Məhkəmə qərarları › İş №2-1(103)-3341/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3341/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3341/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüququn mərhum atasına məxsus olmasına dair arayışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər r, Zirə qəsəbəsində yerləşən, ölçüsü 0,20 ha olan “217” saylı bağ sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir (İPM m.34.1). İddianın əsaslarına görə Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X6 arasında xx.xx.1975-ci il tarixdə bağlanmış 15505 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayon, Zirə qəsəbəsində yerləşən, “217” saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. İddiaçının atası həmin bağ sahəsini öz adına rəsmiləşdirmədən xx.xx.1992-cü il tarixdə vəfat etmişdir. Bağ sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. O, həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayş almaq üçün cavabdehə müraciət etmiş, lakin sonuncu imtina edərək, ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, eyni nömrəli (15505) müqavilə əsasında digər ərazidə, digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan əmlak aşkar edilmişdir. Təqdim edilən bağ sahəsinin X3 istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin xx.xx.1975-ci il tarixli, 15505 saylı müqaviləsi səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi ərazidə yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında da imtina məktubunda qeyd edilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər r, Zirə qəsəbəsində yerləşən, ölçüsü 0,20 ha olan “217” saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, təqdim edilən bağ sahəsinin X3 istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin xx.xx.1975-ci il tarixli, 15505 saylı müqaviləsi səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Texniki baxış zamanı sözügedən bağ sahəsinin sərhəddindən 4.30-11,9 m aralı ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin idarənin elektron baza məlumatlarına əsasən qeyd olunan ərazinin ssxematik xəritəsinə əsasən sözügedən bağ nömrəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Əlavə olaraq İdarənin arxiv məlumatlarına əsasən eyni nömrəli (15505) müqavilə əsasında digər ərazidə, digər fiziki şəxsin (X2) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan əmlak mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mübahisəli bağ sahəsinin dədə-baba torpaqları olduğunu, 1975-ci ildən atasınına adına müqavilə bağlandığını, torpağın kəndin kənarında 20 sotdan ibarət olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, ölçüsü 0,20 ha olan “217” saylı bağ sahəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın verilməsini cavabdehdən tələb etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbindən də görünür ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qeyd olunan əsaslarla iddiaçıya arayış verilməsindən imtina olunması əsassızdır. Belə ki, işə əlavə olunmuş arxiv materiallarına əsasən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış xx.xx.1975-ci il tarixli, 15505 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayoun, Zirə qəsəbəsində yerləşən, ölçüsü 0,20 ha olan “217” saylı bağ sahəsi onun istifadəsinə ayrılmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən (0605.1992 No319123) görünür ki, mübahisəli bağ sahibi X6 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, işdə olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Notariusu nun 24 avqust 2022-ci il tarixli 464 nömrəli cavabdehə idarəyə ünvanlanmış məktubundan görünür ki, X3 vəfat etməsi ilə əlaqədar oğlu İddiaçı varis kimi tanınıaraq, miras qalmış Zirə qəsəbəsində yerləşən, 217 nömrəli 0,20 ha bağ sahəsinə çıxarış verilməsi xahiş olunmuşdur. Lakin cavabdehin imtna məktubu, iddia ərizəsi və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, formal əsaslara görə iddiaçıya həmin bağ sahəsinin atasına məxsus olması barədə arayış verilməsindən imtina olunmuşdur. Cavabdehin birinci dəlili ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyinin xx.xx.1975-ci il tarixli, 15505 saylı müqaviləsi səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin müqavilənin arxiv nüsxəsi cavabdeh idarənin özündə mövcud olduğu, müqavilə Bakı şəhər XDS İK sədri, Bağlar İdarəsinin rəisi və bağın icarədarı tərəfindən imzalandığı və üzərinə tarixi göstərilməklə, yoxlanımasına dair müvafiq dərkənar qoyulduğu, həm də həmin bağ sahəsinin təhvil verilməsi barədə akt və plan ölçü və s. tərtib olunub (i.v.26-33) müvafiq səlahiyyətli şəxsər tərəfindən imzalandığı halda, möhürün görünməməsinə görə iddiaçıya irad tutularaq imtina cavabı verilməsi əsassızdır. Cavabdeh ikinci bir dəlilində, sözügedən bağ sahəsinin sərhəddindən 4.30-11,9 m aralı ərazidə yerləşdiyi, həmçinin idarənin elektron baza məlumatlarına əsasən qeyd olunan ərazinin sxematik xəritəyə əsasən sözügedən bağ nömrəsinə aid olub-olmamasını müəyyənləşdirilməsinin mümkünsüz olması qeyd olunur. Başqa sözlə, burada cavabdeh tərəfindən bağ sahəsinin sxematik xəritəyə uyğun olmadığı mübahisəlnədirilir, həm də digər bir dəilində eyni bağ nömrəsi (15505) ilə başqa şəxsin (X2) adına bağ sahəsinin qeydə alındığı vurğulanır. Bununla əlaqədar məhkəmə kollegiyası, birincisi, onu qeyd edir ki, bağların sxematik xəritə və nömrə uyğunsuzluğunu aradan qaldırmaq, məhz, cavabdeh orqanın qanunvericiliklə üzərinə düşən öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərədə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Eyni zamanda qeyd olunmalıdır ki, digər fiziki şəxs X2 adına verilmiş xx.xx.2010-cu il tarixli çıxarışda, ona məxsus həmin bağ sahəsinin tamamilə başqa ərazidə yerləşdiyi və həmin torpaq sahsinin ölçüsünü də tamamilə fərqli olduğu müəyyən olunur, həm də iddiaçının onun bu bağ sahəsinə (və ya əksinə) hər hansıbir iddiası da mövcud deyildir. Ümumiyyətlə, cavabdeh özü də eyni nömrəli bağın iddiaçıya aidiyyəti olmayan digər ərazidə yerləşdiyini təsdiq edir. Göründüyü kimi, nömrə uyğunsuzluğu iddiaçıya imtinaya əsas olan hal kimi nəzərə alınmasınında əsassız olduğu sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh qeydiyyat orqanı tərəfindən isə konkret halda qanunvericiliyin qeyd olunan tələblərinə varmadan, iddiaçıya “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinin tələbi baxımından, bağ sahəsinin artıq faktiki mülkiyyətçisi olmuş mərhum X4 məxsusluğu barədə arayış verilməsindən imtina olunmasının əsassız olduğu sübuta yetirilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar