Məhkəmə qərarları › İş №2-1(103)-3333/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3333/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3333/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin “Vətəndaş İddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi güzəştli əsaslarla” yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” 06 noyabr 2015-ci il tarixli, 210 saylı sərəncamına müvafiq olaraq iddiaçıya ailə tərkibi 4 nəfər (özü, arvadı, qızı və oğlu) nəzərə alınmaqla 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil verilməsi (mənzillə tam təmin olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4171/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin «Vətəndaş İddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi güzəştli əsaslarla» yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” 06 noyabr 2015-ci il tarixli, 210 saylı sərəncamına müvafiq olaraq «İddiaçı ailə tərkibi 4 nəfər (özü, arvadı, qızı və oğlu) nəzərə alınmaqla 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil verilməsi (mənzillə tam təmin olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 04 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideynləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. İddiaçı 20 Yanvar hadisələrinin iştirakçısı olmuşdur. Həkimlərin güclü səyi nəticəsində iddiaçı 20 Yanvar hadisələri zamanı sağ qalmış və ona 15 yaşından ikinci qrup əlillik dərəcəsi verilmişdir. 15 yaşından ömürlük ikinci qrup əlil olmuşdur. Əlillərə verilən bir çox imtiyazlardan istifadə edərək 1992-ci ildə Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışdır. Subay olduğu üçün Yasamal rayon İcra Hakimiyyəti Başçısının 05 noyabr 1997-ci il tarixli, 1803 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən sahəsi 11,8 kv.m. olan 1 otaqlı 57 saylı mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Həmin qərar əsasında 05 noyabr 1997-ci il tarixdə göstərilən mənzilə dair iddiaçının adına 029973 saylı order verilmişdir. Orderə yalnız iddiaçının adı daxil edilmişdir. Həmin vaxtdan sonra nikaha daxil olmuş və birgə nikahdan 23 fevral 2008-cü il tarixdə X3 və 24 noyabr 2009-cu il tarixdə X1 adlı uşaqları anadan olmuşdur. Hazırda 4 nəfər (özü, həyat yoldaşı, qızı və oğlu) ailə üzvü vardır. Buna görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş hesab edilmişdir. 4 nəfər (özü, həyat yoldaşı və eyni cinsdən olmayan iki uşağı) ailə üzünə malik olduğundan, verilmiş ünvan 2 ünvanında yerləşən 57 saylı mənzil isə 1 otaqlı olmaqla sahəsi 11,8 kv.m. olduğundan və beləliklə də mənzil sahəsi norması qanunla və normativ aktlarla müəyyən edilmiş sahədən az olduğundan mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab edilmişdir. Buna görə də mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi 4 nəfər ailə üzvləri, o cümlədən 9 yaşından yuxarı olan eyni cinsdən olmayan uşaqları nəzərə alınmaqla mənzillə təyin edilmə üçün uçota götürülməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 06 noyabr 2015-ci il tarixli, 210 saylı sərəncamı ilə «İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürsün» qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 06 noyabr 2015-ci il tarixli, 210 saylı sərəncamı ilə mənzil növbəsinə götürüldükdən keçən bu müddət ərzində mənzillə təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 57 saylı mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 06 noyabr 2015-ci il tarixli, 210 saylı sərəncamına əsasən 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadrat metrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4171/2025 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4171/2025 saylı qərarından iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar xəsarət almışdır. Hadisədən sonra 1992-ci ildə mənzil növbəsinə durdu. 1997-ci ildə sahəsi 11 kv.m. olan 1 otaqlı mənzillə təmin edildi. 2007-ci ildə evləndi və övladları dünyaya gəldi. Bu səbəblə ikinci dəfə mənzil növbəsinə durmağa məcbur qaldı. Nə onun, nə də həyat yoldaşının mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyil. Binəqədi Rayon İcra Hakimiyyətinə ikinci dəfə mənzil növbəsinə durmaqla bağlı müraciət etdi. 2015-ci ildə mənzil növbəsində duran şəxs kimi qeydiyyata alındı. Onunla yanaşı, “Əlillər binasında” yaşayan qonşuları da məzil növbəsinə durmuşlar. “Əlillər binasında” yalnız 1 və ya 2 otaqlı mənzillər var idi. 2017-2018-ci illərdə mərhələli şəkildə mənzil növbəsində duran şəxslər mənzillə təmin edilməyə başlanıldı. Qonşularının 60%-i təkrar mənzillə təmin edildi. Onun məzillə təmin olunma növbəsi isə 2020-ci il tarixində çatdı. 2019-cu ildə isə Azərbaycan Respublikası Prezident Administrasiyasına daha tez mənzillə təmin olunmağı üçün müraciət etdi. Ona növbəsinin vaxtının çatacağı an mənzillə təmin olunacağı bildirildi. 2020-ci ildə təkrarən sənədlərini toplayıb inzibati orqana müraciət etdi. Lakin müraciəti ilə bağlı müsbət nəticə əldə edə bilmədi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, inzibati orqan tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və s. növbəlilik qaydasında mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. 1990-ci il 20 Yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil verilməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 saylı sərəncamına əsasən nəzərdə tutulmasa da, inzibati orqanın mövqeyi həmin şəxslər münasibətdə mənzilin verilməsi yönündədir. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 saylı sərəncamına 13 may 2025-ci il tarixində dəyişiklik edilərək mənzil növbəsinə duran şəxslərin mənzillə təmin edilməsinin icra müddəti 2021- 2030-cu illə ərzində nəzərdə tutulmuşdur. Bunun səbəbi isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında mənzil olmaması ilə bağlıdır. İddiaçı tərəfindən izahatında bildirdikləri ilə əlaqədar məhkəmə iclası təxirə salınmış və 01 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Cavabdehnə müvafiq sorğular verilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3.17-3/2-K-25652/2024 saylı iddiaçıya ünvanlanan məktubla bildirilmişdir ki, “... Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü ii tarixli, 569 saylı və 25 yanvar 2021-ci il tarixli, 2449 saylı sərəncamlarına esasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 6 noyabr 2015-ci il tarixindən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Qeyd edirik ki, Sizə Nazirlik tərəfindən ünvan 3 ünvanında inşa edilmiş binada mənzil təqdim edilmişdir. Əvvəllər mənzillə təmin edilmiş, yaşayış sahəsinin genişləndirilməsi məqsədi ilə rayon (şəhər) icra hakimiyyətlərində təkrar mənzil növbəsinə alınmış şəxslərin müraciətlərinə gələcəkdə baxılması nəzərdə tutulmuşdur”. - xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar səbəbi ilə “odlu silah yaralanmasından sonra, soltərəfli döş qəfəsinin orta 1/3-nin arxa, sol bazu oynağının ön, sağ sağrı, sağ qasıq nahiyyəsinin ön səthlərində çapıq toxuması, sol bazu sümüyünün bazunun bitişmiş sınığı, sol kürək sümüyünün oynaq kənarının bitişmiş sınığı, sol bazu oynağının lll-İV dərəcəli artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 20 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu ilə və sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu üzrə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.1997-ci il tarixli, 029975 saylı orderdən görünür ki, ünvan 4 ünvanında yerləşən 1 otaqlı 11.8 kv.m sahəsi olan 57 saylı mənzil İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 1803 saylı qərarına əsasən İddiaçı istifadəsinə verilmişdir. - RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 27.9 kv.metr olan 57 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmış və bu barədə xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 210 saylı sərəncamından çıxarışdan görünür ki, İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş və İddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar İİ qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, mülkiyyətində olan mənzilin sosial normaya uyğun olmadığını iddia edərək, onaun ailə üzvləri də nəzərə alınmaqla yenidən mənzillə təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən verilmiş sorğuya cavab olaraq məhkəməyə daxil olmuş siyahıdan müəyyən edilir ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə dayanmış “20 yanvar” faciəsi əlillərinin siyahısı hal-hazırda 5 nəfərdən ibarətdir:

1. xx.xx.2001-ci il tarixdə uçota götürülmüş X5;

2. xx.xx.2011-ci il tarixdə uçota götürülmüş X6;

3. xx.xx.2014-cü il tarixdə uçota götürülmüş X4;

4. xx.xx.2014-cü il tarixdə uçota götürülmüş X2;

5. xx.xx.2015-ci il tarixdə uçota götürülmüş İddiaçı. Siyahıda birinci olan X5 2023-cü ildə 3 otaqlı mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı Fərmanının 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 saylı Fərmanının 1-ci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492 saylı Sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlil olması səbəbindən artıq bir dəfə, 1997-ci il tarixdə mənzillə təmin edilmiş, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ının 26-cı hissəsinə əsasən yaşayış sahəsinin vətəndaşlara, hər adama 8 kvadrat metrdən az olmamaqla verilməsi müəyyən edilmiş, iddiaçıya 5 nəfər ailə üzvü ilə birgə verilən mənzilin sahəsi 54,64 kv.metr olmaqla, həmin dövrün qanunvericiliyinə uyğun olmuşdur. Hal-hazırda cavabdeh iddiaçının müraciətinə baxarkən faktiki olaraq ona imtina verməmiş, Nazirlik tərəfindən 2025-ci ilə qədər mərhələlərlə mənzillə təmin edilmənin nəzərdə tutulduğu, hazırda ilk dəfə mənzillə təmin olunan şəxslərə münasibətdə yaşayış sahəsinin ayrıldığı, təkrar mənzillə təmin edilmə ilə bağlı müraciətlərə gələcəkdə baxılacağı bildirilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamlar nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı Fərmanından müəyyən edilir ki, 2014-cü ilədək müvafiq kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır, hansı ki, mənzillə təmin olunan şəxslərdən biri də iddiaçı olmuşdur. Cavabdehin hazırkı mərhələdə ilk növbədə əvvəllər mənzillə təmin edilməmiş, yaşayış sahəsinə ehtiyacı olan uçota alnmış şəxslərin mənzillə təmin edilməsi, daha sonra isə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə təkrar mənzil verilməsi barədə mövqeyini ağlabatan əsaslandırma kimi qəbul edərək hesab edir ki, bu hal, inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmaqla, uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda cavabdehin imtinasının qanuna zidd olması və bu imtina ilə iddiaçının hüquqularının pozulması müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın üzərinə iddia tələbinə uyğun inzibati aktın qəbul edilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının vəziyyətində əsas məsələ sosial ədalətin fərdi ehtiyac - ictimai ehtiyac balansında necə təzahür etməsidir. Bir tərəfdən, iddiaçı ailə üzvlərinin sayının artdığını, yaşayış sahəsinin kifayət etmədiyini bildirir. Bu, sosial baxımdan başadüşüləndir. Digər tərəfdən isə, dövlətin sosial siyasətində məqsəd insanların minimum yaşayış vəziyyətini ilk dəfə əldə etməsinə şərait yaratmaqdır. İddiaçı artıq bir dəfə mənzillə təmin edilib və bu təminat həmin vaxt normativ tələblərə uyğun olub. Dövlət ikinci dəfə, xüsusən də resurslar son dərəcə məhduddursa, məhz eyni şəxsə üstünlük verərsə, bu, artıq başqa növbədə olan yüzlərlə insanın hüququnun pozulmasına gətirib çıxarar. Bu səbəbdən dövlət siyasəti iddiaçının sosial vəziyyətini nəzərə alsa da, onu ilk dəfə mənzil almayan digər şəxslərlə eyni sıraya qaytara bilməz. Sosial ədalət burada fərdi yox, kollektiv ədaləti əsas tutur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mənzil təminatı ilə bağlı müraciətinə cavab olaraq inzibati orqan - Sosial Xidmətlər Agentliyi - klassik mənada imtina verməmişdir. Orqanın cavabı mahiyyətcə mənfi məzmunlu inzibati akt deyil, mövcud dövlət proqramlarının icra dinamikasına dair informativ xarakterli izah təşkil edir. Bu izahda vurğulanır ki, mənzil təminatı prosesi hazırkı mərhələdə ilk dəfə mənzil almayan şəxslərə yönəlib və təkrar təminat barədə müraciətlərə gələcək mərhələlərdə baxılması nəzərdə tutulur. Sosial Xidmətlər Agentliyinin mövqeyi normativ əsasını 2014-cü il 569 nömrəli və 2021-ci il 2449 nömrəli Prezident Fərmanlarından alır. Bu sənədlər mənzil təminatının mərhələli şəkildə həyata keçirilməsini, yəni: əvvəlcə mənzilsizlərin təminini, daha sonra təkrar təminata dair müraciətlərin qiymətləndirilməsini nəzərdə tutur. Bu normativ quruluşun arxasında sosial resursların rasional bölgüsü prinsipi dayanır. Dövlət əvvəlcə mənzil almamış şəxslərin sayını azaltmağı, yəni ən yüksək sosial riskli təbəqəni təmin etməyi prioritet kimi müəyyən edir. Təkrar təminat isə yalnız daha geniş mərhələdə və resurs imkanları daxilində nəzərdən keçirilir. Beləliklə, inzibati orqan iddiaçının hüququnu ümumilikdə tanıyır, lakin onun dərhal icrasını təmin etməyi öz üzərinə götürə bilmir. Bu, faktiki olaraq imtina yox, icranın vaxt ardıcıllığı barədə məlumatlandırmadır və hazırkı vəziyyətdə bu yanaşmanın qanuni və əsaslı olması məhkəmə kollegiyası tərəfindən qəbul edilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4171/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar