Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3349/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində ümumi sahəsi 0,12 ha olan 931 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6681/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarı (6 saylı orderlə) ilə 153 saylı X5 ərazisindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun X10 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsi mərhum atası X2 miras qalmışdır. Bağ sahəsi atasına Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarı ilə 153 saylı X5 ərazisindən verilmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir. Lakin, torpaq sahəsini bu günədək mülkiyyət hüququ üzrə öz adına sənədləşdirməmişdir. Bu məqsədlə ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh ona xx.xx.2024-cü il tarixdə cavab vermişdir ki, “Müraciətinizlə əlaqədar bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və çölölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” O cavabdehin qeydiyyatdan imtina cavabını əsassız hesab edir. Belə ki, torpaq sahəsi onun tərəfindən hasara alınıb və istifadə olunur. Bağa dair heç kəsin iddiası da yoxdur. Bundan başqa isə, onda bağ sahəsinə dair orderin bir nüsxəsi və bağ sahəsinin atasını adına ayrılmasına dair arxiv arayışı da vardır. Orderin digər nüsxəsinin cavabdehdə olmaması bağa dair hüquqların dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 1 Saylı Bakı Ərazi İdarəsi iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2-1(112)-6681/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2-1(112)-6681/2025 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirılmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İddiaçı tərəfindən idarənin mütəxəssislərinə göstərilən müvafiq torpaq sahəsinin digər şəxslər tərəfindən hasara alınması texniki baxış zamanı müəyyən edilmişdir. Bu da müvafiq torpaq sahəsinin iddiaçının istifadəsinə olmamasına dəlalət edir. Eyni zamanda cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, torpaq sahəsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı digər şəxsin müraciəti daxil olmayıb və həmin torpaq sahəsi hər hansı başqa bir şəxsin mülkiyyətində deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, torpaq sahəsi ilə bağlı hər hansı hüquq olmayan kənar şəxsin torpaq səhəsinin ona məxsus olması və ya hasar çəkdirdiyini deməsi əsasında iddiaçının iddia tələbinin rədd edilməsi əsassız olardı. Bəli, torpaq sahəsində hasar çəkilmiş olsa da, hasarı çəkən şəxslərin torpağa dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Torpaq sahəsi müəyyən qədər baxımsız vəziyyətdə qalmışdır. Lakin torpaq sahəsindən istifadənin dayandırılması o demək deyil ki, həmin şəxsin torpaq sahəsindən istifadə hüququ yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 saylı sərəncamına 1 saylı əlavəsində Ləhiş 153 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında X12 (Tariq Əhmədoviç) adı yer almışdır. - Ləhiş 153 saylı bağ-tikinti kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 6 saylı orderdə qeyd edilmişdir ki, Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsi X11 (Tariq Əhmədoviç) ayrılmışdır. - 117438 saylı doğum haqqında şəhadətnamədən qeyd edilmişdir ki, İddiaçı atası X12 anası isə Axundova (Abdulova) Suraya Hüseynovnadır. - AZ-İ seriyalı, 124533 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2005ci il tarixdə vəfat etmişdir. - Ədliyyə Nazirliyi ünvan ünvanladığı xx.xx.2024- cü il tarixli, X-460 saylı məktubunda qeyd edilmişdir ki, X4 Bakı şəhəri 36 saylı notariat ofisinə müraciət edərək xx.xx.1924-cü ildə doğulmuş, xx.xx.2005- ci il tarixdə vəfat etmiş atası X3mış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan 931 saylı bağ) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 931 saylı bağın ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,12 ha təşkil edir. Bağ sahəsinin sərhədləri iki tərəfdən şərtidir, şimal-şərq tərəfdən qonşu hasarla ayrılıb, cənub qərb tərəfdən isə digər fiziki şəxslər tərəfindən 2 sıra mişar daşı ilə hörülüb. Tikili yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: ... Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. ... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 786 saylı Fərmanının 1-ci hissəsinə əsasən, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına müvafiq olaraq, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü maddəsinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə mərhum X1 müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildi. Belə ki, orderin arxivdə olmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarına və 153 saylı bağ-tikinti kooperativinin 6 saylı orderinə əsasən, mərhum X10 931 nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. Birinci instansiyası məhkəməsində verilmiş məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının istinad etdiyi bağ sahəsinin “931” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur. Həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmamasına münasibətdə isə qeyd edilməlidir ki, müayinə aktının məzmunundan görünür ki, etirazda və müayinə aktında göstərilən əsaslar qonşu bağda yaşayan naməlum vətəndaş tərəfindən bildirilən məlumatlar əsasındadır. Torpaq sahəsinin hal-hazırda hər hansı digər şəxsin qanuni istifadəsində olması iş materialları ilə təsdiq olunmur və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla təkzib olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2-1(112)-6681/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2-1(112)-6681/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3349/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3349/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver