Məhkəmə qərarları › İş №2-1(103)-3344/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3344/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3344/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən hakim və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X3 ibarət tərkibdə, Mirzəzadə Mehri Rasim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirаkı ilə, İddiaçı cavabdeh Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(112)-395/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları:

1. İddiaçı cavabdeh 7 saylı “ASAN xidmət” X2rşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan dəqiqləşmə verərək cavabdehin əvəz edilməsini xahiş etmiş, məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla cavabdeh Xətai Rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ata milliyyətinin “rus”-dan “ukraynalı”-ya dəyişdirilməsi barədə müraciətindən cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, Ukraynada anadan olmuş, anası ukraynalı olmaqla özünü ukraynalı hesab edir. Onun Azərbaycan dilində yazı və oxu bacarıqları məhdud olmuş, inzibati icraat aparılarkən tərcüməçi ilə təmin edilməmiş və bu səbəbdən yanlışlıqla “rus” olaraq göstərilmişdir. Halbuki, onun milliyyəti ukraynalıdır. Hesab edir ki, rus silahlı qüvvələrinin onun doğma şəhərini dağıtması, insanları öldürməsi səbəbindən milliyyətinin rus olaraq göstərilməsi qəbuledilməzdir və dəyişdirilməlidir.

4. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

5. Apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla X8 üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsində ikinci icraat zamanı iddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2020-ci il tarixdə doğulmuş X5 doğum haqqında akt qeydinin “ata” qrafasında atanın milliyyətinin “rus”dan “ukraynalı”ya dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(112)-395/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”:

2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir.

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

82. apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmənin mövqeyi:

15. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(112)-395/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin faktiki hallarından görünür ki, iddiaçı övladı Y.Belousovun doğum akt qeydində atanın milliyyəti hissəsində dəyişiklik edilərək milliyyətin ukraynalı göstərilməsini tələb edir. İddia onunla əsaslandırılır ki, inzibati icraat aparılarkən tərcüməçi ilə təmin edilməmiş, yanlışlıqla milliyyəti rus kimi göstərilmişdir.

17. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin doğum akt qeydində dəyişikliklərin, eləcə də milliyyət qrafasında dəyişikliklərin edilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir ki, iddianın mahiyyəti akt qeydində atanın milliyyəti ilə bağlı səhv məlumatın göstərilməsinə istinad edir. Həmin məlumatın səhv göstərilməsinin əsası qismində isə dili bilməməsi və bu səbəbdən məlumatın səhv qeyd edilməsi göstərilir.

18. Cavabdeh isə iş materiallarında olan ərizəyə istinad edərək qeyd edir ki, iddiaçı məhz özü qeydiyyat şöbəsinə müraciət etmiş və milliyyətinin rus yazılması barədə iradə ifadəsini nümayiş etdirmişdir.

19. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati orqan təkcə ad, soyad və ata adına münasibətdə şəxsin dili bilib-bilməməsini müəyyən etmək məcburiyyətində olmayıb, həmin şəxsin yalnız dili bilmədiyi halda tərcüməçi təminini həyata keçirmək kimi öhdəliyə malikdir. Bununla bağlı isə iddiaçının inzibati icraatın aparıldığı dili bilməməsi, həmin dili bilməməsi ilə bağlı inzibati icraat aparılan zaman hər hansı halın aşkar edildiyi müəyyən edilmir. İddiaçı tərcümə xidməti ilə təmin edilməsə belə, 29 aprel 2020-ci il tarixli ərizəsinin onun iradə ifadəsini reallıqda nümayiş etdirmədiyi mövqeyi ilə də razı olmamaqla məhkəmə iddiaçının iddianı müdafiəsi üçün qeyri-dəqiq məlumat verməsi qənaətindədir. Belə ki, iddiaçı övladına doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdiyini bilirdi və etdiyi müraciətdə də “rus” ifadəsinin işlədilməsinin nə ilə bağlı olması barədə məlumatının olmaması inandırıcı hesab edilmir. Hazırkı iddia üzrə sonradan bu məlumatın dəyişdirilməsinin tələbi də məlumatın əvvəlcədən bilindiyinin təsdiqi kimi qiymətləndirməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyildir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının övladı Y.Belousovun doğum akt qeydində atanın milliyyəti hissəsində dəyişiklik edilərək milliyyətin ukraynalı göstərilməsi barədə akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir.

22. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

23. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(112)-395/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Mehriban Qarayeva Hakimlər: Nigar Nəbizadə Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar