Məhkəmə qərarları › İş №2-1(103)-334/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-334/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-334/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1-ci qrup əlil kimi əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu vaxtdan hal-hazıradək fərqin müəyyən edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 1 dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı münasibətdə qanunvericiliyin tələbinə əsasən xx.xx.2020-ci il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyasnın təyin edilməsi üçün 10 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 46 yaş - əmək qabiliyyəti olmayan yaş dövrü 15 yaş = 31 il: 3 1 il x 4 ay = 124 ay = 10 il 4 ay) tələb edilir. İddiaçı isə 12 il 5 ay 27 gün işləmişdir. Bunu təsdiq edən iddiaçıya məxsus İT-11289803 nömrəli əmək kitabçası var ki, həmin əmək kitabçası X1 xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək zavodda katibə (4 ay 26 gün), xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək 3 №-li Bərpa Təmir Tikinti İdarəsində katibə (12 il 5 ay 27 gün) işləməsini sübut edir. Cavabdeh inzibati orqan isə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi 4 ay 26 günü sosial sığorta stajı kimi qəbul etsə də, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi dövrü 3 saylı Bərpa Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün mübahisələndirir və qəbul etmir. Göründüyü kimi, cavabdeh formal və qeyri-dəqiq mülahizələr irəli sürərək vətəndaşın pensiya hüququnu təmin etmir. Qeyd olunan halların məhkəmə araşdırması zamanı hətta məlum olmuşdur ki, dövlət reyestrində "3 saylı Bərpa Təmir Tikinti İdarəsi"nin xx.xx.1994cii il tarixdə 11331 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Bunu təsdiq edən sənəd, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu iş materiallarında mövcuddur. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanması barədə məlumat mövcuddur. Hal- hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmaması qeyd olunmuş, bu səbəbdən də məhkəmə belə hesab etmişdir ki, iddiaçının işlədiyi X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsi xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçsə də, xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanmışdır. Belə olan halda iddiaçının həmin müəssisədə işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək müddət sosial sığorta stajı kimi nəzərə alına bilər ki, bu müddət 7 il 4 ay 18 gün təşkil edir. Bu səbəbdən məhkəmə belə hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi sosial sığorta stajı İ dərəcə əlilliyə görə tələb edilən 10 il 4 aydan azdır. Başqa sözlə məhkəmə belə hesab etmişdir ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 222 nömrəli Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi (VÖEN) və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə Qərarı ilə qəbul olunduğu vaxtdan sonra tətbiq olunmağa başlanıb. VÖEN almaq üçün müraciət etməməsinə əsaslanmaqla iddia tələbinin rədd olunması barədə məhkəmənin mövqeyi ilə razılaşmaq olmur, çünki həmin vaxtda VÖEN olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi xx.xx.1992-ci il tarixli, İT-İ ******* saylı əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 4 ay 25 gün olmaqla tələb olunan müddətdən (10 il 4 aydan) azdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 və araşdırmalar şöbəsinin xx.xx.2020-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1992-ci il tarixli İT-İ ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş 3 saylı Bərpa Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilir ki, ona İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2020-ci il tarixindən 150 manat məbləğində İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********968500 №-li məktubdan görünür ki, dövlət reyestrində “3 saylı Bərpa Təmir Tikinti İdarəsi”nin xx.xx.1994-cü il tarixdə 11331 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********12 №-li məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində 3 nömrəli Bərpa Təmir Tikinti İdarəsi barədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********961800 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 27 yanvar 1994-cü il tarixli qərarından çıxarışa əsasən X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu, 3 №-li Bərpa Təmir Tikinti İdarəsi hüquqi şəxs kimi qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********359900 №-li məktubdan görünür ki, dövlət reyestrində X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanması barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək zavodda katibə (4 ay 26 gün), xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək 3 №-li Bərpa Təmir Tikinti İdarəsində katibə (12 il 5 ay 27 gün) işləmişdir (cəmi 12 il 10 ay 23 gün). Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. İddiaçının işlədiyi X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsi xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçsə də, xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanmışdır. Belə olan halda iddiaçının həmin müəssisədə işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək müddət sosial sığorta stajı kimi nəzərə alına bilər ki, bu müddət 7 il 4 ay 18 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək kitabçasına əsasən ümumi sosial sığorta stajı 7 il 9 ay 14 gündür və bu müddət iddiaçıya İ dərəcə əlilliyə görə tələb edilən 10 il 4 aydan azdır. Odur ki, iddiaçıya İ dərəcə əlilliyi olan şəxs kimi əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajı yetərli olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (xx.xx.2022-ci il tarixədək olan redaksiyada 12.1-ci maddənin birinci cümləsində “İ dərəcə əlilliyi olan” sözləri yazılmışdır, həmin tarixdən sonra qeyd olunan sözlər “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 10 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 46 yaş - əmək qabiliyyəti olmayan yaş dövrü 15 yaş = 31 il; 31 il x 4 ay = 124 ay = 10 il 4 ay) tələb edilir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi 4 ay 26 günü sosial sığorta stajı kimi qəbul etsə də, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi dövrü 3 saylı Bərpa Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün mübahisələndirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanması barədə məlumat mövcuddur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 27 yanvar 1994-cü il tarixli qərarından çıxarışa əsasən X5 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu, 3 №-li Bərpa Təmir Tikinti İdarəsi hüquqi şəxs kimi qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi 3 №-li Bərpa Təmir Tikinti İdarəsi xx.xx.1994-cü ildə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeydlər nəzərə alınmaqla sosial sığorta stajı hüquqi şəxsin vergi uçotuna dayandığı tarixdən deyil, dövlət qeydiyyatından keçdiyi tarixdən hesablanmalıdır. Ona görə də iddiaçının 3 №-li Bərpa Təmir Tikinti İdarəsində xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi dövr onun sosial sığorat stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi illər nəzərə alınmaqla, cəmi 11 il 7 ay 1 gün sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən 150 manat məbləğində İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı birinci dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu vaxtdan fərqin müəyyən edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar