Məhkəmə qərarları › İş №2-1(103)-3339/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3339/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3339/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək SSRİ Dövlət Statistika Komitəsində işlədiyi müddətin dövlət qulluğu üzrə iş stajı kimi nəzərə alınmaqla ona hüququ yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilərək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...18 dekabr 1978-ci il tarixdən-29 iyun 1995-ci il tarixədək SSRİ Dövlət Statistika Komitəsində dövlət qulluğunda çalışmışdır. Hazırda pensiya yaşına çatmış və buna görə də cavabdeh orqana yazılı formada müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, dövlət qulluqçusu kimi onun 15 il stajı yoxdur. İmtinanı əsassız hesab edir. Belə ki, o, faktiki olaraq 15 ildən çox müddətdə SSRİ Dövlət Statistika Komitəsində çalışmışdır və daha sonra həmin orqan ləğv edilsə belə, iddiaçı faktiki olaraq dövlət qulluqçusu kimi çalışmışdır və öz vəzifələrini icra etmişdir. Onun işləməsi barədə əmək kitabçasında və əldə etdiyi arxiv arayışında müvafiq qeydlər vardır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün ya “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının xx.xx.1983-xx.xx.1995- ci il tarixləri arasındakı fəaliyyət dövrü dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə qərarında iddianı rədd edərək yalnış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə aşağıdakı qeyd edilənləri düzgün qiymətləndirməmişdir: İddiaçı 18 dekabr 1978-ciil tarixdən- 29 iyun 1995-ci il tarixədək SSRİ Dövlət Statistika Komitəsində dövlət qulluğunda çalışmışdır. Buna dair iş materiallarında kifayət qədər sübutlar mövcuddur. Lakin məhkəmə, iş materiallarında olan sənədləri tam və hərtərəfli tədqiq etməmişdir. Belə ki, iş materiallarında olan arxiv arayışından və digər sənədlərdən müəyyən edilir ki, iddiaçı dövlət orqanı olan Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Eyni zamanda, məhkəmə Dövlət Statistika Komitəsini üçüncü şəxs qismində cəlb edib iş üzrə mühüm əhəmiyyət kəsb edən halların, iddiaçının həqiqətən orada dövlət qulluğunda işləmş olmasının aydınlaşdırılması məqsədilə Komitənin nümayəndəsinin dindirilməsini təmin etmədən, yalnız iş materiallarına əlavə edilən X4 müvafiq məktubuna istinad etməklə qərar qəbul etmiş, sübutlara məcmu qaydada, tam və hərtərəfli şəkildə qiymət vermədən qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, məhkəmənin müvafiq qərarı ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Bundan əlavə olaraq cavabdeh orqan şəxsin dövlət qulluğu stajının xx.xx.1978- ci il tarixindən xx.xx.1983- cü iltarixinə qədər olan dövrlər üzrə cəmi 4 il 9 ay qeyd etsə də, eyni vəzifələr üzrə işlədiyi növbəti illləri “ dövlət qulluğu stajı olaraq nəzərə almadan iddiaçıya münasibətdə kobud pozuntuya yol vermişdir və məhkəmə aidiyyatı orqan olan Dövlət Statistika Komitəsini işə maraqlı şəxs olaraq cəlb etməmiş, əsasnamə və vəzifə təlimatlarının eyniliyini yoxlamadan qərar qəbul etmşdir. Məhkəmə işin hallarını tam, hərtərəfli şəkildə araşdırmadan, iddiaçı tərəfindən təqdim edilən sübutlara düzgün qiymət vermədən, iddiaçının işləmiş olduğu Dövlət Statistika Komitəsini işin icraatına cəlb etmədən və onun nümayəndəsinin dindirilməsini təmin etmədən, yalnız X3 alınmış bir məktub əsasında iddianı rədd etmiş, bununla da kobud hüquq və qanun pozuntusuna yol vermişdir...” Cavabdeh apellyasiya şikayətinə etirazında iddia ərizəsinə etirazına uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış iddia ərizəsinə etiraza uyğun olaraq, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçının cavabdehə qarşı 18 dekabr 1978-ci il - 29 iyun 1995-ci illərdə SSRİ Dövlət Statistika Komitəsində dövlət qulluğunda çalışdığı nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmişdir. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, “...iddiaçının xx.xx.1983-xx.xx.1995-ci illərdə işlədiyi dövrdlərin dövlət qulluğu vəzifəsi olub-olmamasının araşdırılması məqsədilə aidiyyəti üzrə X5 sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Baş Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirildiyi və Azərbaycan SSR Dövlət Statistika Komitəsinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı üçün onun həmin qurumda 1978-1985-ci illərdə iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. X8 tərəfindən cavabdehə təqdim edilmiş məlumatda eyni səbəbdən həmin qurumda 1978-1994-cü illərdə iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı göstərilmişdir...” Konkret halda, iddiaçı apellyasiya şikayətində mübahisələndirir ki, məhkəmə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsini üçüncü şəxs qismində cəlb edib iş üzrə mühüm əhəmiyyət kəsb edən, o cümlədən, Komitənin nümayəndəsinin dindirilməsini təmin etmədən, yalnız iş materiallarına əlavə edilən X4 müvafiq məktubuna istinad etməklə qərar qəbul etmiş, sübutlara məcmu qaydada, tam və hərtərəfli şəkildə qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, iş üzrə əhəmiyyyət kəsb edən hər hansı sübutun əldə olunması məqsədilə, Dövlət Statistika Komitəsi üçüncü şəxs qismində işə cəlb oluna bildməz. Çünki, üçüncü şəxs qismində işə cəlb edilmənin İPM-in 28.1-ci maddəsi ilə müəyyən olunan prosedur qaydası vardır. Belə ki, hazırkı qərar Dövlət Statistika Komitəsinin qanunla qorunan maraqlarına toxunmalıdır ki, onun üçüncü şəxs qismində işə cəlb olunması mümkün olsun. Konkret halda isə belə hal mövcud deyildir. İkincisi, dövlət qululuğu vəzifələrinə dair rəy vermək səlahiyyəti konkret halda, Dövlət Statistika Komitəsinin yox X4 səlahiyytinə aid edilən məsələdir ki, birinci instansiya məhkəməsi tərəfindən də hazırkı iddianın predmeti ilə bağlı Mərkəzin rəyi alınmışdır. X4 işə əlavə olunmuş, məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mətubunda ifadə olunan rəyində isə aşağıdakılar bildirilmişdir: “...Azərbaycan SSR Dövlət Statistika Komitəsi strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1 noyabr 1988-ci il tarixli 389 nömrəli qərarı ilə təsdiq edilmiş strukturuna əsasən Baş Hesablama Mərkəzi Komitənin Aparatında deyil, yanında nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Respublika Hesablama Mərkəzi (Baş Hesablama Mərkəzi) təsərrüfat hesabına maliyyələşdirildiyi və Azərbaycan SSR Dövlət Statistika Komitəsinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı üçün həmin qurumda 1978-1985-ci illərdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1978-1985-ci illərdə İnformasiya Hesablama Xidməti Birliyində (Azərmaşınform) iş müddətilə bağlı bildirilir ki, müvafiq Siyahıda yalnız rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahıda informasiya hesablama xidməti birliklərində və həmin birliklərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1978-1985-ci illərdə İnformasiya Hesablama Xidməti Birliyində (Azərmaşınform) iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır...” ( Qeyd edilməlidir ki, X8 tərəfindən cavabdeh quruma da uyğun məzmunlu rəy verilmişdir). Üçüncüsü, məhkəmə kollegiyası tərəfindən iddiaçının qeyd olunan dəlilləri nəzərə alınmaqla, hər bir halda hazırkı mərhələdə Dövlət Statistika Komitəsinə müvafiq sorğu verilmiş və sonuncu tərəfindən həmin sorğuya 30 oktyabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı kimi cavab verilmişdir: “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirilən , orada mövcud olan vəzifələr dövlət qulluğu vəzifələri hesab olunmamışdır. Bununla əlaqədar olaraq sözügedən Mərkzdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğun olaraq müvafiq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Eləcə də nəzərinəizə çatdırılır ki, sözügedən Mərkəz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 25 dekabr tarixli 325 nömrəli sərəncamı ilə ləğv olunmuşdur...” Dövlət Statistika Komitəsinin mübahisələndirilən məsələyə münasibətindən də göründüyü kimi, iddiçının vaxtilə sözügedən Komitənin Baş Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirilən qurum kimi faliyyət göstərmiş və qeyd olunan Siyahıda dövlət quluğu vəzifəsinə uyğunlaşdırılmamışdır... “Dövllət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunan anlayışlarına görə: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı kimi – töfsifləri verilmişdir. Qeyd olunan anlayışlar nəzərə alınmaqla, dövlət qulluqçusunun mənasına vardıqda, dövlət qulluqçusu statusuna malik olmaq üçün şəxsin - dövlətin məqsədini və funksiyalarını həyata keçirən və qanunla müəyyən edilən hallarda büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən dövlət orqanında çalışıb dövlət məvacibi alan, inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olması gərəklidir ki, onun dövlət qulluqçusu kimi qiymətləndirilməsi mümkün olsun. Burada, xüsusilə nəzərə çarpan hal ondan ibarətdir ki, dövlət qulluqçusu ilk növbədə dövlət büdcəsindən maliyyələşən və dövlət orqanından məvacib alan bir şəxs olmalıdır. Qeyd olunmalıdır ki, şəxsin çalışdığı qurumun inzibati orqan statusuna malik olması, heç də onun dövlət orqanında çalışması anlamını vermir. Çünki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinin tələbinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər sayılır. Konkret halda da, iddiaçının əməkdaşı olduğu qurum, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi, inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxs meyarlarına uyğun gəlsə belə, həmin Mərkəz dövlət büdcəsindən maliyyələşməyən, təsərrüfat hesablı bir qurum kimi fəaliyyət göstərmişdir. Dövlət Statistika Komitəsinin tədqiq olunan sorğuya cavabdından göründüyü kimi, Komitənin Baş Hesablama Mərkəzi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 25 dekabr tarixli 325 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Bu da ondan irəli gəlmişdir ki, 19 noyabr 2015-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada isə deyilirdi: 1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi. 2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi. 3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Tədris Mərkəzi. Göründüyü kimi, sözügedən Mərkəz fəaliyyət göstərdiyi son illərdə belə Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan qurum hesab edilirdi. Beləliklə də qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1995ci il tarixədək SSRİ Dövlət Statistika Komitəsində işlədiyi müddətin dövlət qulluğu üzrə iş stajı kimi nəzərə alınması istisna olunur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Odur ki, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhkəmənin işin hallarını tam, hərtərəfli şəkildə araşdırmadan, iddiaçının sübutlarına düzgün qiymət vermədən əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2024 saylı xx.xx.2024-cü il tarixli il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar