Məhkəmə qərarları › İş №2-1(103)-333/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-333/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-333/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlilliyin təyin edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İş materiallarında olan 07 may 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu İ83.9 Aşağı ətraf venalarının xora və iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafda venaların varikoz genişlənməsi xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: M17. Qonartoz (diz oynağının artrozu), Sol diz oynağının osteoartrozu. M41. Skalioz, skalioz İİ dərəcə G90. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar distoniyası, Sağ baldırda tendovaginit. Q66.0. Ekvino-varus əyripəncəliyi, iki tərəfli yastıpəncəllik İİ dərəcə. İ83. Aşağı ətraf venalarının varikoz genəlməsi, Xroniki venoz çatmamazlıq İİ- İİİ mər. Yanaşı xəstəliklər isə aşağıdakılardır: F48.0 Nevrasteniya.

2. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki: - İddiaçı “Bakı Pirallahı Tibb Mərkəzi” phş-nə xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətraf venalarının varikoz genəlməsi. Aşağı ətraf venalarının varikoz genəlməsi, xroniki venoz çatışmamazlıq, aşağı ətrafların venoz çatmazlığı 2-3 dərəcə. Distoniya hipertoniya tipli NSD, xroniki bronxit. Qonartroz (diz oynağının artrozu), sol diz oynağının osteoxondrozu, vegetativ damar distoniyası. Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla sağ ağciyərlərin keçirilmiş vərəmindən sonrakı vəziyyət. Skolioz, onurğanın S-vari İİ dərəcəli skoliozu. Nevrasteniya. Ekvino-varus əyripəncəliyi ağrı sindromu ilə” müəyyən edilmişdir. Qeyd edilən xəstəliklərin konservativ yolla tam reabilitasiyası mümkün deyildir və vaxtaşırı bərpaedici müalicəyə cəlb oluna bilər.

3. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respubli-kasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert tərəfindən həyata keçirilir.

4. Apellyasiya baxışı zmanı təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, T678/2024 saylı ekspert rəyində qeyd olunmuşdur ki: -1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -1-3. Vətəndaş İddiaçı 14-xx.xx.2024-cü il tarixlərdə “Elmi- X2 İnstitutu”nda XBT- 10 kodu ilə “Əsas xəstəlik: J41 - xroniki bronxit, subremisiya mərhələsi. Yanaşı xəstəliklər: B90.9-keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq, solda zəif fibroz şəklində” diaqnozu ilə müalicədə olarkən ventilyasiya pozğunluğu qeyd olunmamışdır. -İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Bakı Pirallahı Tibb Mərkəzi”ndən Tibbi- Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2021-ci il tarixli, ******* AABZT saylı göndərişində qeyd edilən “İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi” xəstəliyinə görə ambulator müraciətləri olmuş, “İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, M41-skolioz, J20-kəskin bronxit” diaqnoz ona stasionarda müayinə və müalicə olunarkən anamnestik, klinik və müvafiq diaqnostik müayinə metodları əsasında müəyyən edilmiş müalicələr xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnozlar nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il dekabr tarixli, 413 Ns-li qərarının meyarlarının, istərsə də xx.xx.2022-ci il tarixli, 187 N2-İİ Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın maddələrindən birini şamil etməyə əsas vermədi.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

5. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən xx.xx.2021ci il tarixindən İİ qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ixtisaslaşmış stasionar müalicəyə ehtiyac var. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

7. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli göndəriş əsasında İddiaçı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ekspert rəyindən göründüyü kimi, forma 88 arayışında əsas diaqnoz və ağırlaşma kimi göstərilmiş xəstəliklər iddiaçıda mövcuddur. Digər tərəfdən qeyd olunmalıdır ki, Bakı Pirallahı Tibb Mərkəzi tərəfindən tərtib olumuş göndərişdə iddiaçıda olan xəstəliklər (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) ayrı-ayrılıqda müvafiq XBT-10 kodlarına uyğun olaraq göstərilmişdir. Məhkəmə göndəriş ilə bağlı qeyd edir ki, diaqnozun düz olub-olmaması, əlavə müalicə və müayinəyə ehtiyac olub-olmaması, bunun nəticəsində isə şəxsin əlilliyin Əsasnamədə hansı XBT-10 kodu altında nəzərdə tutulmuş xəstəlik olmasının müəyyən edilməsini həmin sahə üzrə ixtisasa malik həkim tərəfindən qiymətləndirilə bilər, bunun üçün hər hansı əlavə səlahiyyətverici normanın qəbuluna zərurət yoxdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə nə əyani müayinə qərardadı, nə də nə də ki, məhkəmə tibbi ekspert rəyi olmadan məhkəmə iddianı təmin etmişdir.Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.(iclasın təxirə salınması xahiş edilmş, lakin əsaslı səbəb göstərilmədiyindən və iş uzun müddət məhkəmənin icraatında olduğundan işə baxılması məqsədəmüvafiq hesab olunmuşdur) Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .....

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya):

1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır.

3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....

37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. .....

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

22. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

23. Belə ki, iş materiallarında olan 07 may 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu İ83.9 Aşağı ətraf venalarının xora və iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafda venaların varikoz genişlənməsi xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: M17. Qonartoz (diz oynağının artrozu), Sol diz oynağının osteoartrozu. M41. Skalioz, skalioz İİ dərəcə G90. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar distoniyası, Sağ baldırda tendovaginit. Q66.0. Ekvino-varus əyripəncəliyi, iki tərəfli yastıpəncəllik İİ dərəcə. İ83. Aşağı ətraf venalarının varikoz genəlməsi, Xroniki venoz çatmamazlıq İİ-İİİ mər. Yanaşı xəstəliklər isə aşağıdakılardır: F48.0 Nevrasteniya.

24. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki: - İddiaçı “Bakı Pirallahı Tibb Mərkəzi” phş-nə xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətraf venalarının varikoz genəlməsi. Aşağı ətraf venalarının varikoz genəlməsi, xroniki venoz çatışmamazlıq, aşağı ətrafların venoz çatmazlığı 2-3 dərəcə. Distoniya hipertoniya tipli NSD, xroniki bronxit. Qonartroz (diz oynağının artrozu), sol diz oynağının osteoxondrozu, vegetativ damar distoniyası. Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla sağ ağciyərlərin keçirilmiş vərəmindən sonrakı vəziyyət. Skolioz, onurğanın S-vari İİ dərəcəli skoliozu. Nevrasteniya. Ekvino-varus əyripəncəliyi ağrı sindromu ilə” müəyyən edilmişdir. Qeyd edilən xəstəliklərin konservativ yolla tam reabilitasiyası mümkün deyildir və vaxtaşırı bərpaedici müalicəyə cəlb oluna bilər. -Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respubli-kasında əlilliyin qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert tərəfindən həyata keçirilir.

25. Məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 ekspertlərinə həvalə edilmişdir.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, T678/2024 saylı ekspert rəyində qeyd olunmuşdur ki: -1983-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -1-3. Vətəndaş İddiaçı 14-xx.xx.2024-cü il tarixlərdə “Elmi- X2 İnstitutu”nda XBT- 10 kodu ilə “Əsas xəstəlik: J41 - xroniki bronxit, subremisiya mərhələsi. Yanaşı xəstəliklər: B90.9-keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq, solda zəif fibroz şəklində” diaqnozu ilə müalicədə olarkən ventilyasiya pozğunluğu qeyd olunmamışdır. -İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Bakı Pirallahı Tibb Mərkəzi”ndən Tibbi- Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2021-ci il tarixli, ******* AABZT saylı göndərişində qeyd edilən “İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi” xəstəliyinə görə ambulator müraciətləri olmuş, “İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, M41-skolioz, J20-kəskin bronxit” diaqnoz ona stasionarda müayinə və müalicə olunarkən anamnestik, klinik və müvafiq diaqnostik müayinə metodları əsasında müəyyən edilmiş müalicələr xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnozlar nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il dekabr tarixli, 413 Ns-li qərarının meyarlarının, istərsə də xx.xx.2022-ci il tarixli, 187 N2-İİ Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın maddələrindən birini şamil etməyə əsas vermədi.

27. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) xx.xx.2024-cü il tarixli, T678/2024 saylı ekspert rəyi ilə razılaşmır.

28. Belə ki, müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 keçirdiyi ekspertizada və xx.xx.2024-cü il tarixli, T678/2024 saylı ekspert rəyinin tərtib olunmasında cavabdehin tibbi-sosial eksperti iştirak etmişdir.Lakin nə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 tərəfindən ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarla bağlı məhkəməyə vəsatət verilməmiş, nə də TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı ekspertiza təyin etmiş məhkəmə ilə razılaşdırılmamışdır.

29. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir ki, sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.(Bənd 45).

30. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə nə əyani müayinə qərardadı, nə də nə də ki, məhkəmə tibbi ekspert rəyi olmadan məhkəmə iddianı təmin etmişdir.Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq diqqətə çəkir ki, iddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları iş üzrə birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertiza ilə bağlı xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyindən də göründüyü kimi, aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur.

32. Nəzərə alınmalıdır ki, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi İ83.9 kod altında müəyyən olunan “aşağı ətraf venalarının xora və iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafda venaların varikoz genişlənməsi” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (ləğv edilmiş) 2.2.12- ci yarımbəndində nəzərdə tutulan hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) xəstəliklərə uyğun olmuşdur ki, bu da hazırki halda iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verir.

33. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi İ83.9 diaqnozu birbaşa öz əksini tapmasaydı belə, ən azından onun ağırlaşması kimi İ83 diaqnozunda olan aşağı ətraf venalarının varikoz genəlməsi, Xroniki venoz çatmamazlıq İİ-İİİ mər. Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir.

34. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.

35. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

36. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

37. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

38. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar