Məhkəmə qərarları › İş №2-1(103)-3333/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3333/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3333/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 Şübay oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********648500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin riskli kimi iddia etdiyi əməliyyatlar 2023-cü ilin iyul, avqust, sentyabr, dekabr aylarında olmasına baxmayaraq, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərarla riskli vergi ödəyicisi hesab olunmasını əsas gətirərək iddiaçının əvəzləşmələrinin əsassız şəkildə ləğv etmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə, həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan, həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamış, xx.xx.2024-cü il tarixli qərarı ilə əsassız olaraq iddiaçıya 2022- ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 2393628,25 manat iəbəlğinə əlavə vergi məbəlği hesablanmışdır....” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək, bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...SHALSET GROUP MMC tərəfindən 2023-cü ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********026800 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaiməfakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 2392624.83 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2392624.83 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 608427,07 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 608423,60 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022- ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 2 392 628,25 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********648500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********648500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (Şikayət İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Shalset Group MMC xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC ilə 15.984.684,95 manat dəyərində qarşılıqlı əməliyyatlar aparmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin AZ5011, ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Səlahiyyətli nümayəndənin araşdırmada iştirak etməsi məqsədilə Cəmiyyətə məxsus vergi uçot baza məlumatlarındakı mobil nömrəyə (051- 582-43-11) dəfələrlə zəng edilsə də, əlaqə saxlamaq mümkün olmamışdır. İcarədar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə obyektə baxış keçirilmiş, anbarda mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Həmçinin "xxxx" MMC xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC ilə 475.826,92 manat dəyərində, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC ilə 1.176.340,82 manat dəyərində qarşılıqlı əməliyyatlar aparmış, elektron-qaimə faktura əsasında mal alışı həyata keçirilmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********500000 saylı qərarda 10.05- xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaiməfaktura məlumatlarına əsasən cəmi 1965772,38 manat dəyərində mallar təqdim edildiyi və həmin malların alışında müəyyən olunduğu, lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edmişdir. Məhkəmənin yanlış məntiqə əsaslanmışdır. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" vergi ödəyicilərinin qeyd edilən tarixlərdə məhz İddiaçı MMCilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, müvafiq əməliyyatlar inzibati orqan tərəfindən araşdırıldıqdan sonra həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Qeyd edilənləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən bəyannamə təqdim edildikdən sonra vergi orqanı tərəfindən xx.xx.2024cü il tarixli **********026800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. İddiaçı tərəfindən müvafiq aylara dəqiqləşmiş bəyannamə təqdim edilmədiyi üçün hesablama müvafiq ay üzrə aparılmışdır Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsininxx.xx.2024-cü il tarixli 2-1(112)-5903/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir...” İşin apellyasiya mərəhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə kameral yoxlaması ilə yeni xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-133795/2024 nömrəli qərar qəbul olunduğunu bildirərək, iddia tələbinin, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dəqiqləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya mübahisələndirilən dövr 2023-cü ilin dekabr ayı üzrə eyni əsaslarla və eyni miqdarda əlavə dəyər vergisi hesablandığını bildirmiş və məhkəmədən həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov vergi orqanı tərəfindən iddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunan xx.xx.2024-cü il tarixli qərarla əvvəlki xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, kameral yoxlama ilə iddiaçıya eyni vergi məbləğinin hesablandığını təsdiq etmiş və apellyasiya şikayətinə uyğun izahat verərək qərarın ləğv edilərək iddiaçının hazırkı tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayətinin təmin edilməsindən imtina olunmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında mübahisələndirmə haqqında iddia vasitəsilə, cavabdeh vergi orqanının kameral yoxlamanın nəticələri üzrə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********648500 nömrəli qərarının ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, lakin işin apellysiya icraatı mərhələsində cavabdeh sözügəedən qərarını ləğv edərək, eyni dövr üzrə kameral yoxlama aparmaqla xx.xx.2024-cü il tarixdə qəbul etdiyi 3-2-2-3/2- 133795/2024 saylı yeni qərarı ilə, iddiaçıya eyni əsaslarla,yenidən 2023-cü ilin dekabr ayı üçün eyni məbləğdə (2.392.633,96 manat) ƏDV hesablamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hər iki halda, cavabdeh tərəfindən qeyd olunan qərarları ilə iddiaçya 2023-cü ilin dekabr ayı üçün əlavə dəyər vergisinin hesablanması qanunvericiliyinin tələblərinə ziddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 13.2.82-ci maddəsi də məhz nəzərədə tutur ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uygun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Cavabdehin iddia ərizəsinə etirazına və onun apellyasiya şikayətinin dəlillərinə və məhkəməyə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən şərtlər olaraq aşağıdakılara əsaslanmışdır: -"xxxx" MMC xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC ilə 15.984.684,95 manat dəyərində iş-xidmət görülməsi ilə yanaşı, qarşılıqlı əməliyyatlar apararaq elektron qaimələr əsasında mal alışı həyata keçirmiş ,sonuncunun xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş operativ vergi nəzarəti (“OVN”) zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi, obyektə baxış keçirilərkən anbarda mal qalığının olmadığı müəyyən edilməsi nəticəsində vergi ödəyicisinin ("xxxx" MMC-nin) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərar qəbul edilmişdir (Qərar iş materiallarına əlavə edilmişdir). - həmçinin, "xxxx" MMC xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC ilə 475.826,92 manat dəyərində, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC ilə 1.176.340,82 manat dəyərində qarşılıqlı əməliyyatlar aparmış, elektron-qaimə faktura əsasında mal alışı həyata keçirilmiş, OVN tədbiri nəticəsində onlar tərəfindən əmtəəsiz əməliyyatlar apardığı müəyyən edilərək, "xxxx" MMC vergi orqanının xx.xx.2024-cü il tarixli **********500000 saylı, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixli **********700 nömrəli qərarları ilə, riskli vergi ödəyicələri hesab olunmuşlar (Qərarlar iş materiallarına əlavə olunur). Göründüyü kimi, iddiaçı tərəfindən - "xxxx" MMC ilə xx.xx.2023 - xx.xx.2023, "xxxx" MMC xx.xx.2023 - xx.xx.2023, "xxxx" MMC ilə xx.xx.2023-xx.xx.2023 - tarixlərdə alqı-satqı əməliyyatları aparıldığı halda, sonuncular müvafiq olaraq xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü ilə tarixlərdə, yəni, sözügedən əməliyyalardan xeyli sonra (3-8 ay), riskli vergi ödəyiciləri hesab olunmuşlar. Beləliklə də, həmin əməliyyatlar aparılarkən, iddiaçı bilə bilməzdi ki, onun alqı-satqı əməliyyətlarını həyata keçirdiyi həmin qürumlar rikli vergi ödəyiciləri hesab olunaraq riskli vergi ödəyiciləri siayıhısına daxil ediləcəklər. Digər tərədən, iddiaçı, həmin qurumlarla 2023-cü ilin may-dekabr aylarında apardığı ayrıayrı aylar üzrə apardığı əmliyyatlar vergi orqanı tərəfindən cəmlənərək, xx.xx.2024-cü il tarixli əvvəlki qərarı ilə iddiaçının üzərinə əlavə vergi öhdəliyi qoyulmuş, daha sonra, həmin qərarını ləğv edərək, xx.xx.2024-cü il tarixli eyni məzmunlu qərarı ilə iddiaçının üzərinə eyni vergi öhdəliyini qoymuşdur. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 178-ci maddəsinin tələbinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə kameral vergi yoxlaması əlavə dəyər vergisinə münasibətdə 30 iş günü müddətində keçirilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən hüquqa zidd təqsirli hərəkətlərə yol verildiyi müəyyən olunmur, əksinə, vergi orqanının özü tərəfindən vergi qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunur. Belə olan halda, Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində öncə qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********648500 nömrəli qərarı, daha sonra, həmin qərarını ləğv edərək, xx.xx.2024-cü il tarixdə qəbul etdiyi 3-21-2-3/2- 133795/2024 nömrəli qərarı - ilə iddiaçının üzərinə 2023-cü ilin dekabr ayı üçün eyni həcmdə əlavə dəyər vergisi hesablanmasının qanunsuz olduğu sübuta yetirilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, iddiaçı tərəfindən mübahisələndirilən qərarın vergi qanunvericiliyinin tələblərinə uyğun olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini əsassız hesab edən dəlilləri ilə razlaşmır və iddiaçının iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsi də nəzərə alınmaqla, yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı isə nəticə hissəsində - “xx.xx.2024-cü il tarixli, **********648500 nömrəli” ifadəsi “xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-133795/2024 nömrəli” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (Eyni hallar üzrə Ali Məhkəmənin təcrübəsi üzrə iddianın təmin olunması ilə bağlı qanui qüvvəsini almış çoxsaylı məhkəmə qərarıları mövcuddur). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı nəticə hissəsində - “xx.xx.2024-cü il tarixli, **********648500 nömrəli” ifadəsi “xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-133795/2024 nömrəli” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar