Məhkəmə qərarları › İş №2-1(103)-3337/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3337/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3337/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2117/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dəmir Yollarının Baş Ələt stansiyasında baqajın yüklənməsi-boşadılması üzrə fəhlə vəzifəsinə işə qəbul edimiş, 16 iyun 1973-cü il tarixində baqaj və yüklərin təhvil təslimçisi vəzifəsinə keçirilmiş, 01 iyun 1974-cü il tarixində praktikant operator vəzifəsinə keçirilmişdir. İddiaçı 24 iyun 1974-ci ildə operator peşəsində sərbəst işə buraxılmış, 28 oktyabr 1974-cü ildə işdən çıxmış, 12 noyabr 1974 - 30 dekabr 1976-cı ildə həqiqi hərbi xidmətdə olmuş, 03 fevral 1977-ci il tarixində Azərbaycan Dəmir Yollarının Baş Ələt stansiyasında əlaqə şəbəkəsinin elektrik monyoru vəzifəsinə işə qəbul edilmişdir. 23 sentyabr 1980-ci ildə işdən çıxmış, 13 oktyabr 1980-ci ildə Azərbaycan Dəmir Yollarının X1 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmiş, 05 mart 1982-ci ildə refrijerator seksiya rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. İddiaçı 13 fevral 2018-ci ildə işdən azad edilmiş, həmin tarixdə X3 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 24 iyul 2019-cu il tarixində X3 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmiş, 07 sentyabr 2021-ci il tarixində son yaş həddi ilə pensiyaya çıxmışdır. İddiaçının güzəştli pensiya hüququ verən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı’’nın 21.4-cü bəndində qeyd edilmiş Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yanmbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsidə eynilik təşkil edir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ veran işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret hallan (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 32 il 6 ay 8 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1976-cı il (hərbi xidmət dövrü), xx.xx.1977xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli, 13-1/2-Y-1113/1-42/2024 saylı arayışında xx.xx.1977-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının Yeni-Ələt refrijerator vaqon deposunda, X3, "xxxx" MMC-nin X3 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 26 gün (xx.xx.1977- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019- xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2117/2025 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi qismən təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini etirazın məzmununa uyğun əsaslandırmışdır. Həmçinin şikayətdə ona istinad edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının xx.xx.1982-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər stajı yoxdur. İddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 6 il 8 ay 26 gün təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışında iddiaçının refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2117/2025 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1956-cı ildə doğulmuş, onun 57 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Y-153187/2024 saylı məktubla bildirilmişdir ki, “.. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024- cü il tarixli 13-1/2-Y-1113/1-42/2024 nömrəli arayışında xx.xx.1982-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X3, "xxxx" MMC-nin X3 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 8 ay 26 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982- ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - ******* saylı iddiaçıya aid hərbi biletə əsasən, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur - İddiaçıya məxsus ******* saylı əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1973xx.xx.1974-cü illərdə Baş Ələt stansiyasında fəhlə, xx.xx.1977-xx.xx.1980-ci illərdə Bakı enerji təchizatı sahəsində elektrik montyoru, xx.xx.1980-xx.xx.2018-ci illərdə Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyanən mexaniki, refrijerator qatarının rəisi vəzifələrində işləmişdir. - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayışına görə, iddiaçı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifə(peşənin) Vəzifəyə təyin edilmə Vəzifədən azad işdən azad olunduğu (başqa Sıra №-si Çalışdığı struktur vahidi (başqa işə keçirilmə) edilməyə dair əmrin işə başladığı tarix işə keçirildiyi) tarix adı barədə əmrin tarixi və tarixi və nömrəsi xx.xx.1977 xx.xx.1980

1. Bakı enerji təchizatı sahəsi əlaqə şəbəkəsinin xx.xx.1977 xx.xx.1980 21/k 224/k elektrik montyoru refrijerator Yeni-Ələt refrijerator vaqon xx.xx.1980 xx.xx.1982

2. seksiyaların xx.xx.1980 xx.xx.1982 deposu 550 220 mexaniki Yeni-Ələt refrijerator vaqon refrijerator xx.xx.1991 xx.xx.2018

3. seksiyaların rəhbər xx.xx.1991 xx.xx.2018 deposu 64 218 mexaniki refrijerator

4. Şərq vaqon deposu seksiyaların rəhbər xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 mexaniki 183 675 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların rəhbər xx.xx.2018

5. - xx.xx.2018 mexaniki 18-AEXP-558 "xxxx" MMC-nin Şərq refrijerator xx.xx.2021

6. vaqon deposu seksiyaların böyük xx.xx.2019 21-AEXP- xx.xx.2019 xx.xx.2021 mexaniki 19-AEXP- 610/1 433 İddiaçının işlədiyi müvafiq vəzifələr (peşələr) üzrə sosial sığorta (əmək) stajı 35 il 7 ay 26 gün təşkil edir. İşlədiyi əlaqə şəbəkəsinin elektrik montyoru peşəsinin əsas xüsusiyyətləri əlaqə şəbəkəsinə texniki qulluq, cari və əsaslı təmir işlərinin yerinə yetirilməsindən, refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri isə refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda 21.4-cü bəndin müvafiq olaraq 22 və 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Bakı enerji təchizatı sahəsi magistral dəmir yolları üzrə xidmət göstərmişdir. - "xxxx" QSC xx.xx.2024-cü il tarixli məktubunda isə göstərmişdir ki, araşdırılmış arxiv sənədlərindən əldə olunan vəzifə təlimatlarına əsasən, sorğuda qeyd edilən refrijerator qatarların (seksiyaların) rəhbər mexaniki vəzifəsinin vəzifə funksiyaları “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarında qeyd olunan refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000–23598) vəzifəsi ilə fərqli və oxşar xüsusiyyətlərə malikdir. xx.xx.2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: 2006-cı ilin yanvarın 1dək ümumi stajı 25 ildən; güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə müvafiq olaraq, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 32 il 6 ay 8 gün ümumi iş stajı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən verilən arayışa əsasən, iddiaçının xx.xx.2006-cı il tarixədək 2 nömrəli Siyahı üzrə 12 il 6 aydan artıq güzəştli iş stajı olmuşdur. Lakin cavabdeh faktiki olaraq işəgötürən tərəfindən verilmiş arayışı qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh həmin vəzifənin uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. İkincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Birinci instansiyası məhkəməsi haqlı olaraq işəgötürən müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq, onun tərəfindən verilən arayışı mötəbər sənəd kimi qəbul etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Buna görə birinci instansiyası məhkəməsi iddiaçının tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının xx.xx.2019-cu il tarixindən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, eyni əsaslarla 07 sentyabr 2023-cü il tarixindən əlavələrin hesablanması və bütün ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə münasibətdə isə birinci instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə və ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İddiaçının pensiya hüququ xx.xx.2013-cü il tarixdə yaransa da, onun cavabdehə sonuncu müraciəti xx.xx.2024-cü il tarixdə olduğundan (əvvəlki müraciətlər üzrə cavabdeh inzibati orqanının imtina cavabı mübahisələndirilmədiyindən sonuncu müraciət əsas götürülür), ona həmin tarixdən etibarən pensiya ödənişinin hesablanaraq ödənilməsi təmin edilməlidir. İddiaçı tərəfindən birinci instansiyası məhkəməsinin qərarı mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2117/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2117/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar