Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3349/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılov İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı “hüquq pozuntusunun aradan qaldırılması, madd və mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10669/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirmə çeklərinin dövlət mülkiyyətinin özəlləşdirməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və onlardan vurulmuş maddi və mənəvi ziyana görə kompensasya tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1990-cı illərin 1-ci yarısında Azərbaycan Respublikasında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə çekləri ilə vətəndaşlar tərəfindən özəlləşdirilməsi qərara alınmışdır. Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31.9 milyon özəlləşdirmə çekləri paylanılıb. 1997ci ilin yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət bir özəlləşdirmə payı verilib. O cümlədən ona və ailə üzvlərinə ümumilikdə 5 ədəd özəlləşdirmə payı verilib. Dövlət əmlakının özəlləşdirilməsi zamanı çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixdə imzalanan Fərmanla çeklərin tədavül müddəti 2011-ci il yanvar ayının 1də sona çatdırıldı. 2011-ci ildən çeklərin tədavül müddətinin birdəfəlik dayandırılması ilə də yalnız onun deyil, körpə uşaqlardan tutmuş, yaşlı insanlara qədər, yüzminlərlə vətəndaşların kütləvi şəkildə mülkiyyət hüquqları pozuldu. Halbuki, ilk Fərmanda deyilirdi ki, sovetlər dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşlar pay sahibi olacaqlar. O, keçirilən hərraclarda 3 müxtəlif “Bakı Taxıl”, “Bakı-Broyler-1” və “X1 Qaz” açıq tipli səhmdar cəmiyyətlərinin müxtəlif sayda səhmlərinə sahib ola bilmişdir. O, əlində olan çeklərinin həmin müəssisələrinin özəlləşdirilməsi zamanı istifadə edəcəyini düşünürdü. Lakin 2011-ci ilin yanvar ayının 1-dən etibarən özəlləşdirmə paylarının tədavüldən çıxarılması nəticəsində bu imkandan məhrum olub. Özəlləşdirmə çekləri dövlət mülkiyyətinin özəlləşdirilməsində ödəniş vasitəsi kimi qəbulundan imtina edilməsi ilə, habelə müraciətlərində bu hüquq pozuntusunun aradan qaldırılması üçün tədbir görmələrini xahiş etdiyi müraciətlərinə baxılmaması ilə aşağıda adları keçən Dövlət Orqanları tərəfindən ailəsinə vurulan maddi və mənəvi zərərin: AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən maddi: 250.000 (iki yüz əlli min) manat; mənəvi : 500.000 (beş yüz min) manat; AR-nın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən mənəvi: 100 (yüz) manat; AR İnsan Hüquqları üzrə Ombudsman Aparatı tərəfindən mənəvi : 100 (yüz) manat AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən mənəvi: 1100 (min yüz) manat; AR Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən mənəvi: 1600 manat ödənilməsinə dair qərar qəbul edilməsini və əlavə olaraq, Məhkəmədən yaşlı olduğunu (70 yaşı var), fiziki imkanlarının məhdud olduğunu, aldığı pensiyanın təyyarələrə bilet almaq, Bakıda otellerin və vəkilin pulunu vermək imkanının olmaması səbəbi ilə Azərbaycana gelə bilməyəcəyini nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını, habelə ərizənin qeydiyyat nömrəsi haqqında ona məlumat verilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10669/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ölkədə vətəndaşların çoxsaylı şikayətləri fonunda bir hakimdən ibarət, ümumi sayı 100 vərəqdən çox olan işə qısa müddətdə baxılması və doğru nəticəyə gəlinməsi fiziki olaraq mümkün deyildir. Məhkəmə kollegiyasının iclası barədə məlmatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinin tələbləri qaydasında, iddiaçının qeyd olunan tələbləri ilə bağlı (maddi və mənəvi zərərin ödənilməsi) səlahiyyətli inzibati orqana müraciətin mövcudluğu və olduğu təqdirdə imtinanın məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı məhkəmənin hüquqi yardımla bağlı həmin təklifinə elektron poçt ünvanı vasitəsi ilə təqdim etdiyi sənədlərdə cavabdehlərə müraciətləri ilə sübutlar mövcud olmamış, işə onun iştirakı olmadan baxılmasnı məhkəmədən xahiş etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinin tələbinə görə inzibati icraatın başlanılması üçün fiziki şəxs ərizə ilə inzibati orqana müraciət etməlidir. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materialarına əsasən isə iddiaçı tərəfindən qanunun qeyd olunan tələbinə riayət olunduğu müəyyən olunmur. İddiaçının 10 ildən bundan əvvəl, artıq tədavülü başa çatmış özəlləşdirmə çeklərinə görə ona vurulmuş maddi və mənəvi ziyana görə konkret məbələğlərdə kompensasiya tələbi ilə əlaqədar məhkəmə kolegiyası qeyd edir ki, özəlləşdirmə çekləri tədavülə “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 450 nömrəli Fərmanına əsasən buraxılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən dövlət özələşdirmə payları (çekləri) Azərbaycan Rspublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız hesab olunur. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» 16 may 2000-ci il tarixli (№878-İQ) Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi nə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) dövlət özəlləşdirmə paylarından (çeklərindən) tam və ya hissə-hissə istifadə oluna bilər. Adıçəkilən qanunvericilik aktlarından göründüyü kimi, vətəndaşlara, o cümlədən, iddiaçılara verilmiş özəlləşdirmə çekləri (payları) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə imkanını nəzərdə tutur. Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə (23 dekabr 2009-cu il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə görə) görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti - 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda, iddiaçı ona (ailəsinə) verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanını qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, əlində qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçı kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşdür. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırıldığı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə olan halda, iddia tələbi İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun gələn, əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin ümumi sayı 100 vərəqdən çox olan işə qısa müddətdə baxılmasının və doğru nəticəyə gəlinməsinin fiziki olaraq qeyri-mümkün olduğunu vurğulayan dəlilləri ilə razılaşmır. Ən azından, iddianın mümkünlüyünün yoxlanılması prosessual bir məsələdir. Burada işə mahiyyəti üzrə işin hallarına qiymət verilməsi zərurəti yoxdur. Məhkəmə tərəfindən yalnız mümkünlük şərtləri yoxlanılır ki, bütün bunlara da qısa müddət ərzində baxılıb qiymət verilməsi mümkündür. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətin birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayan dəlilərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10669/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10669/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-3349/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3349/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver