Məhkəmə qərarları › İş №2-1(103)-3351/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3351/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3351/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4620/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli, indiki Şərur rayonunun Xok kəndində anadan olmuş və həmin vaxtı Naxçıvan Muxtar Respublikası Azərbaycan SSR-nin tərkibində olmaqla Sovet İttifaqının tərkibinə daxil olduğundan onda Sovet İttifaqına məxsus ümumi vətəndaş pasportu olmuşdur. X9 süquta yetdiyi dövrdə o, Rusiya Federasiyasında yaşadığına görə həmin ölkənin vətəndaşlığında qalmışdır. X2 Rusiya Fedrasiyasının vətəndaşı olsa da, onun xx.xx.1984-cü ildə vəfat etmiş atası X5, xx.xx.2006-cı ildə vəfat etmiş anası X10, xx.xx.2009-cu ildə vəfat etmiş qardaşı X13 Azərbaycan Respublikasının vətəndaşları olmuşlar, habelə onun xx.xx.1953-cü il təvəllüdlü bacısı X8 (AZE ********),xx.xx.1965-ci il təvəllüdlü bacısı X4 (AA3043326) və xx.xx.1960-cı il təvəllüdlü qardaşı X11 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. O, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməmiş, onun vətəndaşlığa qəbul edilməsindən imtina edərək bu barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul etmişdir. Həmin qərar ona xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina üçün heç bir hüquqi əsas olmamışdır. Belə ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da, onun valideynləri və qardaş-bacıları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4620/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilmiş, inzibati mübahisənin həqiqi halları məhkəmə tərəfindən araşdırılmamış, həmin hallara qiymət verilməmiş, lazım olan maddi və prosessual normalar tətbiq edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iclasda iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : İddiaçıya məxsus ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 17 yanvar 1967-ci ildə X16 Sosialist Respublikasının İlyiç rayonunun Xok kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-ci ildə 24 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçının atası X5 (azərbaycanlı), anası X6r (azərbaycanlı). İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş tərcümeyi haldan görünür ki, o, 1985- 1987-ci illərdə Moskva şəhərində hərbi xidmət keçmiş, 1989-cu ildə təhsil almaq məqsədi ilə Azərbaycan Respublikasından getmiş, lakin ölkəyə davamlı giriş-çıxışı olmuşdur, hazırda Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçıya məxsus 76 ******* nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, iddiaçıya Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının pasportu verilmişdir, pasport xx.xx.2031-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, iddiaçı M.Əsgərov xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndinə istinadən müvafiq qərarla 17 yanvar 1967-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. İş üzrə tətbiq edilən hüquq normaları: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Qaydanın 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Əsaslandırıcı hissə: Kollegiya iş materiallarına istinadən bildirir ki, iddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan 76 ******* nömrəli Rusiya Federasiyasının pasportu ilə qeyd olunan hal öz təsdiqini tapır. Eyni zamanda iddiaçı özüdə bunu etiraf edir. Yəni, iddiaçının Rusiye Federasiyasının vətəndaşı olması işin mübahisəsiz halıdır. İddiaçının tələbi isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlıdır. Yuxarda qeyd olunan hüquq normalarından görünür ki, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya bildirir ki, şikayətdə qeyd olunan dəlillər iddia ərizəsində iddia tələbinin əsasını təşkil edən dəlillərlə eynidir. İddiaçının əsas dəlil olaraq göstərdiyi hal isə valideynlərinin və qardaş-bacılarının Azərbaycan Respublikasının vətəndaşları olması ilə bağlıdır. Kollegiya bildirir ki, iddiaçının valideynlərinin Azərbaycan Respublikasının vətəndaşları olması iddiaçının vətəndaşlığının tanınmasına o halda əsas ola bilərdi ki, iddiaçı başqa ölkənin vətəndaşlığını qəbul etməsin. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğu üçün artıq həmin hüququ itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4620/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar