Məhkəmə qərarları › İş №2-1(103)-333/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-333/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-333/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı MMC-nin (qurumun sonrakı adı “xxxx” MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx xxxxxx 2020-ci il tarixli, **********139184 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6305/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (qurumun sonrakı adı “xxxx” MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx xxxxxx 2020-ci il tarixli, **********139184 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6305/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün xx xxxxxx 2021-ci il tarixə məhkəmə baxışına təyin olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş ərizədə apellyasiya şikayətindən imtina edildiyi bildirilmiş və şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6305/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar