Məhkəmə qərarları › İş №2-1(103)-3328/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3328/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3328/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X15 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının vərəsə payı üzrə rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının atası X1 qanuni vərəsəsi olmaqla bu barədə Bakı şəhəri 1 saylı dövlət notariat ofisində qanuni vərəsəsi kimi tanınması barədə xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işi mövcuddur, bu əsasla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanı üzrə hal-hazırda ailəliklə əvvəldən vərəsəlik hüququ əsasında yaşadıqları şəxsi mülkiyyətin X10 adına o, dövr üçün mülkün rəsmiləşdirilməsi sənədi - Bakı şəhəri, Sabunçu (Lenin) Rayonu XDS-i İcraiyyə Komitəsinin 778 saylı, xx.xx.1964-cü il tarixli rəsmi arayışı əsasında atası X7 iddiaçının X10 vərəsəsi kimi tanınmış və həmin mülkün vərəsə payları qeyri-rəsmi hüquqda müəyyənləşdirilərək həmin vərəsə payı hissəsi üzrə yaşamış, lakin bu haqda mülkün vərəsə payı hissəsi üzrə adına rəsmiləşdirilməsini aparılmasını həyata keçirə bilməmiş, xx.xx.1977-ci ildə vəfat etmiş, qanunun tələbi üzrə atası X7 qanuni vərəsəsi kimi onun adından həmin qeyd olunan vərəsə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin məhkəmədə mübahisələndirilməsini aparmaqda qanuni hüququ mövcuddur, hansı ki, atası, X4 o, dövr üçün məxsus olmuş, lakin rəsmiləşdirilməsini aparılması üzürlü səbəbdən mümkün olmadığı həmin vərəsə mülkiyyət payı üzrə rəsmiləşdirilməmiş hissəsində 8 nəfər ailə tərkibi ilə birlikdə yaşayırlar və bu hüquqda da həmin vərəsə mülkiyyət hüquqlarının vərəsə payı üzrə rəsmiləşdirilməsi öhdəliyini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini” xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 8 nəfər ailə tərkibi ilə doğulduğu vaxtdan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı fərdi yaşayış evində yaşayır. Həmin ev işə əlavə etdiyi Bakı şəhəri, Sabunçu (Lenin) Rayonu XDS-i İcraiyyə Komitəsinin 778 saylı xx.xx.1964-ci il tarixli rəsmi arayışı əsasında 1886-cı il təvəllüdlü X10 xüsusi mülkiyyətində olmuşdur. X10 qanuni vərəsələrindən olan iddiaçının atası X8 xx.xx.1977-ci ildə vəfat etdiyindən iddiaçı Bakı şəhəri, 1 saylı notariat orqanı tərəfindən təsdiqlənmiş xx.xx.1978-ci il tarixli 1202 saylı vərəsəlik şəhadətnaməsinə əsasən onun qanuni vərəsəsi olaraq həmin evə vərəsə payı üzrə mülkiyyət hüququnu təsdiqləyən çıxarışın alınması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********63 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X5 və X3 adlarına Bakı şəhəri, Lenin rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. - -iddiaçının təqdim etdiyi Bakı şəhəri, Lenin Rayonu kənd soveti sədrinin 778 saylı xx.xx.1964-ci il tarixli arayışın surətində qeyd olunmuşdur ki, X18 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evdə saglıgında yaşamış və evin mülkiyyətçisi olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı Notariat Ofisinin 25 noyabr 2021-ci il tarixli, 771 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Ofisində açılmış xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1977-ci ildə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Ramana qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən arxivdən göndərilən sənədlərə əsasən: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Ramana qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X9 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” 1963-cü ildə texniki pasport tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/5 hissəsindən ¼ hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışla X6 xüsusi mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır. Belə ki, AR İPM-nin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X3 qanuni vərəsə olduğunu və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 3 ünvanında yerləşən mülkün mərhum babası X13 məxsus olduğunu bildirərək, həmin mülkün vərəsə kimi onun adına rəsmiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarış verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka çıxarışın verilməsi” tələbinə dair iddiası mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı olmaması əsası ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qüvvədə saxlanılmış və qərardad qüvvəyə minmişdir. Hazırda iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Lenin Rayonu kənd soveti sədrinin 778 saylı xx.xx.1964-ci il tarixli arayışın surətində qeyd olunmuşdur ki, X18 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evdə saglıgında yaşamış və evin mülkiyyətçisi olmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən arxivdən alınmış sənədlərdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Ramana qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının əmisi X9 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” 1963-cü ilin sentyabr ayında texniki pasport tərtib edilmişdir. Göründüyü kimi iddiaçının əmisi X11 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci yarımbəndində nəzərdə tutulan sənədə malik olmuş, bununla da məhz onun fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüquqları yaranmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. -7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Göründüyü kimi, vərəsə tərəfindən ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilməli, bundan sonra isə həmin qeydiyyat orqanı tərəfindən həmin vərəsəlik şəhadətnaməsi əsasında da daşınmaz əmlak birbaşa vərəsinin öz adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mərhum atasının (babasının) mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlaka münasibətdə subyektiv hüququn olması müəyyən edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mümkün deyil. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 35, 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar