Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3336/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X4, X6) “evə dair çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3393/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə sonradan isə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizələr (i.v.43.67 ) ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, R.Hacıyev küçəsində yerləşən evə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İşin faktiki hallarına görə ünvan 1 ünvanında yerləşən ev iddiaçının mərhum xalası X2 məxsus olmuşdur. Həmin əmlakı xalası ermənidən almış, uzun müddət orada (20 sentyabr 2021-ci il tarixdə ölənədək) yaşamışdır. Xalasının ondan başqa varisi qalmamışdır. O, həmin evə çıxarış əldə etmək üçün cavabdehə müraciət etmiş, lakin onun həmin müraciətiü cavabdeh tərfindən xx.xx.2012-ci il tarixli, sonadan isə xx.xx.2017-ci il tarixli cavab məktubları ilə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10-cu maddələrinə istinadən hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3393/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “1969-cu ildə valideynləri tərəfindən onun üçün ünvan 1 ünvanında milliyyətcə erməni olan Azərbaycan vətəndaşından 2 otaqlı fərdi ev almışdır. Evin sənədi yoxdur. Tələbə ikən öz xalası Pakizə Məmmədova ilə birlikdə 6 il (ailə quranadək) yaşamış, xalası özü isə vəfat edənədək 52 il orada yaşamış, evin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, başa çatdıra bilməmişdir. Odur ki, ondan başqa xalasının vərəsəsi olmadığından, həmin evi sənədləşdirmək qərarına gələrək ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ondan evin orderi və ya sərəncamını tələb etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3393/2023 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilməsi ilə razı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsini (şəxsin daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi halda, mülkiyyətçi kimi qeydə alınması mümkünlüyü) əsas tutularaq, habelə, binanın təhlükəsiz yaşayış sahəsində yerləşdiyini və ətrafdakı qonşu evlərin çıxarışlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh və üçüncü şəxslər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Qanunun qeyd olunan tələbinə müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, R.Hacıyev küçəsində yerləşən evə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayış verilməsini cavabdehdən tələb etmişdir. İş materiallarından (iddia ərizəsindən, ölüm haqqında şəhadətnamələrdən, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS arayışlarından, cavabdehin iddiaçının mərhum xalasına ünvanlanmış imtina məktublarından, Notariusun məktubundan) görünür ki, iddiaçı mərhum xalasının vərəsəsi kimi tanınması üçün Notariusa müraciət etmişdir. Belə ki, iddiaçının anası B.Məmmədova 2020-ci il tarixdə, xalası P.Məmmədova isə 2021-ci il tarixdə vəfat etmişlər. Xalası vəfat edənə qədər həmin ünvandakı evdə yaşamışdır. Həmin evlə bağlı hər hansı sənəd mövcud deyil, özbaşına tikilidir. Əslində, iddiaçının apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, evin sənədinin (qanuni əsaslarla tikilməsinə və ya istifadəsinə verilməsinə dair yerli icra hakimiiyəti orqanının hər hansı bir sərəncamı (və ya order)) mövcud olmadığı onun özü tərəfindən də etiraf olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsi isə nəzərdə tutur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Qanunun qeyd olunan 8-ci maddəsində göstərilən əsasla əlaqədar isə qeyd olunmalıdır ki, sözügedən maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda «ev dəftəri» qeydiyyata əsas verən sənədlər sırasına aid edilməmişdir. Belə ki, həmin Siyahıda nəzərdə tutulan daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər aşağıdakılardan ibarətdir: “ 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı,sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.” İddiaçı tərəfindən isə mübahisəli üvanda yerləşən evin (özbaşına tikilinin) onun mərhum xalasına məxsus olması barədə arayış verilməsi üçüq qeyd olunan əsasverici sənədlərədən hər hansı biri yoxdur. İddiaçının Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.6-cı maddəsinə istinadən mərhum xalasının həmin evdən 30 ildən çox fasiləsiz və etirazsız olaraq istifadə etəməsinin ona mülkiyyət hüququnu əldə etmək üçün əsas olduğunu mübahisələndirməsinə gəldikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il qərarında şərh vermişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Digər tərəfdən, Avropa İnsan hüquqları Məhkəməsi “Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərarında qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” [İİ Bölmə] ərizə № 18768/05). Avropa Məhkəməsinin qərarında təsbit olunan hüquqi mövqeyindən göründüyü kimi, mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda yalnız, “Gözlənti” qanuni sayıla bilər. Bu baxımdan, konkret halda, iddiaçının gözlənti hüququ yaranmır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmadığını qeyd edərək, mübahisəli tikiliyə mülkiyyət hüququnun mövcud olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3393/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3393/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.