Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3337/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdehnə qarşı “qərarın ləğvi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün həmin icra qurumuna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi (bundan sonra - Baş İdarə) tərəfindən Cavabdeh MMC-yə qarşı dövlət büdcəsinə ödənilməmiş 4459,75 manat məbləğində vergi borcunun tutulmasına dair “Tələbin icraya yönəldilməsi haqqında" Qərarla Yasamal Rayon İcra şöbəsinə müraciət edilmişdir. Yasamal Rayon İcra şöbəsi tərəfindən Baş İdarənin qeyd olunan Qərarı xx.xx.2021-ci il tarixli “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" Qərar qəbul edilmişdir. İcra Şöbəsinin qeyd olunan qərarında görülmüş icra tədbirləri nəticəsində icra sənədində borclunun qeyd olunan ünvanına baxış keçirildiyi, MMC-yə məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olmadığı və "Elektron İcra" İnformasiya Sistemində borcluya məxsus hər hansı əmlak və gəlir növlərinin olmadığının aşkar edildiyi qeyd olunmuş və “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qaytarılması qərara alınmışdır. Qeyd olunmalıdır ki, borclu Cavabdeh MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan 4459,75 manat vergi borcundan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinmə həyata keçirilərək, 100,0 manat vergi borcu qalmışdır. Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" Qərarı və yuxarıda qeyd olunan maddənin tələblərini gözdən keçirdikdə icra məmuru tərəfindən bütün mümkün məcburi icra tədbirlərinin həyata keçirilmədiyi müəyyən olunur. Bundan başqa, Cavabdeh MMC-yə məxsus hər hansı əmlak və ya bank hesablarında olan pul vəsaitləri barədə məlumat əldə edilməsi haqqında icra şöbəsi tərəfindən edilmiş sorğular Qərara əlavə edilməmişdir. Göründüyü kimi icra sənədi üzrə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsi ilə müəyyən edilmiş bütün tədbirlər tam yerinə yetirilməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********058600 saylı Tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Borclu Cavabdeh 05 12 2019-cu il tarixə 4459.75 manat məbləğində borcu yaranmış, qərarların nəticə hissəsində maliyyə sanksiyasının 10 gün ərzində ödənilməsi tələb olunmuş və qərardan onu aldıqdan sonra VM-nin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququ bildirilmiş, qərarda göstərilən müddətdə borc ödənilmədiyinə görə borcluya bildirişlər, xəbərdarlıqlar, tələbnamələr göndərilmiş, bildirişlər xəbərdarlıqlar, tələbnamələr göndərilməsinə baxmayaraq borclu tərəfindən vergi, faiz və maliyyə sanksiyası ödənilməmişdir. Buna görə də həmin qərarla Cavabdeh MMC tərəfindən 4359,75 manat əsas, 0,00 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 4.459,75 manat vergi, faiz və maliyyə sanksiyası üzrə Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2015-ci il tarixli **********956900 nömrəli, xx.xx.2015-ci il tarixli **********165000 nömrəli və 19 11.2019-cu il tarixli **********730000 nömrəli qərarlarının xx.xx.2019-cu il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, “Qala-Ant Project" MMC-yə məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olmadığı müəyyən edilmiş, eyni zamanda “Elektron icra" informasiya sistemində borcluya məxsus hər hansı əmlak və gəlir növlərinin olmadığı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin **********058600 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən onu vermiş orqana geri qaytarılması qərara alınmışdır Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra haqqında qanunvericiliyin tələblərinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Lakin iddiaçının hazırkı iş üzrə təqdim etdiyi iddia ərizəsindən görünür ki, o şikayət adlandırılsa da, təqdim edilmiş sənədlər “2-1” indeksi üzrə qeydə alınmış, ayrıca iddia kimi qəbul olunmuşdur. Halbuki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011- ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 147-ci bəndinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin birbirindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 8 - məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə, inzibati orqanın mübahisələndirilən hərəkətləri icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 35, 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4398/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3337/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3337/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver