyd olunmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi iş materiallarında olmayan,cavabdehin imtina məktubunda qeyd etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2497 nömrəli məktubuna istinad edərkən, həqiqətən də belə bir sənədin olub-olmamasını araşdırmamış, həmin sənədin təqdim edilməsi barədə cavabdehə sorğu göndərməmişdir. Digər tərəfdən məhkəmə həmin hərbi hissə komandirinin iş materialalrında olan xx.xx.2021-ci il tarixli 4031 saylı arayışında iddiaçı tərəfindən idarə etdiyi avtomobillə Bakı şəhərindən hərbi əmlakı, sursatı təyin olunmuş döyüş təyinatlı rayonlara daşıdığını qeyd etsə də müvafiq arayışa və iddiaçının Azərbaycan Ordusunun 44 günlük “Dəmir Yumruq” əməliyyatında iştirak edərək, hərbi hissənin döyüş qabliyyətinin yüksək saxlanması məqsədi ilə texniki dəstək göstərdiyi üçün təltif olunması barədə Fəxri Fərmana da hüquqi qiymət verməmişdir. Cavabdehin imtinasının əsasını təşkil edən “nizami hissə üzrə əmrdə adının olmamasına dair” imtina məktubunda və birinci instansiya məhkəməsinin qərarında göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda göstərilən bəndində “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb ediln sənədlərin siyahısında hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər qeyd olunsa da, birinci instansiya məhkəməsi müvafiq bənddə göstərilənləri düzgün tətbiq etməmiş, cavabdehə verilmiş ezamiyyət vəsiqələrinin və yuxarıda qeyd edilən digər sənədlərin iddianın təmin olunması üçün əsas olduğunu nəzərə almamışdır.. Beləliklə, yuxarda göstərilən sübutlara məcmu şəklində qiymət verən Kollegiya hesab edir ki, cavabdehin imtinasının dəlilləri məhkəmə araşdırması zamanı əldə edilən məlumatlarla təkzib olunduğundan və bütün əldə edilən sübutlar iddianının təmin edilməsi üçün əsas verdiyindən, iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5211/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3327/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3327/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver