Məhkəmə qərarları › İş №2-1(103)-3348/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3348/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3348/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X2 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7543/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı inzibati orqan ilk dəfə 26 dekabr 2005-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, o, xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək təhsil aldığı dövrün iş stajına əlavə edilməsini xahiş etmiş, nəticədə təhsil müddəti nəzərə alınsa da, xx.xx.2024cü il tarixli qərar qəbul edilərək, əvvəlki pensiya məbləği azaldılmlış və artıq ödəmə müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən pensiyanın azaldılmış hissədə bərpa edilməsi və 1 nömrəli Bakı Tibb Məktəbində 1965-ci ilin 1 sentyabrından 1969-cu ilin martın 1-dək təhsil aldığı dövrü əmək stajına daxil edərək xx.xx.2006-cı ildən hazırkı dövrədək pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ-302447/2024 nömrəli qərarının ləğv edilməsi, pensiyanın əvvəlki məbləğinin bərpa edilməsi, yaranmış fərqin ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxarkən 1965-1969-cu illərdə 1 nömrəli Bakı Tibb Məktəbində təhsil aldığı dövr əmək stajına daxil edilməmişdir. 09 və 17 dekabr 2024-cü ildə təhsil dövrün əmək stajına daxil edilək pensiyanın yenidən hesablanması barədə 3 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etsə də, müraciəti tam təmin edilməmişdir. Təhsil aldığı dövrün qanunvericiliyi otra ixtisas məktəblərində təhsil müddətini iş stajına daxil edir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş X1 SSRİ qanunun 1-ci maddəsinin v bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 01 yanvar 2006-cı ilədək qüvvədə olan 1992-ci il 23 sentyabr tarixli Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali və otra ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, kadr hazırlayan kurslarda, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyasına çıxarkən pensiya təyin edən orqana təhsil dövrünü təsdiq edən diplomun surətini təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi təhsil aldığı dövrün əmək stajına daxil etməkdən imtina etmişdir. Sonrakı dövrlərdə də 2017-ci il oktyabrın 27-də, ikinci dəfə isə həmin ilin noyabrında təkrarən müraciət etsə də, müraciəti cavabsız qalmışdı. xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyasına çıxarkən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə diplomumun surətini təqdim etdiyinə görə ona təhsil dövrünün əmək stajına daxil edilərək hesablanması müraciət etdiyi dövrdən xx.xx.2006-cı ildən hesablanaraq ödənilməlidir. 09 və 17 dekabr 2024-cü ildə təhsil dövrünün əmək stajına daxil edilək pensiyanın yenidən hesablanması barədə 3 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etmişdi. Müraciətindən sonra oxuduğu təhsil müddəti xx.xx.2006-cı ildə nəinki əmək stajına daxil edilərək pensiya yenidən hesablanıb, əksinə pensiyası 78 manat azaldılmışdır. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli yaşa görə əmək pensiyasının azaldılması barədə məktubunda göstərir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1969-cu il tarixindən xx.xx.1988-ci ilədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmrinə düzəliş olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əmək kitabçasında işdən çıxarılma əmrində heç bir düzəliş edilməyibdir. İşdən çıxarılma əmri xx.xx.1988-ci il açıq-aydın göstərilir. İşdən çıxarılma tarixində isə əmək kitabçasını dolduran işçisinin qəsdən və ehtiyatsızlıqdan qara salması onun 19 il əmək stajının nəzərə alınmamasına səbəb ola bilməz. Əmək kitabçasında işdən çıxarılma səbəbi kimi göstərilir ki, yaşayış yerini dəyişməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin. Yaşayış yerini də xx.xx.1988-ci ildə məcburi tərk edərək qaçqın kimi ailəsiylə birlikdə Bakı şəhərinə köçmüşdür, inzibati orqan iddiaçıya xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamışdır. Əmək kitabçasının işdən çıxarma tarixində edilmiş düzəliş 19 ildir ki, pensiya təyin edən orqana məlum idi və aşkar görünürdü. Göründüyü ki, cavabdeh inzibati orqan (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi azaldarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 7-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya işinə daxil olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək 20 il 3 ay 16 gün sığorta stajı (01 09.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla), xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5393.03 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci ıl tarixdən (17.12 2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) 329,30 manat müəyyən edilmişdir. İddiaçının onun 1 nömrəli Bakı Tibb Məktəbində xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək təhsil aldığı dövrün əmək stajına daxil edilməsi tələbinə dair olan hissədə isə sözügedən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilmişdir. İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 340.49 manata. xx.xx.2023-cü il tarixdən 409.65 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixdən 455.54 manata çatdırılmışdır. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən vətəndaşın əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma mətninə düzəliş olunduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı ıl tarixədək faktiki sığorta stajı 20 il 3 ay 16 gün olduğu halda, xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr sığorta stajına daxil edilərək pensiyası 36 il 7 ay 14 gün nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) xx.xx.2024-cu il tarixədək artıq ödəmə müəyyən olunmuşdur. Sözügedən məlumatlar Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-2/1-İ-302447/2024 nömrəli qərarda əks olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7543/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ- 302447/2024 saylı qərarın ləğv edilməsi, İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi və tutulmuş pulun geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7543/2025 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7543/2025 nömrəli qərarında yanlışlıq aradan qaldırılaraq, qərarın təsviri hissəsində “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı” sözləri “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” kimi, qərarın nəticəvi hissəsində “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsı” ifadəsi “yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi” ifadəsi kimi oxunması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddanın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Məhkəmə qərarı əsaslandırarkən qeyd etmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır və bununla əlaqədar qeyd edilir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1969-cu il tarixdə işə qəbul edilmiş (əmr №298, xx.xx.1969), xx.xx.1988-ci ildə işdən azad edilmişdir (əmr №1101, xx.xx.1988); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ-302447/2024 saylı qərarına əsasən yenidən hesablamaya qədər pensiya məbləği 538,17 manat, yenidən hesablama nəticəsində pensiya məbləği 455,54 manat təşkil etmişdir. Qərarın qeyd hissəsinə əsasən təhsil illəri sığorta stajı olaraq nəzərə alınmışdır. xx.xx.1969-xx.xx.1988-ci illər işdən azad olma tarixində düzəliş olunduğu üçün həmin dövrlər sığorta stajı olaraq nəzərə alınmamışdır. 2691,16 manat artıq ödəmə müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdehin dəlili iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, əmək kitabçasının doldurulması qaydasının pozulması heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün, inzibati icraatın lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün əsas ola bilər. Əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdeh tərəfindən mübahisə predmeti qərarın qəbul edilməsinin əsasında iddiaçının əmək kitabçasındakı xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu, işdən azad olma mətninə düzəliş olunduğu üçün həmin dövrün sığorta stajına daxil edilməməsi dayanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Məhkəmə kollegiyası cavabdehin dəlillərilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilməsi və əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Həmçinin məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının əmək kitabçasındakı işdən azad olma tarixində, yəni xx.xx.1988-ci il tarixində qaralama olsa da, işdən çıxma əmrinin tarixi ilə eynilik təşkil edir və işdən çıxma əmrinin məlumatlarında hər hansı qaralama və ya digər formada düzəliş edilməmişdir (bu barədə cavabdeh tərəfindən dəlil irəli sürülməmişdir). Göstərilənlər işdən azad olma tarixində olan şübhəni aradan qaldırır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7543/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7543/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar