Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-335/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1276/2020 saylı qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtiadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 30.08.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi, həmçinin həmin sərəncamla ləğv edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli 112 saylı sərəncamının, o cümlədən sənədləşdirmə işlərinin, yəni 13256 saylı inşaat pasportu, 27.03.2018-ci il tarixli, 18/03-8/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və 20.04.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz layihəsinin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” kiçik müəssisəsinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 8.0433 hektar olan torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət edilmiş, həmin mübahisənin nəticəsi olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi bağlanmış və həmin iş üzrə iddiaçı tərəfə dəymiş zərərin müqabilində Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsi cavabdeh tərəfindən təklif edilmiş, bundan əlavə gələcəkdə yerdə qalan 6.433 ha. boş torpaq sahəsinin hündürmərtəbəli binaların tikintisi məqsədilə veriləcəyinə dair öhdəlik götürülmüşdür. Belə ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 30.11.2016-cı il tarixli, 2-1(88)-3705/2016 saylı qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə yaranmış mübahisənin nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti yuxarıda qeyd edilən torpaq sahəsinin ayrılması üçün 13.03.2017-ci il tarixli 112 saylı sərəncamı qəbul etmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə 29.06.2017-ci il tarixli 1350 saylı icarə müqaviləsi bağlanmış və torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşasına başlamaq üçün bütün sənədləşmə işləri tamamlanmış, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 11.05.2017-ci il tarixli 13256 saylı inşaat pasportu, 17/38 saylı 21.04.2017-ci il tarixli 38 saylı ayrıc aktı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.03.18-ci il tarixli 18/03-8/761 nömrəli məktubu və 02.03.18ci il tarixli 37/36-00278 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintiyə X5 tərəfindən, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20.04.2018-ci il tarixli 18/04-188 saylı məktubu ilə təsdiq olunmuş eskiz layihəsi əldə edilmişdir. Bundan sonra, yəni 2017-ci ildə 60% pay Səbinə Ağayevaya, yerdə qalan 40% pay isə Azərbaycan vətəndaşlarına məxsus olan İddiaçı MTK şirkəti təsis edilmiş və Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsi üzərində çoxmərtəbəli binanın inşa edilməsi məqsədilə və bu istiqamətdə lazımi sənədlərin əldə edilməsi üçün külli miqdarda vəsait xərclənmişdir. Nəhayət bütün sənədləşmələr başa çatdıqdan sonra tikintiyə başlanılmışdır. Lakin ərazini təhlükəsizlik qaydalarına müvafiq olaraq hasarladıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən işlərə müdaxilələr olunmuş, iddiaçı tərəfindən tikintiyə dair bütün sənədlərin nüsxələri komitənin səlahiyyətli şəxslərinə təqdim olunmasına baxmayaraq heç bir məhkəmə qərarı olmadan iddiaçı tərəfin inşa etdiyi hasarlar sökülməyə başlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21.09.2018-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında “xxxx” MTK-nın və İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli 111 və 112 saylı sərəncamlarının müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 30.08.2018-ci il tarixli 415 və 414 saylı sərəncamları ilə ləğv edildiyi bildirilmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin 17.09.2018-ci il tarixli bildirişində də həmin sərəncamın ləğvi ilə əlaqədar 1350 saylı, 29.06.2017-ci il tarixli müqaviləyə xitam verildiyi qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 414 saylı sərəncamı tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamları qəbul edərkən Bakı Şəhər İcra Hakimiyyəti iddiaçı tərəfin hüquqlarını pozmuş, bu barədə heç bir xəbərdarlıq etmədən və heç bir əsas olmadan, müvafiq barışıq sazişinin və məhkəmə qərarının şərtlərini pozaraq, əvvəlki sərəncamları ləğv etmişdir. Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, torpaq sahəsinə dair aparılmış hərəkətlərdən Bakı Şəhər İcra Hakimiyyəti məlumatlı olmuş, ən əsası da həmin torpaq sahəsini sonuncunun razılığı ilə təqdim etmişdir. İddia ərizəsində iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 109.8- ci maddəsinə, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-768/2019 saylı, 19.04.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə hakim Mehriban Qarayevanın icraatına verilmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 30.08.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və həmin sərəncam əsasında ləğv edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 13.07.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli 2-1(112)-1276/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçınə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 30.08.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və həmin sərəncam əsasında ləğv edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında” 13.07.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(112)-1276/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qərarında iddianın təmin edilməsi əsaslarından biri kimi, İddiaçı MTK ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında mövcud olmuş digər bir məhkəmə mübahisəsi üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 30.11.2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən mübahisəli torpaq sahəsinin İddiaçı MTK-nın icarəsinə verildiyini qeyd etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti mübahisəli torpaq sahəsini iddiaçının icarəsinə verməyə səlahiyyətli olmamış və bununla əlaqədar tərəflər arasında bağlanılmış barışıq sazişi də qanunsuz və əhəmiyyətsiz olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi iddiaçıya icarəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt Müdafiə Nazirliyinin balansında olmuş hərbi şəhərciyin ərazisindən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini iddiaçının icarəsinə verə bilərdi. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət təşkilatının istifadəsində olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair onunla bağlanmış barışıq sazişi digər şəxsin (Müdafiə Nazirliyinin) hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan qanunsuz olmuşdur. Bu baxımdan, Bakı Şəhər İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında öz əvvəlki sərəncamını ləğv etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə eyni zamanda “Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə yerli icra hakimiyyəti başçısının öz sərəncamlarını ləğv etmək səlahiyyətinin nəzərdə tutulmadığını qərarında qeyd etmişdir. “İnzibati icraat haqqında” qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilə bilər və məhkəmənin cavabdehin öz sərəncamını ləğv etmək səlahiyyətinə malik olmaması barədə qeyd etdiyi dəlil əsassızdır. Məhkəmə qərarında iş üzrə ekspertiza təyin edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən 24.01.2020-ci il tarixində daxil olmuş 26257 nömrəli ekspert rəyinə əsasən İddiaçı MTK-ya icarəyə verilmiş torpaq sahəsinin “xxxx” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşmədiyini qeyd etmişdir. Qeyd edilən ekspert rəyinə əsasən Əmlak Məsələri Dövlət Xidməti tərəfindən məhkəməyə göndərilmiş 28.02.2020-ci il tarixli, **********33 nömrəli məktubla münasibət bildirilmiş, ekspert rəyi əsassız olduğundan onun sübut kimi nəzərə alınmaması xahiş edilmişdir. Qeyd edilən ekspert rəyində tədqiqatın “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsasında aparıldığı qeyd edilmişdir. Rəydən görünür ki, ekspert onun qarşısında qoyulmuş sualların cavablandırılması üçün heç bir tədqiqat aparmamış, yalnız mütəxəssis rəyinin mətnini olduğu kimi rəyin tədqiqat və nəticə hissəsində qeyd etməklə kifayətlənmişdir. “xxxx” MMC tərəfindən isə tədqiqatın nə zaman, hansı qaydada, hansı texniki vasitələrdən istifadə edilməklə aparılmasına dair rəydə hər hansı məlumat yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qanunvericiliyə əsasən mərzçəkmə işlərini həyata keçirməyə səlahiyyəti olan mütəxəssisi tədqiqata cəlb etməli olduğu halda bunu etməmiş, müvafiq sahədə səlahiyyəti olmayan “xxxx” MMC-nin rəyinə əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.05.2016-cı il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə müvafiq sertifikatın verilməsi, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilir. Qeyd edilən Qaydaların 3.10-cu, 3.12-ci, 3.13-cü və 4.1-ci bəndlərinə əsasən uyğunluğun qiymətləndirilməsi zamanı müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirilir və Qaydaların 3.15-ci bəndi ilə müəyyən edilmiş əsaslar olmadığı halda sertifikat verilir. “xxxx” MMC-yə isə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən müvafiq sertifikat verilməmişdir. Bu səbəbdən “xxxx” MMC müvafiq mütəxəssis rəyinin verilməsi səlahiyyətinə malik olmamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mütəxəssis rəyinin əsasında tərtib edildiyindən, həmin ekspert rəyinin əsaslılığına və mötəbərliyinə ciddi şübhələr olmuşdur. Buna baxmayaraq məhkəmə iş üzrə təkrar ekspertiza təyin etməmiş, qeyri-mötəbər sübut olan ekspert rəyinə əsasən mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyini qeyd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin əmlakın dövlət əmlakı olması ilə bağlı sənəd istənilmişdi, həmin sənədi onlar təqdim etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən təkrar ekspertiza keçirilməmişdir. “İnzibati icraat haqqında” qanuna əsasən inzibati orqan öz inzibati aktını ləğv edə bilər. İcra hakimiyyəti 2017-ci ildə icarə müqaviləsi bağlamışdır. Lakin təhvil-təslim aktında nə varsa o yazılır. Həmin vaxt faktiki olaraq İddiaçı MTK-nın istifadəsində olmuşdur. Ünvan reyestrini onlar aparırlar. Həmin ünvan necə yazılıb bilmir. Düzgün ekspertiza aparılsa bu tikililərin yeri müəyyən edilə bilər. O, Müdafiə Nazirliyinin nümayəndəsindən soruşmuşdur. Ona bildirmişdir ki, orada yeraltı obyektlər olub. Tikililər yerin altında olub. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Ağayev Vüqar “Ran” kiçik müəssisəsinin təsisçisi olmuşdur. MTN işləri ilə bağlı zərərçəkmiş kimi tanınmışdır. Onun ağ şəhərdə olan torpağının əvəzinə BŞİH tərəfindən torpaq ayrılmışdır. Hərbi şəhərçik olması üçün infrastruktur olmalıdır. Əmlak komitəsi ilə Müdafiə Nazirliyi arasında olan təhvil-təslim aktında göstərilən tikililər belə yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3705/2016 nömrəli, 30 noyabr 2016-cı il tarixli qərardadına əsasən iddiaçılar X7 və “xxxx” Kiçik Müəssisəsinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 17 sentyabr 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti hazırkı iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən “xxxx” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə hazırkı saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündürmərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X4 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə öhdəlik götürmüşdür. X7 isə qeyd edilən torpaq sahələrinin qeyd edilən müddətlərdə verilməsini qəbul etmişdir. Vüqar Ağayev həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2009-cu il tarixli 355 №-li Sərəncamının mübahisələndirilməsindən imtina etmişdir. Həmçinin “xxxx” kiçik müəssisəsi hazırkı iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş torpaq sahələrinin verilməsini qəbul etmişdir. Qeyd edilənlərə əsasən “xxxx” kiçik müəssisəsi və X7 Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiadan imtina etmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Bakı şəhərinin baş memarı A.Abdullayev və şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin rəis əvəzi İ.Əliyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 17/38 nömrəli, 21.04.2017-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı”ndan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 13.07.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi cizgidə göstərilən sərhədlər daxilində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında “13.07.2017-ci il tarixli 112 saylı sərəncamına əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin 21.02.2017-ci il tarixli, 03 saylı müraciəti nəzərə alınaraq, Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. İddiaçı Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 30.08.2018-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 16.08.2018-ci il tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh inzibati orqanın 414 saylı 30.08.2018-ci il tarixli aktı qanunsuz inzibati akt olduğundan ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti özünün 13.03.2017-ci il tarixli 112 saylı sərəncamını və həmin sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi əsası kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 16.08.2018ci il tarixli **********88 saylı məktubunu əsas götürmüşdür. Göstərilən məktubda qeyd edilir ki, Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edİlməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ünvan 2 ünvanında yerləşən, Müdafiə Nazirliyinin “xxxx” hərbi şəhərciyinin istifadəsində olmuş və Komitənin İstehsal və Xidmət X1 balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017ci il tarixli, 111 və 112 saylı sərəncamları və 21.04.2017-cı il tarixli, 38 saylı və 04.05.2017ci il tarixli 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq “xxxx” Mənzil-Tikinti Kooperativinə və İddiaçı MMC-yə icarə əsasında ayrılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə “xxxx” MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan 27.03.2018-ci il tarixli 1122 saylı məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin istifadəsi üçün ayrılmış hərbi şəhərçiklərin bəzilərində xidməti zərurətlə əlaqədar hərbi hissələr dislokasiya olunmamışdır. Sözügedən hərbi şəhərçiklərin gələcəkdə istifadəsinə ehtiyac olmadığından onların təmiri və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil. Qeyd olunanları nəzərə alaraq həmin hərbi şəhərciklərin səmərəli istifadəsinin təşkil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbir görülməsi xahiş edilmişdir. Məktuba hərbi şəhərciklər haqqında məlumatlar əlavə edilmişdir. Həmin qoşmada 17-ci sırada “xxxxa” hərbi şəhərciyi, sahəsi 4.14 ha olmaqla göstərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həmçinin eyni məzmunlu 04.04.2018-ci il tarixli 1233 saylı məktub da ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında tərtib edilmiş 22.06.2018-ci il tarixli Təhvil-qəbul aktının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 27.03.2018-ci il tarixli 1122 nömrəli məktubuna əsasən nazirliyin istifadəsinə ayrılmış və məktuba əlavə edilmiş siyahıda göstərilən (17-ci sırada qeyd olunan “xxxxa”) hərbi şəhərciklərin gələcəkdə səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası ünvanında yerləşən Əmlak kompleksinin ƏMDK-nin İstehsal və xidmət X1 balansına qəbul edilməsi üçün təhvil qəbul işləri aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq 3-cü şəxsin qeyd etdiyi “xxxxa” hərbi şəhərciyinin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2017-ci il tarixli 112 saylı sərəncamına əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinə ayrılmış torpaq sahəsi ilə eyni olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2019-cu il tarixli 26257 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş sualları üzrə aparılmış tədqiqatın nəticəsi olaraq aşağıdakıları göstərilmişdir: Qərardadın birinci sualı üzrə: “xxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 22.06.2018- ci il tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan tikinti sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: “xxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 22.06.2018ci il tarixli təhvil-qəbul aktına əsasən “xxxxa” hərbi şəhərciyinin torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: “xxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 22.06.2018-ci il tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir Kollegiya qeyd edir ki, göstərilən ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin 3-cü şəxsin qeyd etdiyi hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Ekspert rəyini şübhə altına alan hər hansı sübut iş materiallarında mövcud deyil. Bundan başqa qeyd edilən aktda “xxxxa” hərbi şəhərciyinin ünvanı kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası göstərildiyi halda, mübahisə predmeti olan və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən iddiaçıya ayrılan torpaq sahəsinin ünvanı Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi kimi göstərilmişdir. Yəni 3-cü şəxsin mübahisələndirdiyi və hərbi şəhərciyin ərazisinin iddiaçıya ayrıldığını israrla qeyd etsə də bu iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin sonuncu məhkəmə iclasında sədrlik edən hakim tərəfindən ünvanların fərqli olması barədə suala 3-cü şəxsin nümayəndəsi ünvan reyestrinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Ünvan Reyestri tərəfindən aparıldığını, həmin ünvanın necə yazıldığını bilmədiyini bildirmişdir. 3-cü şəxsin nümayəndəsi mübahisəli torpaq sahəsinin dövlət əmlakı olması ilə bağlı dövlət reyestrindən çıxarışı təqdim etmişdir ki, həmin çıxarışda ünvan kimi ünvan 6nvan isə iddiaçıya ayrılmış torpaq sahəsinin ünvanı ilə eynilik təşkil etmir. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında tərtib edilmiş 22.06.2018-ci il tarixli Təhvilqəbul aktının qeyd hissəsində göstərilir ki, elektron kadastr baza məlumatlarına əsasən baş plan çəkilən sahənin bir hissəsi 01.12.2008-ci il tarixli komitə sifarişi kimi “xxxx” MMC adına qeydə alınmışdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar X7 və “xxxx” Kiçik Müəssisəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2-1(82)- 3705/2016 saylı qərardadından (barışıq sazişinin təsdiq edilməsi barədə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2- 1(103)-965/2021 saylı qərardadı ilə mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2017-ci il tarixli 112 saylı sərəncamı qanuni əlverişli inzibati aktdır və onun Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilməsi üçün “İnzibati icraat haqqında” qanunun 68-ci maddəsində olan əsaslar mövcud olmalıdır. “İnzibati icraat haqqında” qanunun 68-ci maddəsinə əsasən: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.07.2017-ci il tarixli 112 saylı sərəncamın ləğv edilməsi barədə 414 saylı 30.08.2018-ci il tarixli sərəncamı 1 illik müddət ötürüldükdən sonra qəbul edilməklə yanaşı, “İnzibati icraat haqqında” qanunun 68.2-ci maddəsində qeyd edilən əsasların heç biri mövcud olmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin Bakı Şəhər İcra Hakimiyyətinin özünün qəbul etdiyi inzibati aktı ləğv etmək səlahiyyətinin olmaması ilə qeyd etdikləri əsaslı deyil. Bununla bağlı məhkəmə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.5-ci bəndinə istinad etmişdir ki, həmin bənddə yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının öz qüvvəsini itirdiyi hallar nəzərdə tutulmuşdur. Həmçinin “İnzibati icraat haqqında” qanunda inzibati orqanın öz aktını ləğv etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhər İcra hakimiyyəti başçısının 13.07.2017-ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsi qanunsuz olduğu kimi həmin sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin də ləğv edilməsi əsassız olduğundan, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1276/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1276/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-335/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-335/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver