Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-333/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3406/2021saylı, 14.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “17 iyul 1990-cı il tarixdən əmək fəaliyyətinə başlayaraq 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində 15 ildən yuxarı iş stajının olması nəzərə alınaraq iddiaçıya pensiya hüququnun yarandığı 29.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 24.08.1985-ci il tarixli 176-cı nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumun gündüz şöbəsinin “Kimya və neft qaz emalı zavodlarının avadanlıqları” ixtisasına (qrup-127) daxil olmuş, hərbi xidmətə gedib qayıtdıqdan sonra 14.12.1988-ci il tarixli 285-cı nömrəli əmrlə texnikumun gündüz şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-152) bərpa edilmiş, həmin ixtisas üzrə 17.05.1990-cı 67-T nömrəli əmrlə Texnikumu bitirmişdir. 17 iyul 1990-cı il tarixdən 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində çalışmışdır. Ümumilikdə onun 31 ildən yuxarı iş stajı, 15 ildən yuxarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında nəzərdə tutulan xüsusilə zərərli əmək şəraitində işləmişdir. nəzərdə tutulmuşdur. İddiaçı işlədiyi müəssisə tərəfindən verilən arayışlarla və əmək kitabçası üzrə onun həmin siyahı üzrə xüsusi zərərli peşədə işləməyi təsdiqini tapmış, buna baxmayaraq cavabdeh qanuna edilmiş dəyişikliklərə əsasən bu pensiyanı iddiaçıya təyin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, bu imtina qanunsuzdur. Cavabdehin işə əlavə olunmuş 21 noyabr 2020-ci il tarixli imtina məktubundan və iddia ərizəsinə etirazından görünür ki, imtinanın əsası kimi göstərmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3406/2021saylı, 14.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 17 iyul 1990-cı il tarixdən əmək fəaliyyətinə başlayaraq 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində 15 ildən yuxarı iş stajının olması nəzərə alınaraq İddiaçı pensiya hüququnun yarandığı 29.08.2020-ci il tarixdən (52 yaşından ) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “...məhkəmə Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələblərini pozub. Filialın imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. Ona görə də zəruri olan 3 şərt reallaşmadığından iddiaçının tələbi əsaslı deyil. Məhkəmənin qərarı 6.2,6.3 və 45-ci maddələrinin tələblərinə ziddir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 60.000 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalının cəmi, 43.501,31 manat təşkil edir. Məhkəmə nəzərə almamışdır ki, şəxsə pensiya Əmək pensiyaları haqqında” Qanunun uyğun təyin edilir. Sadəcə Qanunun 9.8-maddəsi bəzi şəxslərə münasibətdə əvvəlki qanunvericiliyin şərtlərinin diqqətə alınmalı olmasını nəzərədə tutub . İddiaçıya münasibətdə 2 şərt – yaş və staj, əvvəlki qanunvericiliyə əsasən nəzərə alınıb. Lakin pensiya kapitalı şərti “Əmək pensiyaları haqqında” Qanunu ilə gətirilmişdir. İddiaçının 52 yaşı 29.08.2020-ci il tarixdə tamam olduğundan həmin Qanunun 9.1-ci maddəsinə edilmiş və 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş dəyişikliyə qədər pensiya hüququnun yaranmadığı aşkardır. Bu səbəbdən də pensiya qanunvericiliyində edilmiş pensiya kapitalı ilə bağlı dəyişiklik idiaçıya şamil edilməlidir. Əslində, məhkəmə də pensiya kapitalının tələb olunduğunu qəbul edib, ancaq qeyd edib ki, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı (43.501,31) manat kifayət edir.“Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinin tətbiqi maddi hüquq pozuntusudur. Çünki həmin maddənin hazırkı mübahisə ilə bağlılığı yoxdur...” Məhkəmə kollegiyasının 11 noyabr 2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayndəsi vəkil X1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclasının yeri və vaxtı, habelə gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı A.Ağaquleyev onun 2006-cı ilə qədər olan iş stajının yarısndan çox olan hissəsinin zərərli işdə çalışdığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının stajı və yaşla bağlı şərtlər cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ildən qüvvəyə minmiş redaksiyası üzrə dəyişiklik və iddiaçının “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun qeyd olunan 9.8-ci maddəsinin mənasından aşkar surətdə anlaşılır ki, 9.1ci maddədə nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə müvafiq surətdə təyin edilir. Başqa sözlə, həmin şəxsələrə münasibətdə 01.01.2006-cı ilə qədər qüvvədə olan qanunvericilik tətbiq olunur. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinə əsasən isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdirlər : a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.” Qeyd olunmalıdır ki, 13.06.1997-ci il 321-İQD saylı Azırbaycan Respublikası Qanunu ilə həmin maddəyə edilən dəyişikliyə görə “a” və “b” bəndlərində göstərilən yaş hədləri müvafiq olaraq 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsindən isə görünür ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır (Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarına əlavə edilmiş ИT-İ № ******* nömrəli əmək kitabçasının surəti və onun sığorta stajı barədə 11.09.2020-ci il tarixli 09 nömrəli məlumat vərəqi araşdırıldıqda, müəyyən olunur ki, aşağıdkı işlərdə çalışmışdır: 05.06.1989 - 19.10.1989 Sumqayıt Superfosfat Zavodu, soyutma aparatçı (4 ay 14 gün); 17.07.1990 - 14.10.1994-cü “Üzvi sintez” İstehsalat Birliyi, polimerləşdirmə aparatçı (4 il 2 ay 27 gün); 15.10.1994 – 31.12.2005 "xxxx" Dövlət Şirkəti “Etilen-polietilen” Zavodu polimerləşdirmə aparatçısı ( 11 il 2 ay 16 gün)... (Daha sonra da işləmişdir). Belələiklə də əmək kitabçasının qeydlərinə görə iddiaçının sözügedən istehsalatda 16 il 5 ay 27 gün iş stajı müəyyən olunur. Bundan əlavə, işə əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 10 nömrəli, 02.09.2020-ci il tarixli arayışına və həmin Koleci bitirməsinə dair 27 sentyabr 544670 saylı diploma, habelə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 533 nömrəli, 01.09.2020-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, iddiaçı İddiaçı: - 24.08.1985-03.12.1986-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda (Gündüz şöbəsi, “Kimya və neft-qaz emalı zavodlarının avadanlıqları” ixtisası üzrə) təhsil almış (1 il 3 ay; 18 gün); - 03.12.1986 - 01.12.1988-də Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş (1 il 11 ay 28 gün); - 14.12.1988 - 17.05.1990-cı il illərdə, hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt Kimya Texnologiya Texnikumunda təlsilini davam etdirmiş və həmin Texnikumu bitrərək 0ona HT-İ 544670 nömrəli diplom verilmişdir (1 il 5 ay 3 gün). “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən aşağıdakılar da işçinin iş stajına daxil edilir : «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; “V” bəndinə əsasən” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının orta ixtisas təhsil müddəti və onun hərbi xidməti üzrə cəmi iş stajı 4 il 11 ay 1 gün təşkil edir ki, həmin müddət də onun yuxarıda qeyd olunan 16 il 5 ay 27 gün istehsalat stajı ilə toplandıqda, 20 ildən də çox ümumi iş stajı mövcud olur. İddiaçının əmək kitabçasının yuxarıda tədqiq qeydlərinə, eləcə də, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun işə əlavə olunmuş 124 və 125 nömrəli, 07 sentyabr 2020-ci il tarixli arayışlarına əsasən müəyyən olunur ki: - iddiaçının 17 .07.1990-cı il tarixindən 31.12.2005-ci ilə kimi (yəni 15 il 5 ay 14 gün) Birliyin keçmiş “Üzvi Sintez” zavodunun sintez sexində tam iş günü, polimerləşdirmə aparatçısı kimi işlədiyi peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə“Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının (Vİİİ “Kimya istesalatı” bölməsində “1080A0100-17541” şifrinin “A” (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) bəndi üzrə) 1080A010 şifrinə (həmin şifrin 1-ci bəndinin ardıcıllıqla gələn 5-ci qrafasında) sadalanan “plastik kütlələr” istehsalatında güzəştli pensiya hüququ verən peşəyə (vəzifəyə) aiddir. Cavabdehin apellysiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçının 10 ildən çox (15 ilə yaxın) 1 saylı Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşədə çalışdığı və onun 20 ildən çox ümumi iş stajının mövcud olduğu mübahisələndirilmir. Beləliklə də, iddiaçı tərəfrindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinin şərtləri, o cümlədən, 52 yaş həddi, 20 il ümumi və 10 il xüsusilə zərərli iş stajı yerinə yetirilir. Belə olan halda, onun 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq 52 yaşından, yəni, 29.08.2020-ci il tarixindən pensiya hüququ yaranmış olur (İşə əlavə olunmuş şəsiyyət vəsiyqəsinə əsasən xx.xx.1968-ci ildə anadan olmuşdur). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin iddiaçıya, onun müvafiq pensiya kapitalının mövcud olmadığına istinadən, 52 yaşından pensiya təyin olunmasından imtina etməsi əsassızdır və onun hüqüqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki,nzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunması barədə gəldiyi nəticəni işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən, iddiaçıya münasibətdə 1 iyul 2017-ci il tarixdən “Əmək penssiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilən dəyişikliyin nəzərə alınmadığını və onun fərdi hesabında tələb olunan pensiya kapitalının mövcud olmadığı halda, iddia tələbinin təmin olunması barədə maddi hüquq normalarının pozulması ilə qərar çıxarıldığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3406/2021saylı, 14.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3406/2021saylı, 14.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-333/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-333/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver