Məhkəmə qərarları › İş №2-1(103)-3345/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3345/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3345/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-X1rşı “nəqliyyat vasitələrinin qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)-2568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin sahibliyində olan xx.xx.2008-ci il tarixində istismara verilmiş "FORKLİFT KOMATSU FD 18T-20 T" markalı və xx.xx.2012-ci il tarixində istismara verilmiş "FORKLİFT BALKANCAR P2S-2.5DV" markalı nəqliyyat vasitələrinin Cəmiyyətin adına dövlət qeydiyatına alınması barədə inzibati aktın qəbul edilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2016-cı il, 2065 nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının alınması tapşırılmışdır. Sərəncama əsasən Cəmiyyət və Saziş üzrə podratçı tərəflər arasında 2016-cı ilin avqust ayının 4-də Azərbaycan Respublikası Hökuməti ilə "Londeks Rezorsiz S.A.", "X9 S.A.", X4", "X8" və "X5 Enceniring Ko, Ltd" arasında "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" üzrə işrirak paylarının alqısatqısı müqaviləsi imzalanmış və Saziş üzrə iştirak payları Cəmiyyət tərəfindən satın alnmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən Podratçı tərəflərin bütün əmlaka, avadanlığa və digər aktivlərə dair mülkiyyət hüquqları Cəmiyyətə keçmişdir. Bu bəndin icrası məqsədilə 13 noyabr 2016-cı il tarixində Podraçtı tərəflərin Cəmiyyətə ünvanladığı təsdiqedici məktubunun cədvəl hissəsindəki, 108-ci və 115-ci bəndlərdə qeyd edilmiş 2 ədəd qaldırıcı çəngəlağız texnikasının da (xx.xx.2008-ci il tarixində istismara verilmiş "FORKLİFT KOMATSU FD 18T-20 T" markalı və xx.xx.2012-ci il tarixində istismara verilmiş "FORKLİFT BALKANCAR P2S-2.5DV" markalı) mülkiyyət hüquqları Cəmiyyətə keçmişdir. Mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar olaraq mexaniki nəqliyyat vasitələrinin istismar dövlət qeydiyyatının aparılması və texniki baxışdan keçirilməsi zərurəti yaranmış, bununla bağlı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli 13-10/2- 655/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X6 Agentliyinə müraciət edilmişdir. Agentlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-18-3/2-5221/23 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxışdan keçirildikdən sonra texnikaların qeydiyyata alınacağı bildirilmişdir. Məktuba cavab olaraq Cəmiyyət tərəfindən Agentliyə 19 iyul 2023-cü il tarixli 13-10/2-988/2023 nömrəli məktub göndərilmiş və məktuba əlavə edilmiş sənədlər (mexaniki nəqliyyat vasitələrinin Cəmiyyətə keçməsinə dair Təsdiqedici məktub və Sərəncam) əsasında mexaniki nəqliyyat vasitələrinin Cəmiyyətin adına qeydiyyata alınmasını, qeydiyyata alınması, mümkün olmadığı təqdirdə isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq inzibati akt qəbul edilməsi xahiş edilmişdir. Agentlik cavab məktubunda mahiyyətə uyğun dəqiq cavab verməmiş, inzibati akt qəbul etməmiş, əvvəlki məkubda olduğu kimi Əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxışdan keçirildikdən sonra mexaniki nəqliyyat vasitələrinin qeydiyyata alınacağını bildirmişdir. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi və inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslar hesab olunur. Həmin Qanunun 58-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalı və inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 61-ci maddəsinə əsasən isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı, əsaslandırma zamanı isə işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsiə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 181-ci və 182-ci maddələrini nəzərə almamışdır. Həmin maddələrdə deyilir: "181.4. ... Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur." İşin materiallarından göründüyü kimi "xxxx" QSC beş ildən çox müddətə fasiləsiz olaraq mexaniki nəqliyyat vasitələrinə sahiblik etmiş və Müqavilə üzrə Təsdiqedici məktub əsasında həmin mexaniki nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqları Cəmiyyətə keçdiyindən "vicdanlı əldə edən" hesab edilməlidir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X6 Agentliyinə müraciət edərək, Cəmiyyətin sahibliyində olan xx.xx.2008-ci il tarixində istismara verilmiş "FORKLİFT KOMATSU FD 18T-20 T" markalı və xx.xx.2012-ci il tarixində istismara verilmiş "FORKLİFT BALKANCAR P2S-2.5DV" markalı nəqliyyat vasitələrinin Cəmiyyətin adına dövlət qeydiyatına alınması barədə inzibati aktın qəbul edilməsini xahiş etmiş, lakin cavabdehin məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və 2.6-1-ci bəndinə əsasən müayinə və texniki baxışdan keçirildikdən sonra texnikaların qeydiyyata alınacağı bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Tətbiq edilən hüquq normaları: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ... Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin , yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı":

1. Bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik).

2. Bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik).

3. Bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli).

4. Traktor bazasında quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran).

5. Ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran).

6. Yolsüpürən texnoloji nəqliyyat vasitəsi.

7. Dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri.

8. Yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri).

9. Asfaltqaşıyan maşınlar.

10. Çalaqazan texnoloji nəqliyyat vasitələri.

11. Boruəyən maşın.

12. Yol freyzeri.

13. Asfaltdöşəyən nəqliyyat vasitəsi.

14. Təkərli kompressorlar.

15. Borudüzən nəqliyyat vasitəsi.

16. Qreyderlər.

17. Skreperlər.

18. Təkərli mexanizmlər.

19. Təkərli qaynaq aqreqatları.

20. Təkərli generatorlar.

21. Qat təmizləyən traktorlar.

22. Ekskavatorlar.

23. Buldozerlər.

24. Elektromühərriklə işləyən nəqliyyat vasitələri.

25. Qoşqulu və yarımqoşqulu mexanizmlər.

26. Tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. ...... 2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Sadalanan normalardan aydın olur ki, ölkədə istismarda olan hər bir nəqliyyat vasitəsi aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınmalı olduğundan iddiaçının qeydiyyatdan keçirilməsi iddiasını irəli sürdüyü nəqliyyat vasitələri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmalıdır. Birinci instansiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən göstərilən nəqliyyat vasitələri qeyd-şərtsiz qeydiyyata alına bilməz. Bunun üçün yuxarıda istinad edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.8-ci bəndində göstərilən sənədlərin təqdim edilməsi zəruridir. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən bu tələblə orqana müraciət edən şəxs sahibliyini təsdiq edən müvafiq sənədi də təqdim etməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin predmeti olan nəqliyyat vasitələri üzərində heç bir eyniləşdirmə nömrəsi olmadığından, onların iddiaçıya məxsus olması sübuta yetirilmədiyindən, ümumiyyətlə dövlət qeydiyyatında olması müəyyən edilmədiyindən, cavabdeh orqan qeyd edilən 2.8-ci bəndə istinad etməklə nəqliyyat vasitələrinin iddiaçının adına qeydiyyata alınmasından imtina etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. İddiaçı apelyasiya şikayətində "xxxx" QSC-nin beş ildən çox müddətə fasiləsiz olaraq mexaniki nəqliyyat vasitələrinə sahiblik etdiyini və müqavilə üzrə təsdiqedici məktub əsasında həmin mexaniki nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqlarının cəmiyyətə keçdiyini bildirsə də, Kollegiya razılaşmayaraq aşağıdakıları qeyd edir: Belə ki, Mülki Məcəllənin 179.4-cü maddəsinə əsasən, əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Kollegiya qeyd edir ki, sözügedən nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən (reyestrdə qeydiyyat) hər hansı bir sənəd, eyni zamanda iddiaçının həmin nəqliyyat vasitələrinə dair mülkiyyət hüquqlarının tanınmasına dair məhkəmə qərarı müəyyən edilməmişdir. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apellyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar