Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-335/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1137/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu Xaşa-Xuna massivində yerləşən 490 saylı bağ torpaq sahəsinin adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh qismində göstərməklə, məhkəmədən Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin mərhum atası-X4 məxsus olması haqqında arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli 13810 №-li müqaviləyə əsasən X4 Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1966-cı il tarixli 18 saylı protokolu əsasında ayrılmış Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin, 0,12 ha hissəsinə dair İddiaçı atası mərhum X2 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatı ilə bağlanmış 1380 №-li 23 fevral 1966-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Xaşa-Xuna bağ massivində atası X4 ümumi sahəsi 0,25 ha olan 490 saylı bağ torpaq sahəsi verilmişdir. Elə həmin illərdə ayrılmış bağ torpaq sahəsi ayrıc aktına uyğun olaraq hasarlanmışdır və bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olunmuşdur. Sonrakı illərdə ərazidə çoxlu sayda bağ torpaq sahələri verilmişdir. Buna görə də atasına verilən torpaq sahəsində yerdəyişməsi yox, nömrə dəyişmə prosesi baş vermişdir. Ona görə də hal-hazırkı nömrələmə ilə o vaxtkı nömrələmə uyğunlaşmır. DƏDRX-nin Bakı şəhər İdarəsindən verilən xx.xx.2019-cu it tarixli məktubundan məlum olur ki, atası X2 adına verilmiş bağ torpaq sahəsi xx.xx.1993-cü il tarixli 18310 nömrəli müqavilə arxivdə mövcuddur. Bağ torpaq sahəsi və müvafıq sənədlər mövcud olduğu halda həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinə hər hansı maneçilik yoxdur. Lakin DƏDRX-nin Bakı Ərazi İdarəsi mövcud torpaq sahəsinin rəsmiləşdirilməsinə imtina vermişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən İdarəyə dəfələrlə müraciət olunmuş və imtinanın əsas səbəbləri aşağıdakılar olmuşdur: bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazinin 490 saylı bağ sahəsinə aidiyyəti yoxdur və bağların sxematik bölgüsünə dair sxematik xəritədə sözügedən bağ nömrəsi aşkar edilməmişdir. Ümumi hasar daxilində olan 2.336,0 kv, metr torpaq sahəsinin 2009,0 kv. metr hissəsi yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Müvafiq torpaq sahəsi normadan artıq ayrılmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının” 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1137/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli 13810 №-li müqaviləyə əsasən X4 Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərüfatının məsələləri üzrə komissiyasının 1966-cı il tarixli 18 saylı protokolu əsasında ayrılmış Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin, 0,12 ha hissəsinə dair İddiaçı atası mərhum X2 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli 13810 №-li müqaviləyə əsasən X6 və İstismarı Birliyi tərəfindən X4 Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərüfatının məsələləri üzrə komissiyasının 1966-cı il tarixli 18 saylı protokolu əsasında Xaşa-Xuna qəsəbəsində 0,25 ha bağ sahəsi ayrılmışdır. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən 03 yanvar 1998-ci il tarixdə verilmiş V-JQ seriyalı 271346 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.1997-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin yanvar ayının 3-cü günündə 3 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat kontoru tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 18 iyun 2015-ci il tarixli 403 №-li məktubunda qeyd olunmuşdur ki, X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət daxil olmuşdur. X2 xx.xx.1997ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrinin ərizəsi əsasında xx.xx.2015-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və mərhumun vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. ünvan ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə aid çıxarış verilməsi xahiş olunur. Azərbaycan Republikası Dövlət Neft Şirkətinin (SOCAR) 11 noyabr 2020-ci il tarixli **********60040033B00689 saylı məktubunda qeyd olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X-434036; 434034; 434088; 434082: Y-4475201; 4475248; 4475236; ******* koordinatlarda olan ərizədə qeyd edilmiş 2270 kv metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsinin 13-14 metrlik məsafəsindən keçən qaz kəməri SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 istismarında olan ’’Pirallahı-Qala" (0325, yeraltı, layihə təzyiqi 0,6 MPa) yüksək təzyiqli qaz kəməridir ki, həmin kəmərlərin mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2 nömrəli əlavəsində (yüksək təzyiqli yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (planda)) 7-10 metr müəyyən olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7 (İddiaçı) ünvanlanmış **********73 №li xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsilə uyğunsuzluq təşkil edir. Həmçinin ümumi hasar daxilində olan 2336,0 kv. metr torpaq sahəsinin 2009,0 kv. metr hissəsi yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində oları bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m. keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. İddiaçının bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazinin “490” saylı bağ sahəsinə aidiyyəti yoxdur və bağların bölgüsünə dair sxematik xəritədə sözügedən bağ nömrəsi aşkar edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “X10 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 103 №-li mütəxəssis rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının 1966-cı il tarixli 18 saylı protokoluna əsasən X6 və İstismarı Birliyi ilə bağlanmış 23 fevral 1993-cü il tarixli 13810 saylı müqavilə ilə X4 ayrılmış və sonuncunun vərəsəsi İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı torpaq sahəsinin yerləşmə koordinatları (sərhədləri) yerdə (naturada) müəyyən olundu və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıda qeyd edilənlərdən ibarətdir. X- 1) 434036.47; 2) 434090.77; 3) 434083.96; 4) 434037.24. Y- 1) 4475248.80 2) 4475237.32; 3) 4475193.37; 4) 4475201.40. Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərüfatı məsələləri üzrə komissiyasının 1966-cı il tarixli 18 saylı protokoluna əsasən X6 və İstismarı Birliyi ilə bağlanmış 23 fevral 1993-cü il tarixli 13810 saylı müqavilə ilə X4 ayrılmış və sonuncunun vərəsəsi İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı torpaq sahəsinin faktiki ölçüləri 0.2336 ha ərazini əhatə edir. Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərüfatı məsələləri üzrə komissiyasının 1966-cı il tarixli 18 saylı protokoluna əsasən X6 və İstismarı Birliyi ilə bağlanmış 23 fevral 1993-cü il tarixli 13810 saylı müqavilə ilə X4 ayrılmış və sonuncunun vərəsəsi İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı torpaq sahəsi qaz xəttinin mühafizə zolağına düşmür və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli qaz kəməri mühafizə zonasının 13-14 metrlik məsafəsində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum atasına mübahisəli torpaq sahəsi tam qanuni əsaslarla ayrılmışdır və qanunvericiliyin tələblərinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu zaman bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmaması (və ya başqa bir nömrə ilə qeyd olunması) qanuni əsaslarla faktiki istifadə olan bağ torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün əsas hesab oluna bilməz. - Mübahisəli bağ torpaq sahəsinin 2009,0 kv. metr hissəsinin yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə isə, cavabdehin həmin dəlili məhkəmə araşdırması zamanı Azərbaycan Republikası Dövlət Neft Şirkətinin (SOCAR) 11 noyabr 2020-ci il tarixli məktubu və mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Bundan əlavə iş materiallarından da göründüyü kimi, iddiaçı yalnız 0,12 ha torpaq sahəsinə hüquqların qeydiyyatının aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. İddiaçının atası X5 vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş atası X2 adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya “Azəriqaz” İB-nin 08 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsi İddiaçı məxsus torpaq sahəsinin dəqiq ünvanı tərəfin telefonu və bu kimi məlumatları qeyd edilməməsi səbəbindən həmin bağ sahəsində qaz xəttlərinin keçmədiyini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Bakı Regional Qaz İstismarı Departamentinin 03 may 2023-cü il tarixli 14-2-2-3/2-458/2023 saylı cavab məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 490 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə xx.xx.2023-cü il tarixində tərəflərindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 490 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “Azəriqaz” İstehsalat Birliyinə məxsus D325 mm-lik yüksək təzyiqli yerüstü qaz xəttinin 9,0-18,0 metr (torpaq sahəsinin bir hissəsində 9,0 metr, digər hissəsində isə 18,0 metr), D159 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin 0,3 metr məsafə aralığında yerləşir və həmin qaz xətlərinə münasibətdə mühafizə zonası pozulur. Əlavə olaraq həmin torpaq sahəsinə paralel olaraq Bakı Regional Qaz İstismarı Departamentinə məxsus D57 mm-lik aşağı təzyiqli yerüstü qaz xətti keçir və həmin qaz xəttinə münasibətdə qaz xəttinin mühafizə zonası pozulmur. 26 aprel 2023-cü il tarixli baxış aktında qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 490 saylı bağ sahəsində yerləşən İddiaçı məxsus bağ sahəsi ərazisində “Azəriqaz”İB-nə məxsus qaz xətləri və qaz qurğuları mövcud deyil. Torpaq sahəsinin bir tərəfdə L=9,0 p/k, digər tərəfdə isə L=18,0 p/k məsafədən D325-lik yüksək təzyiqli yerüstü, L=0,3-0,4 p/k məsafədən D159 mm-lik orta təzyiqli yerüstü və 0,2 p/k məsafədən D57 mm-lik aşağı təzyiqli qaz xətləri keçir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Xaşa-Xuna bağ massivində yerləşən 490 saylı bağ sahəsinin, 0,12 ha hissəsinə hüququn iddiaçının mərhum atası X4 məxsus olması haqqında arayışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-1137/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-335/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-335/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver