Məhkəmə qərarları › İş №2-1(103)-3334/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3334/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3334/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ИВС ******* nömrəli Diploma əsasən Dövlət attestasiya komissiyasının 31 may 2003-cü il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Arayışa əsasən 1981-ci ildə anadan olmuş İddiaçı 1198-ci ildə Dağıstan Dövlət Universitetinə qəbul olunmuş və hazırda əyani şöbənin İ kursunda qeyri-dövlət xətti ilə təhsil alır. Təhsil müddəti 2003-cü il 31.Vİİİ tarixə qədər davam edəcəkdir.

3. İddiaçı tərəfindən Dağıstan Dövlət Universitetinin Azərbaycan Respublikası Beynəlxalq Bankı Nərimanov filialındakı bank hesabına təhsil haqqı ödənilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyası Dağıstan Respublikasının Dağıstan Dövlət Universiteti tərəfindən ona verilmiş 31 may 2003-cü il tarixli, HBC ******* nömrəli diplom üzrə aldığı “Hüquqşünaslıq” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasının Dağıstan Dövlət Universitetinin Bakı şəhərində fəaliyyət göstərmiş filialının Hüquq fakültəsinə (əyani forma) qəbul olunmuş, 5 il həmin Universitetdə təhsil almış və 2003-cü ildə həmin Universitetin “Hüquqşünas” fakültəsinə (əyani forma) fakültəsini bitirmişdir. İddiaçı hər il universitetə təhsil haqqı ödəmişdir (buna dair qəbzləri məhkəməyə təqdim etmişdir). Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti (Mahaçkala şəhəri) tərəfindən iddiaçıya 31 may 2003-cü il tarixdə ИВС ******* nömrəli “Hüquqşunaslıq ” ixtisası üzrə diplom, ДИС ******* nömrəli diploma əlavəsi verilmişdir. Diplom Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il X1 uyğun olaraq təsdiq edilərək apostil möhürü vurulmuşdur. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya Azərbaycan Respublikası 05 mart 2004-cü il tarixdə qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiya razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən rəsmi sənəd apostil möhürü ilə təsdiq edilmişdirsə, sənədin təqdim edildiyi dövlətdə sənədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təstiq edilməsi tələb olunmur. Lakin Konvensiyanın tələblərinə baxmayaraq, Təhsil Nazirliyində diplom qeydiyyatdan keçirilmədən həmin diplomla işləmək mümkün olmadığına görə iddiaçının o vaxtdan öz ixtisası üzrə işləməyi mümkün olmamışdır. İddiaçı bununla bağlı Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə elektron müraciət etmişdir. Müraciətə cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 11 yanvar 2024-cü il tarixli, NA00021706 saylı imtina qərarı verilmişdir. İmtina üçün əsas iddiaçının təhsil aldığı müəssisənin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi göstərilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə - “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmin qərarda təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərdə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrdə aid diplomların etibarsız sayılmasının rədd olunduğu göstərilmişdir. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmışdır və onların etibarlıq statusu təsdiq edilmişdir. Təqdim edilən diplomdan görünür ki, iddiaçı təhsil müəssisəsini 2003-cü ildə bitirmişdir. Məhkəmənin qərarına əsasən iddiaçının diplomun tanınmalıdır, vətəndaşın vəziyyətini hər hansı bir formada ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Bundan başqa, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyi də belədir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırki vəziyyətdə diplomlar tanınmalıdır. Eyni təhsil müəssisəsi ilə bağlı Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1471/2023 saylı qərarını məhkəməyə təqdim edilmişdir. “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, Ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nm 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra-Qaydarlar) təsdiq edilmişdir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərofdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Qaydaları 4.1.1-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi lələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Yekun olaraq bildirilir ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Rusiya Federasiyası, Dağıstan Dövlət Universiteti Bakı filialı tərəfindən verilmiş MBC ******* nömrəli xx.xx.2003-cü il tarixli diplom üzrə “Hüquqşünaslıq” ixtisası üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınmasının cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2003-cü il tarixində verilmiş ИВС ******* nömrəli bakalavr diplomu üzrə aldığı “hüquqşünaslıq” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetini 31 may 2003-cü il tarixdə, yəni universitetin fəaliyyətinin dayandırılması barədə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi qəbul edilənədək bitirmişdir.

9. Odur ki, xx.xx.2003-cü il tarixində təhsilini başa vurmuş iddiaçı təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6582/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) kimi qeyd edilməlidir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir.Məhkəmə bu müddəanı nəzərə almadan ərizəçinin təhsil aldığı müəssisənin müvafiq lisenziya əldə etməməsinə və akkreditasiyadan keçməməsinə baxmayaraq iddia tələbini təmin etmişdir.Azərbaycan Respublikas Prezidentinin 4 oktyabr il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsus razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na (ərizəçinin təhsil aldığı il qüvvədə olmuşdur) əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Cavabdehin sözügedən ali təhsil müəssisəsinə belə bir lisenziyanın təqdim edilməməsinə dair izahatına baxmayaraq məhkəmə iddia tələbini təmin etmişdir.Azərbaycan Respublikas Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın (ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuşdur) 1.5ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.Sözügedən Qaydalara 2 nömrəli əlavənin 17.3-cü bəndinə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə iddia ərizəsinin məzmununa uyğun yazılı etiraz daxil olmuşdur.

13. e) Prosses iştirakçılarının izahatları.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın:

1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.

1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.

1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir.

1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır.

3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi.

3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur.

3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595- İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur.

Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.

Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:

Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi.

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır.

25. Belə ki, iş materiallarından müəyyən olunur ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ИВС ******* nömrəli Diploma əsasən, Dövlət attestasiya komissiyasının 31 may 2003-cü il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

26. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının təhsil aldığı müəssisənin təhsil fəaliyyət göstərməsi üçün müvafiq lisenziya əldə etməməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir

27. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmiş və iş üzrə mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2003-cü il tarixində verilmiş ИВС ******* nömrəli bakalavr diplomu üzrə aldığı “hüquqşünaslıq” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

28. Qərarla razılaşmayan cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

29. Apellyasiya şikayətinin dəlillərinə görə ki, Azərbaycan Respublikas Prezidentinin 4 oktyabr il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsus razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na (ərizəçinin təhsil aldığı il qüvvədə olmuşdur) əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Cavabdehin sözügedən ali təhsil müəssisəsinə belə bir lisenziyanın təqdim edilməməsinə dair izahatına baxmayaraq məhkəmə iddia tələbini təmin etmişdir.Azərbaycan Respublikas Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın (ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuşdur) 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

30. Məhkəmə Kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır.

31. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur.

32. Həmçinin, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur.

33. Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

34. Hazırkı mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən cavabdehin diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın:

35. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

36. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

37. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

38. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

39. Yuxarıdakı normaların məzmunundan göründüyü kimi, mənfi rəyin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilməsi imperativ xarakter daşımır.Odur ki, məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarından çıxış edərək hesab edir ki, 1-ci instansiya məhkəməsinin mübahisələndirilən qərarı cavabdehin bu sahədə diskression səlahiyyətinin pozulması ilə qəbul edilməsi kimi qiymətləndirilməməlidir.

40. Daha sonra Məhkəmə Kollegiyası iddiaçının ali təhsil aldığı təhsil müəssisəsinin qanunsuz fəaliyyəti ilə bağlı dəlilinə münasibətdə onu da qeyd edir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.

41. Göründüyü kimi, Təhsil Nazirliyinin iddiası həmin filialın fəaliyyətə başladığı gündən 20 iyun 2007-ci il tarixədək verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. Beləliklə hazırkı iş üzrə iddiaçının Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir.

42. İddiaçı qeyd olunan məhkəmə qərarına əsasən Filialın fəaliyyətinin dayandırılmasınadək təhsilini bitirmişdir. Həmçinin həmin məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir ki, bununla da təhsil alan şəxslərin təhsil hüquqları qorunmuş və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmışdır.

43. Məhkəmə Kollegiyası qeyd edir ki, anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının (2-1(102)- 86/2022) saylı Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1., 27.1., 27.4., 29.0.21., 44.2-ci maddələrinə, 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27, 8.28-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1., 1.6., 3.2., 3.6., 3.7-ci bəndlərinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-ci bəndinə istinad edib, qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının rədd edilməsi qənaətinə gəlməsində həlledici və faktiki olaraq yeganə olan əsası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsidir. İşin 56-58-ci səhifələrində olan, qanuni qüvvəyə minmiş, həmin qətnamədən görünür ki, sözügedən işdə iddiaçı qismində çıxış etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnamənin “qət etdi” hissəsində göstərilmişdir ki, “İddia qismən təmin edilsin. Cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılsın. Cavabdehdən dövlət büdcəsinin xeyrinə 2.40 manat dövlət rüsumu tutulsun. İddia qalan hissələrdə rədd olunsun. Cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilsin.” 31. Burada məhkəmə kollegiyası hazırkı iş üçün önəmli üç məqamı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir. Birinci önəmli məqam ondan ibarətdir ki, Təhsil Nazirliyinin iddiası sözügedən filialın başladığı gündən hal-hazırkı dövrə qədər ( 20 iyun 2007-ci il tarixi-qeyd Ali Məhkəmənindir) verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. 33. Beləliklə hazırkı işdə iddiaçı olan İddiaçı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИC ******* saylı, xx.xx.2006-cı il tarixli bakalavr diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir. İkinci önəmli məqam isə ondan ibarətdir ki, İddiaçı sözügedən Universitetin Ə.Əliyev adına Bakı filialında 2001-2006-cı illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur. 35. Digər tərəfdən 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir. Bununla əlaqədar olan həmin məhkəmə qətnaməsinin əsaslandırma hissəsində yazılmışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz.Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə halhazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.” Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən özü qanuni qüvvəyə minmiş 20 iyun 2007-ci il tarixli məhkəmə qətnaməsinə istinad etsə də, həmin qətnamə ilə müəyyən edilmiş işin həmin həlledici hallarını nəzərə almayaraq iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası təmin edilməlidir.”

44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin mübahisələndirilən Qərarının ləğvi yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.Göründüyü kimi, iddiaçının iddiası əsaslıdır, odur ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6582/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar