Məhkəmə qərarları › İş №2-1(103)-3334/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3334/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3334/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair işi üzrə Açar sözlər: (qeydiyyatda alınma) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7226/2025 saylı, 05 may 2025-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onun, anası-İddiaçı2 Ağahüsüyn qızının və həyat yoldaşı İddiaçı3 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 30Q saylı fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etmişdir. Cavabdeh ərizəni təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı xx.xx.2025ci il tarixli məktubla bildirmişdir ki, ’’Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim etmiş vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İddiaçının, İddiaçı3 və İddiaçı2 yaşadığı Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanına qeydiyyata alınmaları üçün tələb olunan sənədləri təqdim edə bilmədiyindən yaşayış yeri üzrə qeydiyyata alınmaları mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün, anasıİddiaçı2 və həyat yoldaşı-İddiaçı3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə müraciət edərək, onların da iddiaçı qismində qəbul edilməsinini edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı2 və İddiaçı3 hazırkı iş üzrə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Atası X1 rayonu, 2-ci Alatava, ev 30Q ünvanında qeydiyyatdadır, lakin iddiaçı, anası İddiaçı2 və həyat yoldaşı İddiaçı3 həmin ünvana qeydiyyata alınmamışlar. İddiaçı2 xx.xx.1990-cı ildə nikaha daxil olmuş və həmin tarixdən etibarən Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanında yaşayır. İddiaçı1, Hüseynova (Həsənova) Hüsniyyə Xanağa qızı ilə xx.xx.2021-ci il ildə ailə qurmuş və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir və tələb olunan sənədləri təqdim edərək, qeydiyyata alınır. Lakin hal-hazırda yaşadığı Yasamal rayonu, 2-ci Alatava, ev 30Q saylı evin qeydiyyat vəsiqəsi (çıxarış) olmadığına görə həmin ünvana qeydiyyata düşə bilmirlər. Həmin ünvanda qeydiyyatda olan X3 öz yazılı razılığı ilə iddiaçının, anası-İddiaçı2 və həyat yoldaşı-İddiaçı3 Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanına qeydiyyata almaqlarına heç bir etirazının olmadığını bildirmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin 56 saylı MKİS-nin 40 nömrəli xx.xx.2025-ci il tarixli arayışında da göstərilir ki, İddiaçı1, anası-İddiaçı2 və həyat yoldaşı-İddiaçı3 Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanında yaşayırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-7226/2025 nömrəli qərarı ilə (hakim Səlma Qənbərova) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçılar birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-7226/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi əsassız olaraq, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 56 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin məktubuna sübut növü kimi istinad edərək iddia tələbini rədd etmişdir. Halbuki, vətəndaşın yaşayış sahəsinə qeydiyyata alınması Mənzil İstismar sahəsinin deyil, Azərbaycan Respublikası DİN-nin səlahiyyətindədir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin ünvanda qeydiyyatda olan ailə başçıları (İddiaçı1 atası, X4 həmin ünvanda qeydiyyatda olmasını araşdırmamışdır. Eyni zamanda işə baxan birinci instansiya məhkəməsi, sözügedən ünvan 4 ünvanda bir deyil bir neçə ayrı-ayrı evlərin yerləşdiyini və biri birinə aidiyyatı olmayan ailələrin ayrı təsərrüfat olmaqla eyni ünvan altında qeydiyyatdan keçdiyinə əhəmiyyət verməmişdir. Həmin ünvanda qeydiyyatda olan X8 öz yazılı razılığı ilə iddiaçının, anası-İddiaçı2 və həyat yoldaşı- İddiaçı3 Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanına qeydiyyata almaqlarına heç bir etirazının olmadığını bildirmişdir. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməli olduğu halda bunu etməmişdir. Halbu ki, Bakı 2 saylı Asan Xidmət Mərkəzindən verilmiş xx.xx.2025 ci il tarixli ******* saylı arayışdan görünür ki, ailə üzvləri (İddiaçı1 atası) X1 rayonu, 2-ci Alatava, ev 30Q ünvanında 2006 cı ildən qeydiyyatdadır. Tərəflərin izahatları, prosessual məsələlər Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə X8 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya məhkəməsində iddiaçılar İddiaçı1 vəİddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7226/2025 saylı, 05 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlərr. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə, digər İddiaçı3 və üçüncü şəxs X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla məhkəmə kollegiyasına müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin inzibati orqanın nümayəndəsinin, İddiaçı3 və üçüncü şəxsin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: -şəxsiyyət vəsiqəsi; -yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidi İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıların hüquqi marağı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 30Q saylı fərdi yaşayış evinə qeydiyyata alınmalarına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar hazırda qeydiyyata alınma ilə bağlı yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər. İddiaçının apellyasiya şikayətinin əsas dəlili odur ki, həmin ünvanda qeydiyyatda olan X8 öz yazılı razılığı ilə iddiaçının, anası-İddiaçı2 və həyat yoldaşı-İddiaçı3 Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanına qeydiyyata almaqlarına heç bir etirazının olmadığını bildirmişdir. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməli olduğu halda bunu etməmişdir. Halbuki, Bakı 2 saylı Asan Xidmət Mərkəzindən verilmiş xx.xx.2025 ci il tarixli ******* saylı arayışdan görünür ki, ailə üzvləri (İddiaçı1 atası) X1 rayonu, 2-ci Alatava, ev 30Q ünvanında 2006-cı ildən qeydiyyatdadır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşdə olan Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 56 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin 16 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvanda qeydiyyatları yoxdur. Hal-hazırda 2-ci Alatava 30Q saylı ünvanda 1984-cü ildən X10, X11, X12, X14, X15 qeydiyyatdadırlar. Yasamal rayonu, 2-ci Alatava, ev 30Q ünvan özbaşına tikilidir. Məhkəmənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli sorğusundan və həmin sorğuya verilən cavabdan müəyyən olunur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına ölkə üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Bundan başqa, elektron məhkəmə sistemindən çıxarışlar müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanında, İddiaçı3 isə ünvan 7 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda iş üzrə iddiaçıların rəsmi qeydiyyatda olduqları ünvanlar mövcuddur. Lakin onlar həmin ünvandan qeydiyyatdan çıxaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan özbaşına tikiliyə qeydiyyata düşmək istəyirlər. Belə olan halda məhkəmə tərkibi cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Başqa sözlə, Qanunun 5-ci maddəsində təsbit edilmiş dispozitiv şərtlər ödənilmədiyindən, yəni həmin normada nəzərdə tutulmuş sənədlərdən hər hansı biri iddiaçılar tərəfindən təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-7226/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar