Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3333/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Xarici İşlər Nazirliyinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Xarici İşlər Nazirliyinə qarşı əmrlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə işdən azad edilmişdir. Lakin, mövcud sənədləşmə materialı-əmrlər, əmək kitabçası, son haqq-hesab ona verilməmişdir. İşdən çıxma barədə məlumat onda şifahi olmuş, daha sonra isə məktubla dəqiqləşdirilmişdir. Əmrin qəbulu onunla bağlı olmuşdur ki, 30 aprel tarixdə səfir cənab Azər Xudiyev xarici ezamiyyətdən geri çağrılma barədə ərizə verilməsini tələb etmişdir. Lakin, iddiaçı buna etiraz etmişdir. Lakin, səfir işlədiyi yerə onu bu səbəbdən buraxmamışdır və o bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət etmişdir. Səfir tərəfindən Nazirliyə yanlış məzmunlu məktub nəticəsində 07 iyun 2018-ci il tarixli 866 nömrəli əmr qəbul edilərək 08 iyun 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilərək geri çağrılmış, daha sonra isə növbəti bir 29 iyun 2018-ci il tarixli əmrlə qulluğa xitam verilmişdir. Lakin, həmin əmrlər əsaslandırılmamış, xidmətlə bir araya sığmayan hərəkətlərin nə barədə olması qeyd edilməmişdir. Halbuki, tərəfindən hər hansı pozuntu yerinə yetirilməmişdir. Əmək kitabçası ona 21 oktyabr 2022-ci il tarixədək təqdim edilməmişdir. Əmrlərin əsli və son haqq-hesab isə verilməmişdir. Odur ki, hər iki əmr ləğv edilməli, işə bərpa edilmə və ezamiyyə edilmə barədə qərar qəbul edilməlidir. Eyni zamanda iddiaçı vəsatət təqdim edərək əmrlərdən şikayətlə bağlı ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlıdır. Belə ki, əmrlər, son haqq-hesab, əmək kitabçası ona təqdim edilməmişdir. Təkrar müraciətlərdən sonra 2020-ci il 18 dekabr tarixli məktubla ona məlumat verilmiş, lakin yenə də əmrlər təqdim edilməmişdir. Bundan sonra işə bərpa barədə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, iddia ərizəsi və ona əlavə edilən sənədlər mediasiya ilə bağlı geri qaytarılmış, mediasiya barədə sənədləşmə aparılmış, bu arada qəbul edilib dinlənilmiş, əmək kitabçası ona 21 oktyabr 2022-c il tarixdə təqdim edilmiş, lakin əmrlərin əsli və son haqq-hesab ona təqdim edilməmişdir. Bundan sonra mediasiyaya müraciət edilmiş, mediasiyada cavabdehin nümayəndəsi iştirak etmədiyindən sonra arayış alınaraq məhkəməyə təqdim edilmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən isə 07 dekabr 2022ci il tarixli qərardadla işə inzibati qaydada baxılmalı olması səbəbindən iddia ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi əmrlərdən şikayət vermə müddətinin ötürülməsi ondan asılı olmayan səbəblərlə bağlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) və iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq iddianın verilmə müddətini mübahisələndirilən əmrin iddiaçıya məlum olduğu gündən hesablamışdır. Mübahisələndirilən əmrlər iddiaçıya rəsmi olaraq təqdim edildiyi gündən, 30 gün müddətində məhkəməyə müraciət edilmişdir. Yəni, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştiak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı iş üzrə cavabdeh orqan olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 07 iyun 2018-ci il tarixli 866 nömrəli əmri ilə, 08 iyun 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilərək geri çağrılmış, daha sonra isə 29 iyun 2018-ci il tarixli əmrlə qulluğa xitam verilmişdir. İddiaçı hazırda həmin əmrləri mübahisələndirir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürməsi əsası ilə iddianın mümkünsüz hesab edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının hazırkı tələbi cavabdehin 07 iyun 2018-ci il tarixli 866 nömrəli və 29 iyun 2018-ci il tarixli əmrlərinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəlləsi: Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. [31] Göründüyü kimi, mövcud qanunvericilə əsasən, qəbul olunan inzibati akt mübahisələndirildikdə, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilməlidir. İş materiallarından, iddiaçının izahatından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən əmrlər iddiaçıya 2018-ci il tarixdə məlum olmuşdur. İddiaçı apellyasiya şikayətində mübahisələndirdikləri əmrlərin ona daha sonra təqdim edildiyini, bu səbəbdən də müddəti ötürmədiyini bildirsə də, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qedy edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün qanunvericiliklə müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. Müddətin bərpa olunması ilə bağlı vəsatətə münasibətdə isə Kollegiya aşağıdakı normalara diqqət çəkir: İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Göründüyü kimi, inzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. İPM-nin 24.4-cü maddəsindən isə aydın olur ki, müddətin buraxılmasından 1 il keçdikdən sonra o halda müddətin bərpasına dair ərizə verilə bilər ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar mövcud olsun. İş materiallarından, iddiaçının izahatından isə qeyd olunan halların mövcudluğu müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair vəsatətin (ərizənin) mümkün hesab edilməməsi ilə bağlıda düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3333/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3333/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver