Məhkəmə qərarları › İş №2-1(103)-3345/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3345/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3345/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-47/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının inkişafı Departamentinin X3 və İstismarı Birliyi tərəfindən Sabunçu rayonunun Ləhiş ərazisindəki 0,12 ha sahəsi olan 2851 nömrəli bağın onun istifadəsinə verilməsi haqqında xx.xx.2004-cü il tarixdə bağlanmış 33342 saylı müqaviləyə əsasən faktiki sahibliyində və istifadəsində olmuş bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatinin inkisafi Departamentinin X3 və istismarı Birliyi tərəfindən Sabunçu rayonunun Ləhiş ərazisindəki 0.12 ha sahəsi olan 2851 nömrəli bağın iddiaçıya istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixdə 33342 saylı müqavilə bağlanmışdır. Bu yaxınlarda həmin bağ sahəsində naməlum şəxslər tərəfindən inşaat işlərinin aparıldığının şahidi olmuş və orada çalışan fəhlələrə bağ sahəsinin ona məxsus olduğunu bildirmiş və işləri dayandırmalarını tələb etmişdir. Daha sonra bağ sahəsinə mülkiyyət hüququnun qeydiyata alınması üçün cavabdehə müraciət etmişdir, ona imtina cavabı verilmişdir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, , iddiaçı tərəfindən göstərilən bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qonşu bağ sahələrinin nömrə ardıcıllığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində eyni nömrə ilə digər fiziki şəxsin adına (X2) xx.xx.1990-cı il tarixli, 12690 nömrəli müqavilə mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır..

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-47/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan “2851” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir.

IV. Tərəflərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkil apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq olunan sənədlər - Ləhiş bağlar sahəsindəki 101 saylı kooperativin xx.xx.1990-cı il tarixli 07 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 101 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2851 saylı bağ ayrılmışdır. -İddiaçının xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Bağlar Təsərrüfatının birliyinə ünvanlanmış ərizəsindən görünür ki, 101 saylı BTK-nın tərkibində X7 verilmiş Ləhiş sahəsindəki 2851 saylı bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. - X6 Bakı şəhəri Bağlar təsərrüfatı Birliyinə ünvanlanmış ərizəsindən görünür ki, Ləhiş ərazisində mənim adımda olan 2851 saylı bağ sahəsinin İddiaçı adına keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. - “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X3 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 90 saylı protokolundan görünür ki, vətəndaşların rəsminotariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.171. Ləhişdəki 2851 №li bağ (BTK 101) – İddiaçı - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 251 saylı sərəncamından görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X3 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 90 saylı protokolu təsdiq edilmişdir. - X3 və istismarı Birliyinin Bağın istifadəyə verilməsi haqqında 33342 saylı, xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2851 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İddiaçı vermiş, sonuncu isə həmin bağı istifadəsinə götürmüşdür.

VI. Tətbiq olunan hüquq

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

10. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

Vİ.Məhkəmənin mövqeyi

11. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən 2851 saylı bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, bağ sahəsi daşınmaz əmlakin dövlət reyestrində qeydiyatdan keçmiş qonşu bağ sahələrinin nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə bildirişdə idarənin arxivində eyni nömrə ilə digər fiziki şəxsin adına müqavilə mövcud olduğu göstərilmişdir.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

13. Belə ki, iş materiallarından görünür ki, həmin dövrün qanunvericiliyinə uyğun olaraq iddiaçı və mübahisəli bağın sahibi bağ sahəsinin onun adına sənədləşdirilməsi üçün səlahiyyətli orqana ərizə ilə müraciət etmiş, həmin orqan protokolla 2851 saylı bağın iddiaçının adına sənədləşdirilməsini qərara almış, daha sonra bu protokol sərəncamla təsdiq edilmiş və son olaraq həmin bağ sahəsinə dair iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır.

14. İddiaçı hazırda bu sənədlərə istinadən 2851 saylı bağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir.

16. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq sərəncam və icarə müqaviləsini təqdim etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.

18. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

19. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.

20. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir.

21. Beləliklə iş materiallarından 2851 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (həm sərəncam, həm də müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin sənədlər ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçının deməsinə əsasən ona ayrılmış bağdan həmin tarixdən etibarən fasiləsiz istifadə etmişdir, iş materiallarında bu halı təkzib edən hər hansı bir sübut mövcud deyil.

22. Cavabdehin imtinasının dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı.

23. Göründüyü kimi, ekspert özü qəbul edir ki, ərazidə hasarlama işləri bölgü sxemə uyğun aparılmamışdır. Belə olan halda qonşu bağ sahələrinin nömrə ardıcıllığına əsasən iddiaçının göstərdiyi ərazinin 2851 saylı bağ sahəsinə uyğun gəlməməsini müəyyən etmək mümkünsüzdür.

24. Cavabdehin digər dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1990-cı il tarixli 12690 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X8 bala qızına Ləhiş bağ massivində 0,25 ha sahəsi olan 2851 saylı bağ sahəsi ayrılmışdır.

25. Göründüyü kimi, iddiaçıya ayrılmış bağ sahəsi 101 saylı BTK tərkibində olan bağ sahəsi, X1 verilmiş bağ sahəsi isə müqavilə əsasında BTK-dan kənar verilmiş bağ sahəsidir.

26. Belə olan halda həmin bağ sahələrinin nömrələrinin təkrarlanma halı, hər iki şəxsə eyni bağ sahəsinin ayrılması mənasına gəlmir.

27. Çünki işdə olan oktyabr 2004-cü il tarixli 2851 saylı bağ barədə arayışdan görünür ki, həmin tarixdə bağ sahəsindən istifadə olunmuş, digər şəxsə aid olmamışdır.

28. Beləliklə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-47/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticə hissəsi

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-47/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar