Məhkəmə qərarları › İş №2-1(103)-3350/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3350/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3350/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Miriyeva (İbrahimova) Fərəh Rafiq qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4632/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, İddiaçı 59 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən etibarən son 3 il üçün ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində anadan olmuşdur. 15 iyun 1977-ci ildən 01 sentyabr 2010-cu ilədək və 07 yanvar 2014-cü il tarixdən 08 may 2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hərbi xidmətini də hesaba aldıqda 40 ilə yaxın əmək stajı vardır. İddiaçı həmin iş stajının xx.xx.1997-ci ildən xx.xx.2010-cu il tarixədək olan hissəsini "xxxx" kiçik müəssisəsinin direktoru vəzifəsində işləmişdir. Həmin iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinə əsasən “Dağ-mədən işləri” (2010100b-21516) bölməsinin “direktorlar (rəislər), onların istehsalat, tikinti (kəsmələrdə, karxanalarda) üzrə müavinləri (köməkçiləri)” alt kateqoriyasına aiddir. İddiaçı məxsus əmək kitabçasına əsasən onun güzəştli şərtlərlə əmək stajı 13 il, 7 aydır. "xxxx" kiçik müəssisəsi məhz dağ-mədən işləri ilə məşğul olan müəssisə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək İddiaçı 59 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və müraciət tarixindən etibarən son 3 il üçün ödənilməmiş məbləğin ödənilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə istinad edərək bildirmişdir ki, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən arayış təqdim edilməlidir. Hazırda "xxxx" kiçik müəssisəsindən arayış alınması imkan xaricindədir və mümkün deyildir. Həmçinin, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən tərtib edilmiş arayışın olmaması özlüyündə şəxsin mövcud və yaranmış hüquqlarının imtinasına səbəb ola bilməz. Yuxarıda qeyd edilənlərdən də görünür ki, İddiaçı həm ümumi stajı (40 ilə yaxın), həm zərərli iş stajı (ümumi 13 il, 7 ay), həm də pensiya yaşı (xx.xx.2020-ci il tarixdə 59 yaş 6 ayı tamam olmuşdur) pensiya təyinatına imkan verir. İddia ərizəsinə əlavə edilənlərə və bütün qeyd edilənlərə əsasən hesab etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla müraciətindən imtina etməsi əsassızdır. Cavabdeh özü inzibati orqan olaraq işi araşdırmalı və müvafiq qərar qəbul etməli idi. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsində qeyd edilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın təsdiq edilməsi barədə qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.7-ci bəndinə əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bununla yanaşı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları"nın 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortlaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, İddiaçı həm ümumi stajı (40 ilə yaxın), həm zərərli iş stajı (ümumi 13 il, 7 ay), həm də pensiya yaşı (xx.xx.2020-ci il tarixdə 59 yaş 6 ayı tamam olmuşdur) pensiya təyinatına imkan verir. Bu səbəbdən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassız hesab olunmalı və iddiaçıya 59 yaş 6 ayı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli iş stajını təsdiq edən arayışı cavabdeh orqana təqdim etməmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, sözügedən icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüqugi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təgdim edilmiş iş stajına dair sübutlar əsasında lazimi gaydada əsaslandırılmağa iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4632/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, İddiaçı 59 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Miriyeva (İbrahimova) Fərəh Rafiq qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. - İddiaçı xx.xx.1060-cı il təvəllüdlüdür, xx.xx.1976-xx.xx.1977-ci il tarixlərdə təhsil almış, əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə başlamış, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı "xxxx" kiçik müəssisəsində xx.xx.1997-ci ildə direktor vəzifəsinə təyin edilmiş (əmr №4, xx.xx.1997), xx.xx.2010-cu ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (əmr №14, xx.xx.2010). - "xxxx" MMC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd olunur ki, İddiaçı həqiqətən güzəştli şərtlə pensiya hüququ verənən peşədə - direktor (xx.xx.1997, əmr №4 – xx.xx.2010, əmr №14) vəzifəsində çalışmışdır. İşlədiyi vəzifə üzrə sığorta stajı 13 il 7 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri daş karxanasında direktor olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 20101006 bəndinə və 21516 vəzifə koduna uyğundur. -“Ədalət" Beynəlmiləlçi Döyüşçülər X5 25 fevral 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqətən də Azərbaycan Respublikası Beynəlmiləl Döyüşçülər Şurasının nəzdində olan "xxxx" kiçik müəssisəsində xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək direktor vəzifəsində çalışmışdır. - X6 Xidmətinin 20 fevral 2025-ci il tarixli 3-17-5/2-15585/2025 saylı məktubu ilə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2010-cu il tarixədək hansı vəzifədə və hansı müəssisədə işləməsinə dair məlumatların təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, 2013-cü il 27 dekabr tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumda elektron qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar sistemdə mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi 01 iyul 2014-cü il tarixdən istifadəyə verilmişdir. - Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-356386/2024 saylı məktubu ilə bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən "xxxx" Kiçik Müəssisəsinin (**********) xx.xx.2007-ci il tarixdə vergi uçotuna alınması və fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Müəssisənin hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Eyni zamanda, xx.xx.2024-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən İddiaçı (FİN: xxxxxxx) "xxxx" Kiçik Müəssisəsində muzdlu işçi kimi işləməsi barədə məlumat müəyyən edilməmişdir. Beləliklə işdən müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə iddiaçının güzəştli iş stajının kifayət qədər olmadığından imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışı ilə təsdiqlənir. Nəticə etibarı ilə iddiaçının xx.xx.1997-xx.xx.2010-cu il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və tələbin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş (“Azərbaycan” qəzetində 29 iyun 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj 12 il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Lakin həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İşin hallarından göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə güzəştli şərtlərlə pensiya əldə etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən pensiya təyini üçün cavabdeh inzibati orqana 21 oktyabr 2024-cü il tarixdə müraciət edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yeni qanun qüvvəyə mindiyi tarixdən sonra 21 oktyabr 2024-cü il tarixdə inzibati orqana (öz iradəsinə uyğun olaraq) təkrar müraciəti olduğu və 60 yaşının tamam olduğu nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarix) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir və pensiya kapitalının olması tələbi ona tətbiq edilməməlidir. Əks yanaşma iddiaçıya münasibətdə həddən artıq formallıq hesab edilməklə qanunvericinin qarşıya qoyulmuş məqsədinə uyğun hesab edilə bilməz. Hal-hazırda mübahisə iddiaçının güzəştli iş stajı ilə bağlıdır. “Ədalət” X1 İctimai Birliyi tərəfindən təqdim edilən məktubdan iddiaçının Azərbaycan Respublikası Beynəlmiləl X7-in nəzdində olan "xxxx" kiçik müəssisəsində xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək direktor vəzifəsində çalışması öz əksini tapır. Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin 14 fevral 2025-ci il tarixli 3-21-2-4/2-79577/2025 saylı məktubu ilə bildirmişdir ki, hüquqi şəxs xx.xx.1994-cü il tarixdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2013-cü il tarixdə adı və təşkilatı-hüquqi forması dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) çevrilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisidir. Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, əsas fəaliyyət növünün "Daş karxanası" (kod: 2370003), əlavə fəaliyyət növünün isə "Abidə və tikinti üçün açıq üsulla daş hasilatı" (kod: 0811102) olması barədə məlumat mövcuddur. Göründüyü kimi iddiaçının tələb olunan güzəştli iş stajının olması iş materiallarında olan sənədlərlə təsdiqini tapır. İddiaçının "xxxx" Kiçik Müəssisəsində (xx.xx.2013-cü ildən "xxxx" MMC adlandırılmışdır) işlədiyi direktor vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 20402000 şifrəli “İ. Dağ-mədən işləri” bölməsi - 2010100b şifrəli “b) rəhbərlər və mütəxəssislər” yarımbölməsində 2010100b—21516 şifrə ilə göstərilmiş “direktorlar (rəislər), onların istehsalat, tikinti (kəsmələrdə, karxanalarda) üzrə müavinləri (köməkçiləri)” peşəsinə və həmin bölmədə 2040200b—24125 şifrə ilə göstərilmiş “sex rəisləri, onların müavinləri” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “1. Dağ-mədən işləri” bölməsində “direktorlar, rəislər” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş xidməti məktubda qeyd edilir ki, iddiaçının ümumi iş stajı 24 il 3 ay 17 gün (xx.xx.2006-cı il tarixənədək 14 il 9 ay 17 gün (xx.xx.1977 – xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra 9 il 6 ay), fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2020-ci il tarixə 14764,25 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir). Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsin müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə pensiya almaq hüququ vardır. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən etibarən ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4632/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4632/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar