Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3336/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “minik avtomobilinin dəyişdirilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş (qeydiyyat şəhadətnaməsi nömrəsi 597084) minik avtomobilinin avtomatik sürət qutusu ilə təchiz olunmuş minik avtomobili ilə dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi və ya iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş (qeydiyyat şəhadətnaməsi nömrəsi 597084) minik avtomobilinin satılmasına icazə verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci qrup Qarabağ müharibəsi əlilidir. Dövlət tərəfindən müharibə əlilləri üçün müəyyən edilmiş bütün imkanlardan istifadə imkanı iddiaçıya da yaradılıb. Məhkəməyə müraciət etməyində səbəb dövlət tərəfindən iddiaçıya verilmiş minik avtomobili ilə bağlıdır. Həmin avtomobil mexaniki sürət qutusu ilə təchiz olunduğu üçün iddiaçı onu idarə edə bilmir. İddiaçı iki ətrafın güdülü diaqnozu ilə birinci qrup əlil olduğu üçün mexaniki sürət qutusundan istifadə edə bilmir. İddiaçı iki ətrafın güdülü səbəbindən avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil idarə edə bilər, mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə etmək onun fiziki imkanları xaricindədir. Buna görə də qərara gəlmişdir ki, ona verilən avtomobili satsın və idarə edə biləcəyi avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil alsın, lakin xx.xx.2019-cu il tarixdə ona verilmiş minik avtomobilinin 597084 nömrəli qeydiyyat şəhadətnaməsində göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icazəsi olmadan avtomobili satmaq olmaz. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icazə verərsə o avtomobili sata bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”-a əsasən, məlumdur ki, əlilə verilmiş avtomobili satmaq olmaz. Eyni zamanda qeydiyyat şəhadətnaməsində göstərilir ki, icazə olmadan satmaq olmaz. Beləliklə, birinci qrup müharibə əlilinə, ona icazə verilərsə, ona verilmiş avtomobili sata bilər. Eyni zamanda dəfələrlə cavabdehə müraciət etmişdir ki, ona verilən mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə edə bilmədiyi üçün həmin avtomobili avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil ilə əvəz etsinlər, dəyişsinlər. Müraciəti isə təmin edilməyib. Buna görə o birinci qrup müharibə əlili kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Sonradan, iddiaçının elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh həmin nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmuşdur. Daha sonra isə məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək onun əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ yaradılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Həmin Qaydaya əlavənin 57-ci bəndinə əsasən Nazirlik tərəfindən imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. Odur ki, İddiaçı 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2099/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “məhkəmə cavabdeh orqanın 2019-cu ildə iddiaçını “idarə edə bilmədiyi nəqliyyat vasitəsilə təmin etdiyi”, buradan, cavabdehin iddiaçını “onun idarə edə biləcəyi avtomobillə təmin etmək” öhdəliyinin olduğu qənaətinə gəlirsə, bu halda, məhkəmə yuxarıda istinad edilən normalarla müəyyən edilmiş prosedur qaydalara cavabdeh tərəfindən əməl olunmadığını və cavabdehin həmin prosedur daxilində əldə edilmiş xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişlərə dair məlumatlardan düzgün istifadə etmədiyini qərarında əsaslandırmalı idi. Hazırkı işdə bu, baş verməmişdir” AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının bir dəfə minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmamasına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçının əlavə bir minik avtomobili ilə təmin edilməsi deyil, ümumən onun əlillik vəziyyətinə uyğun avtomobillə təmin edilməsidir. İstər qanunla əlillər üçün verilmiş nəqliyyat vasitələrinin satışının qadağan olunması və istərsə də iddiaçıya nəqliyyat vasitəsinin verildiyi vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin məhz TSEK-in tibbi göstərişlərinə uyğun olaraq müəyyən diaqnozlu əlillərə verilməsi tələbi onu deməyə əsas verir ki, qanunvericilik nəqliyyat vasitəsini əlilin etibarnamə əsasında hər hansı şəxs üçün deyil, bilavasitə onun özü üçün, əlilin fiziki imkanları nəzərə alınmaqla ictimai həyata adaptasiyasının asanlaşdırmaq üçün idarə edəcəyi avtomaşınla təmin edilməsini nəzərdə tutur. Əks halda avtomobilin verilməsi üçün Əsasnamədə konkret olaraq müəyyən növ əlillik dərəcəsi meyarlarının sadalanmasının zəruriliyinin, eləcə də əlilin idarə edə bilməyəcəyi nəqliyyat vasitəsilə təmin edilməsinin hər hansı əhəmiyyəti də olmazdı.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş və iddiaçıya xüsusi nəqliyyat vasitəsinin verildiyi vaxtda qüvvədə olmuş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə ləğv edilmişdir) 2-ci bəndinə əsasən, əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər. Həmin Təlimatın 8-ci bəndinə əsasən, əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-na göndəriş verir. Həmin Təlimatın 9-cu bəndinə əsasən, TSEK tibbi sənədlərin öyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür. TSEK ekspert qərarının verilməsində çətinlik çəkdiyi hallarda xəstəni əlavə müayinə olunmaq üçün müalicə müəssisəsinə göndərir. Sadalanan qanunvericilik normalarından görünür ki, əlilin xüsusi nəqliyyat vasitəsi ilə təmin olunması cavabdeh tərəfindən təmin olunsa da, bunun əsası kimi əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK) rəyi tələb olunur. Öz növbəsində, əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaqboğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-na göndəriş verir. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər. Beləliklə, iddiaçının nəqliyyat vasitəsi ilə 2019-cu ildə təmin olunduğu nəzərə alındıqda, hesab edilir ki, bu təminat yuxarıda qeyd olunan prosedurlara və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişlərə əsaslanmışdır. Bunun əksini təsdiq edən hər hansı hal iş materialları ilə müəyyən edilmir. Həmçinin iddiaçının 2019-cu ildə nəqliyyat vasitəsini qeyd-şərtsiz qəbul etdiyi vaxtdan sonra onun xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişlərində əvvəlkindən fərqli hər hansı dəyişikliklərin baş verdiyini aşkar göstərən hər hansı hal müəyyən edilməmişdir yoxdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən, Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, qüvvədə olan normativ aktın tələbinə görə də əlilin xüsusi nəqliyyat vasitəsi ilə təmin olunması cavabdehin öhdəliyinə aid edilsə də, bu təminat qeyd-şərtsiz və birbaşa (vasitəsiz) deyil, Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə həyata keçirilir. Hazırkı işin hallarından görünür ki, 2019-cu ildə iddiaçıya avtomobil verilərkən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 99 nömrəli qərarında yalnız avtomobil və motorlu araba ilə təmin edilməsinin tibbi arayışı təqdim edilmiş və həmin arayış əsasında vətəndaşa təhviltəslim aktı ilə avtomobil verilmiş, həmin arayışda şəxsə konkret olaraq hansı sürətlər qutusuna uyğun avtomobilin verilməsi göstərilməmiş və təhvil-təslim aktını vətəndaş öz şəxsi razılığı ilə imzalayaraq, heç bir iradının olmadığını bildirmiş, həmçinin hazırkı dövrə qədər onun tibbi göstərişlərində əvvəlkindən fərqli hər hansı dəyişikliklərin baş verməsi iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hal-hazırda onun əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “onun əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3336/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3336/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver