Məhkəmə qərarları › İş №2-1(103)-3347/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3347/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3347/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « “sənəd və məlumatların təqdim edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1069, ünvan 1 **********) barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş və iş üzrə sənəd və məlumatların təqdim edilməsini cavabdehdən xahiş edilmişdir.

2. Cavabdeh MMC iddiaçıya təqdim etdiyi xx.xx.2022-ci il tarixli 143 nömrəli məktubunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların “Sun Food" MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir.

3. İddiaçı cavabdehdən tələb etdiyi sənədlərin ona təqdim edilməsi ilə bağlı hazırkı iddianı qaldırmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən: təsis sənədlərinin (nizamnamə, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri, mənfəət vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının (növ və çeşidlər üzrə) istehsal, idxal, ixrac və satış həcmi barədə məlumatlar əlavə olunmuş cədvələ uyğun olaraq (cədvəl №1), eləcə də həmin məlumatları təsdiq edən "1-istehsal (sənaye)" rəsmi statistika hesabatının müvafiq qaydada təsdiq olunmuş surətlərinin; 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının idxal və daxili alış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatının (cədvəl №2); 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının daxili bazarda topdansatış və pərakəndə satış qiymətlərinin və həcminin dinamikası barədə cədvəl məlumatının (cədvəl №3), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində aylar ayrı-ayrılıqda göstərilməklə çay məhsullarının satışı həyata keçirilən təsərrüfat subyektləri barədə əlavə olunmuş cədvələ uyğun məlumatların (cədvəl №4), xx.xx.2020-ci il tarixindən hazırkı tarixədək illər ayrı-ayrılıqda göstərilməklə bütün əmtəə nişanlı çay məhsullarının (çeşidləri ayrı-ayrılıqda göstərilməklə) maya dəyəri, mənfəət və rentabellik göstəriciləri barədə cədvəl məlumatının (cədvəl №5), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində bütün idxal əməliyyatları (partiyaları) üzrə məhsulun alındığı beynəlxalq şirkətin adı, daşınma şərtləri, daşınma qiymətləri, idxal edilən məhsulun həcmi, alış tarixi, daşınma qiymətləri ilə birlikdə anbara giriş qiymətləri barədə cədvəl məlumatlarının (cədvəl №6), 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının idxalının həyata keçirilməsi ilə əlaqədar beynəlxalq bazardakı şirkətlər ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) surətlərinin, 2020-ci il, 2021-ci il və 2022-ci ilin ötən dövrü ərzində çay məhsullarının topdansatışının həyata keçirilməsi ilə əlaqədar təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrin (əlavələrlə birlikdə) müvafiq qaydada təsdiq olunmuş surətlərinin Dövlət Xidmətinə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) xx.xx.2022-ci il tarixli FA-51 nömrəli əmrilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiya yaradılmış və xx.xx.2022-ci il tarixində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və bir sıra təsərrüfat subyektlərindən, o cümlədən Cavabdeh MMC-dən müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmişdir. Cavabdeh MMC-nin Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli 143 nömrəli məktubunda (daxilolma qeydiyyatı: 5/4143, xx.xx.2022-ci il) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480- VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların Cavabdeh MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 350A olan Cavabdeh MMC (VÖEN: **********) barəsində iş qaldırılmışdır. Komissiyanın işəbaxılma iclasları zamanı (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023) dəfələrlə Cavabdeh MMC-dən sözügedən sənəd və məlumatların təqdim edilməsi tələb edilsə də, hazırkı günə qədər Cəmiyyət tərəfindən hər hansı sənəd və məlumat təqdim edilməmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələbləri və qanunvericiliyin pozulmasına görə təsərrüfat subyektlərinin daşıdığı məsuliyyət Xidmətin məktubunda və Komissiyanın qərarında Cavabdeh MMC-yə bildirilməsinə baxmayaraq, tələb olunan sənəd və məlumatlar əsassız olaraq təqdim edilməmişdir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, iddiaçı qurumun cəmiyyət barəsində başlatdığı yoxlamalar müvafiq icra hakimiyyəti orqanının vahid məlumat reyestrində qeydə alınmadığı, ümumiyyətlə, ölkə ərazisində sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığı üçün iddiaçı qurumun cəmiyyət barəsində antiinhisar yoxlamaları başlatması və kommersiya xarakterli sənədləri tələb etməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununun tələblərinin pozulması anlamına gəldiyi üçün iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Qanunvericilik yoxlama anlayışına izah verərkən yoxlamanın hüquqi elementlərini a) məcburi tələblərin yerinə yetirilməsinin qiymətləndirilməsi və b) nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanı olaraq dəqiqləşdirmiş, yoxlayıcı orqanın ərazilərə gəlməsi ilə bağlı elementi qeyd etməmişdir. Mahiyyət etibarilə, iddiaçı qurum tərəfindən cəmiyyətdən kommersiya xarakterli sənədlər tələb edilməklə cəmiyyətin sahibkarlıq sahəsində qanunla müəyyənləşdirilmiş məcburi tələbləri (antiinhisar və haqsız rəqabət qaydaları) yerinə yetirib-yetirməməsi yoxlanılır və iddiaçı qurumun öz iddia ərizəsində də qeyd etdiyi kimi bunun nəticəsində cəmiyyətə müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Belə olduğu təqdirdə iddiaçı qurumun fəaliyyəti yoxlama kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli məhkəmə qərarı ilə eyni mübahisəli məsələ ilə bağlı qaldırılmış eyni dəlilə artıq hüquqi qiymət verilmiş və bu sahədə vahid məhkəmə praktikası yaranmışdır. Bu qərar üzrə dəlilə verilən hüquqi qiymət və yaranan hüquqi nəticə mülki və inzibati prosessual qanunvericiliyə görə Ali Məhkəmə tərəfindən fərqli hüquqi nəticəsi müəyyənləşdirən kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardad qəbul edilənədək öz hüquqi qüvvəsini qoruyub saxlamaqdadır. Lakin hazırki vəziyyətdə Ali Məhkəmə tərəfindən bu cür bir qərardad qəbul edilməmişdir. Belə olduğu təqdirdə Ali Məhkəmənin qeyd olunan qərarı və müvafiq hüquqi nəticə (tövsif) hazırki iş üzrə məcburi hüquqi qüvvəyə malikdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxması dedikdə isə hüquqi və fiziki şəxslərin, icra hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında, yaxud Antiinhisar orqanının təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə getmədən, əldə edilmiş məlumatlar əsasında işlərə baxması başa düşülür. Görünüdüyü kimi, bu yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşməsi üçün ən əsas elementdən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi elementindən məhrumdur, buna görə də həmin qanunun tələblərinin bu işlərə şamil edilməsi tələb edilə bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli sənədləri cavabdehdən tələb etməsi onun xidməti vəzifəsi olmuş, cavabdeh isə zəruri sənədləri təqdim etməli olduğu halda, bu göstərişi icra etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, idida əsaslıdır və təmin edilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34 və 35-ci maddələrinin tələblərini doğru tətbiq etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli Plenum Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyi yanlış tətbiq etmiş, hüquqi cəhətdən mümkünsüz olan iddianı mümkün sayaraq iddiaya baxmış və onun təmin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, işin gedişatı ərzində cavabdeh iddianın mümkünsüz sayılması barədə əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmiş və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə iddianı mümkün hesab etmiş və bu qənaətini hüquqi cəhətcə kifayət qədər əsaslandırmadan, sadəcə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2.21.-ci bəndinə istinad etməklə kifayətlənmişdir. Yəni inzibati icraat qaydasında məhkəmədə fiziki və hüquqi şəxslərin yox, inzibati orqanların hərəkətləri (hərəkətsizlikləri) mübahisələndirilir.Cavabdeh tərəfindən aparılan yoxlama dövlət reyestrində qeydiyyata alınmadığından, apardığı yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır.Bu isə cavabdehin 12 iyul 2019-cu il tarixli qərarının mübahisə olunan hissədə ləğv edilməsi üçün əsasdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

12. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: 14.1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. 14.4. Müvafiq icra hakimiyyəti orqanı bu maddəyə əsasən əldə etdiyi dövlət və kommersiya sirrini saxlamağa borcludur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən: bənd 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. bənd 1.3. Antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübut olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar orqanı əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar orqanı ərizəçiyə yazılı şəkildə məlumat verməlidir. Antiinhisar orqanı qanun pozuntusu əlamətlərinin mövcudluğunu və ya olmadığını sübuta yetirmək məqsədilə yerlərdə yoxlama aparmaq hüququna malikdir. bənd 1.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası tərəfindən bu Qaydaların ikinci bölməsində müəyyən olunmuş qayda əsasında baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (yaşayış yeri) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə müvafiq ərazi orqanı tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində bu Qaydalara uyğun şəkildə baxıla bilər. bənd 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. bənd 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. bənd 2.3. Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. bənd 2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. bənd 2.21. Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. 1.1.11-ci maddəsinə görə yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestridir. 2.1-ci maddəsinə görə həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2-ci maddəsinə görə Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

23. İşin hallarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1069, ünvan 1 **********) barəsində xx.xx.2022-ci il tarixdə iş qaldırılmış, işə baxılması iclası xx.xx.2022-ci il tarixinə təyin edilmiş və iş üzrə sənəd və məlumatların təqdim edilməsini cavabdehdən xahiş edilmişdir.

24. Cavabdeh MMC iddiaçıya təqdim etdiyi xx.xx.2022-ci il tarixli 143 nömrəli məktubunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixli 480-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2023-cü il yanvarın 1-dək dayandırıldığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar üzrə və qaydada, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla sorğu daxil olduqdan sonra yoxlama və araşdırma məqsədilə müvafiq məlumatların “Sun Food" MMC tərəfindən təqdim ediləcəyi bildirilmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir.

25. İddiaçı cavabdehdən tələb etdiyi sənədlərin ona təqdim edilməsi ilə bağlı hazırkı iddianı qaldırmışdır.

26. Tətbiq olunan normalardan görünür ki, antiinhisar orqanı hüquqi və ya fiziki şəxslərdən daxil olmuş məlumatlar, yaxud öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxa və işin araşdırılması ilə bağlı zəruri sənədləri tanış olmaq üçün tələb edə bilər, tələbi təmin olunmadıqda isə məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.

27. İşin yuxarıda qeyd olunan hallarından məlum olur ki, iddiaçı qanunvericiliyinin pozulması haqqında iş qaldırmış və icraat çərçivəsində zəruri sənədlərin təqdim edilməsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasında sonra sənədləri təqdim edəcəyini bildirmiş, bununla da iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir.

28. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

29. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

30. Bu Qərarın 17-ci və 28-29-cu bəndində istinad olunan normalardan görünüdüyü kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşən yoxlamaların ən əsas xüsusiyyəti həmin yoxlamaların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməklə, yəni sahibkarı öz obyektində yoxlamaqla aparılmasıdır.

31. Qanunverici bununla yoxlamanın müddəti, yoxlama zamanı araşdırılacaq suallar və sair kimi məsələlərlə sahibkarın əvvəlcədən məlumatı olmasını təmin etmək məqsədi güdür ki, bununla sahibkar onun istehsal fəaliyyətinə təsir edəcək yoxlama zamanı öz hərəkətlərini qabaqcadan proqnozlaşdırsın, yoxlama zamanı istehsal prosesində baş verəcək ləngimələr üzrə riskləri nəzərə almaqla fəaliyyətini daha səmərəli təşkil edə bilsin.

32. Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxması dedikdə isə hüquqi və fiziki şəxslərin, icra hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında, yaxud Antiinhisar orqanının təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə getmədən, əldə edilmiş məlumatlar əsasında işlərə baxması başa düşülür.

33. Görünüdüyü kimi, bu yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiq dairəsinə düşməsi üçün ən əsas elementdən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi elementindən məhrumdur, buna görə də həmin qanunun tələblərinin bu işlərə şamil edilməsi tələb edilə bilməz.

34. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli sənədləri cavabdehdən tələb etməsi onun xidməti vəzifəsi olmuş, cavabdeh isə zəruri sənədləri təqdim etməli olduğu halda, bu göstərişi icra etməyərək qanunvericiliyin tələblərini pozmuşdur.

35. Cavadehin apellyasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının ləğv edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34 və 35-ci maddələrinin tələblərini doğru tətbiq etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli Plenum Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyi yanlış tətbiq etmiş, hüquqi cəhətdən mümkünsüz olan iddianı mümkün sayaraq iddiaya baxmış və onun təmin edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, işin gedişatı ərzində cavabdeh iddianın mümkünsüz sayılması barədə əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmiş və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə iddianı mümkün hesab etmiş və bu qənaətini hüquqi cəhətcə kifayət qədər əsaslandırmadan, sadəcə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2.21.-ci bəndinə istinad etməklə kifayətlənmişdir. Yəni inzibati icraat qaydasında məhkəmədə fiziki və hüquqi şəxslərin yox, inzibati orqanların hərəkətləri (hərəkətsizlikləri) mübahisələndirilir.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.21-ci bəndinə əsasən Antiinhisar orqanının ilkin və ya təkrar tələbi ilə bu Qaydaların 3.1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə antiinhisar orqanları həmin sənəd və məlumatların təqdim edilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər.

37. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, mübahisənin xarakterindən də görünür ki, hazırkı mübahisə inzibati xarakterlidir.Odur ki, cavabdehin hüquqi şəxs olması hazırkı mübahisəyə inzibati icraat qaydasında baxılmasını istisna etmir.

38. Cavabdeh tərəfindən aparılan yoxlama dövlət reyestrində qeydiyyata alınmadığından, apardığı yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır kimi apellyasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə Kollegiyası qeyd edir ki, həmin dəlilə Bu Qərarın 30-33-cü bəndlərində hüquqi qiymət verilmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar