Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-334/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “vəsiqənin verildiyi tarixdən əvvəlki üç il üçün müavinətin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6435/2021 saylı 16.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarabağ veteranları üçün nəzərdə tutulmuş 12 dekabr 2015-ci il tarixdən 12 dekabr 2018-ci il tarixədək 3 illik yığılmış sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. 12.12.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. O, 25.02.2021-ci il tarixində cavabdehə müraciət edərək veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmiş, lakin sonuncu ona ünvanladığı 28.01.2021-ci il tarixli məktubunda imtina edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən müharibə vetranlarına ödənilən müavinət, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq 01.04.2019-cu il tarixindən 80 manat məbləğində prezident təqaüdü ilə əvəz edilmişdir. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödənişi deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6435/2021 saylı 16.07.2021-ci il tarixli qərarı iddia ilə təmin olunmuş, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 12.12.2015-ci il tarixdən 12.12.2018-ci il tarixinədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh (təmsilçisi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. Belə ki, qanunvericiliklə güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilir. Deməli, bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci, maddəsində nəzərədə tutulan müəvinətin almaq hüququnun yaranma anı «Veteranlar haqqında» Qanunun 7-ci və Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı verilməs qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində müəyənləşdirilmişdir. Həmin normalara əsasən müharibə müharibə veteranı kimi, sosial müavinəti (güzəştləri) almağa hüququn yaranması anı veteran vəsiqəsinin təqdim olunması anı hesab olunur. Beləliklə iddiaçıya vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün müavinətin ödənilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Miriyeva apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə, onun iştirakı olmadan işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,“Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (11.07.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə (1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə) müvafiq olaraq, 12.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi (Şəxsi Heyət Baş İdarəsi) tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunur ki. cavabdehin 25.01.2019cu il tarixli qərarı ilə iddiaçıya 12.12.2018-ci il tarixdən 55 manat məbləğində müavinət təyin edilmiş, 01.04.2019-cu il tarixdən isə digər bir sərəncamı ilə ona 80 manat məbləğində prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsinə, cavabdehin iddiaçının müraciətinə verdiyi 28.01.2021-ci il tarixli cavab məktubuna, habelə, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazına və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, müharibə veteranı vəsiqəsi verildiyi 12.12.2018-ci il tarixdən iddiaçıya müavinət təyin edilərək ödənilməyə başlanıldığı, 01.04.2019-cu il tarixindən isə ona verilən həmin müavinətin prezident təqaüdü ilə əvəz edildiyi işin mübahisələndirilməyən halıdır (Azərbaycan Respublikası Prezidentinin“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanına əsasən: 01 aprel 2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir) Eyni zamanda, iddiaçıya müharibə veteranı kimi 12.12.2018-ci il tarixində müavinət təyin edilsə də, həmin tarixdən ona əvvəlki üç il üçün müavinət hesablanıb verilmədiyi də işin mübahisələndirilməyən halını təşkil edır Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının əvvəlki üç il üçün qanunla müəyyən edilən müavinət almaq hüququ açıq qalmışdır. Apellyasiya şikayətində cavabdeh «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə istinadən belə hesab etmişdir ki, müavinət almaq hüququ müharibə veteranı vəsiqəsi təqdin edildikdə yaranır. Başqa sözlə, cavabdehin gümanına görə vəsiqənin verildiyi tarix əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan normaları düzgün təfsir olunmur. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda tətbiq edilə bilməz. Çünki, konkret halda, qanunverici sadəcə onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın veteran vəsiqəsinin mövcudluğu tələb olunur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən 1-ci Qaraağ müharibəsində iştirakına görə müharibə veteranı adı və vəsiqəsi verilmiş iddiaçı «müharibə veteranı» vəsiqəsi verildiyi 12.12.2018-ci il tarixindən əvvəlki üç il üçün müavinət almaq hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçının qanunla müəyyən edilən həmin hüququnu cavabdeh pozmuş, 12.12.2016-cı il tarixindən əvvəlki üç il üçün müavinətin hesablanıb ona ödənilməsindən imtina etmişdir. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasyı cavabdehin apellyasiya şikayətinin müharibə veteranı vəsiqəsi verildiyi andan əvvəlki üçün iddiaçının müavinət almaq hüququnun olmadığını mübahisələndirən dəlillərini əsassız sayır. Onun apellyasiya şikayətinin, iddiaçıya verilən müavinətin 01.04.2019-cu il tarixindən prezident təqaüdü ilə əvəz edildiyini mübahisələndrilən dəlilləri gəldikdə isə bu məsələnin hazırkı iddia tələbinə heç bir aidiyyəti ola bilməz. Çünki, konkret halda, iddiaçı «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək ilkin olaraq ona müavinətin təyin edildiyi 12.12.2018-ci il tarixindən əvvəlki üç il üçün müavinət hesablanıb ödənilməsini tələb edir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və iddiaçıya xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 12.12.2015-ci il tarixdən 12.12.2018-ci il tarixinədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunvericiliyə zidd olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən və bununla əlaqədar qərarın ləğv edilib iddianın rədd olunmasını tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6435/2021 saylı 16.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6435/2021 saylı 16.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən (yoxlanılan hissədə) qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-334/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-334/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver