Məhkəmə qərarları › İş №2-1(103)-3340/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3340/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3340/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi” iddia tələbinə dair işi üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi”) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025ci il tarixli, e-2-1(112)-7536/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə tələbin təmin edilməsindən imtina edilərək qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli Göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Yasamal rayon, İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 5-21/2-A-4-162/2025 saylı məktubla imtina etmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli Göstərişinin 1- ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsinin dayandırılmasını göstərmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, onu bildirmək istərdik ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillər vardır. Bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən ona verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarla öz təsdiqini tapmışdır. İddiaçının xüsusi mülkiyyətində olan mənzillərin yerləşdiyi ərazisi və məkanı qanunvericiliyə uyğun olaraq onların qeyri-yaşayış sahəsinə keçirilməsinə imkan verir. Məhz buna görə qanunvericiliyin ona verilən hüquqdan istifadə edərək hal-hazırda xüsusi mülkiyyətində olan mənzillərin qeyri-yaşayış sahəsinə keçirmək niyyətində olduğundan cavabdehə müraciət etmişdir. Cavabdehi iddiaçının mənzillərinin qeyri-yaşayış sahəsinə keçirilməsinə imtina etmir, sadəcə olaraq bildirir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli Göstərişinin 1- ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. Halbuki, qanunvericilikdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən hər hansı bir razılığın alınması tələb olunmur. X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillərdə “X6 Mərkəzi” MMC kimi fəaliyyət göstərir. Autizm xəstəliyindən əziyyət çəkən şəxslərə xidmət göstərilir. Cəmiyyətə AR Gənclər və İdman nazirliyi və Autizm Assosiasiyasının birgə təşkil etdiyi İV X1 iştirak etdiyi üçün Sertifikatla təltif edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2-1(112)-7536/2025 nömrəli (sədrlik edən hakim L.S.Musayeva) qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Cavabdeh imtinasının qanunsuz hesab edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla ünvan 1 ünvanda yerləşən 80.60 kv.metr və ünvan 2 ünvanda yerləşən 104.10 kv.metr olan mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2- 1(112)-7536/2025 nömrəli qərarının təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 28 L ünvanda yerləşən 5 və 6 nömrəli mənzillərin daxilində rekansturksiya işlərinin aparılması nəticəsində mənzillər birləşdirilərək küçəyə qapı açılmışdır. Mənzillərin faktiki vəziyyəti eskiz edilmiş və ümumi sahədə yaranmış fərq mənzilin eyvan sahəsinin ümumi sahəyə daxil edilməsi hesabına yaranmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil məcəlləsinin 23.1 və 23.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş Ara məsafəsi ilə bağlı müfəssəl qaydalara və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, istinad olunan normalar belə nəticəyə gəlməyə əsas verir ki, həmin yaşayış sahəsində lahiyə olmadan, müvafiq orqanlardan rəy alınmadan mənzilin içərisində texniki-təhlükəsizlik qaydalarına riayyət olunmadan istinad divarlarının bir qismi sökülmüş, texniki vəziyyəti baxımından təhlükəli olan mənzil, həmin ərazidə yaşayanların hüquq və mənafelərinə zidd istifadə edilə bilməz. Yaşayış ərazisində qeyri-yaşayış obyektlərin istifadəsi zamanı orada yaşayan sakinlərin hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-3340/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin ümumiyyətlə, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud təcrübəsinin nəzərə alınaraq qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair xx.xx.2025-ci il tarixli, 2-1(103)-3340/2025 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 81.2 və 90.2-ci maddələrinin əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil. Cavabdeh orqan tərəfindən Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə əsasən daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı hər hansı inzibati araşdırma aparılmamışdır. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Cavabdeh tərəfindən yaşayış-sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən mübahisələndirilən daşınmaz əmlakın uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi nəzərə alınmaqla daşınmaz əmlakın qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır. Həmin qiymətləndirmənin aparılması üçün aidiyyəti qurumlardan (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) müvafiq rəylər alınmalıdır. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırkı mübahisə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin birinci instansiya məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Qeyd etmək lazımdır ki, eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2933/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair xx.xx.2025-ci il tarixli, 2-1(103)-3340/2025 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 81, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair xx.xx.2025-ci il tarixli, 2-1(103)-3340/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2025ci il tarixli, e-2-1(112)-7536/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar