Məhkəmə qərarları › İş №2-1(103)-3355/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3355/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3355/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6772/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.

1. İddiaçı X3 ərizəsi ilə cavabdehə müraciət edərək Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 1909 nömrəli 20 iyun 1994-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinə dair verilmiş sənədlərlə bağlı sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən sərəncamın və onun tərkib hissəsi olar yerləşmə sxeminin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

İİ. Tərəflərin əsaslandırması

İddiaçının əsaslandırması:

2. İlkin olaraq iddiaçı qismində X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 1909 nömrəli 20 iyun 1994-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində iddiaçı X1 mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 1909 nömrəli 20 iyun 1994-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlamışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyatayanı sahə kimi istifadə edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Həmin qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.Həmin Qanunun 8.0.1-ci maddəsinə. əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normaların tələblərinə əsasən yuxarıda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətində İdarə) xx.xx.2020cu il tarixində iddiaçının etibarnamə əsasında nümayəndəsi tərəfindən ərizə ilə müraciət edilmişdir. İdarə tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli bildirşlə təqdim edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bu zaman İdarə “Daşınmaz əmlkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsaslansada konkret hansı bəndə əsaslandığını göstərməmişdir. Həmin qanunun 15-ci maddəsində yuxarıda qeyd edilən müraciətin təmin edilməsindən imtina edilməsi üçün əsaslar aşağıdakı kimi müəyyən edilmişdir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İdarə bildirişdə guya torpaq sahəsinin yerləşmə sxeminin arxivdə aşkar edilməməsi haqqında absurd əsas göstərmişdir. Hesab edir ki, İdarə tərəfindən açıq şəkildə qanunvericiliyin tələblərini pozulmuş, heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 23 .10. 2020-ci il tarixli, **********09 nömrəli bildirişi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinə dair verilmiş sənədlərlə bağlı sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən sərəncamın və onun tərkib hissəsi olar yerləşmə sxeminin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1909 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsində ev tikmək üçün X2 600 kv.m. torpaq sahəsi ayrılmışdır.İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən təsdiq edilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1909 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1207 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmişdir. Həmin yerləşmə cizgisinə əsasən 1207 nömrəli torpaq sahəsi sol tərəfdə 1205 nömrəli torpaq sahəsi ilə perpendikulyar yerləşməklə böyük hissədə bitişikdir.

3. Cavabdehin etirazı:

Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixində İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinə dair verilmiş sənədlərlə bağlı sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən sərəncamın və onun tərkib hissəsi olar yerləşmə sxeminin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********09 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Bildirilir ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər torpaq sahələri ilə bir hasar daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

4. Məhkəmə prosesinin gedişində X3 ölmüşdür. Bununla əlaqədar mərhumun arvadı İddiaçı ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 inzibati məhkəmə icraatında prosessual iştirakına xitam verilmiş, İddiaçı hüquqi varis hesab edilərək iddiaçı qismində X3 ilə əvəz edilmişdir. İddiaçı bununla əlaqədar bütün təsdiqedici sənədləri (mərhumun ölüm haqqında şəhadətnaməsi, mərhumla nikah haqqında şəhadətnamə, notariusun vərəsəlik işi açılmasına dair məktubu) məhkəməyə təqdim etmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən hər birinin ölçüsü 600 kv.m. olan 1205 və 1207 (bir-birinə perpendikulyar yerləşməklə bitişik torpaq sahələridir) nömrəli torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən (X10 və İddiaçı) notariat qaydasında təsdiq olunmuş bölgü sxemi təqdim edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən həmin 1205 saylı sahəyə dair hüquqlar (ümumi birgə mülkiyyət hüququ əsasında X11, X10 və başqaları) qeydiyyata alınmışdır. X11 vəfat etmiş, təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X10 vəfat etmiş X6 miras əmlakından tam hissədə pay almışdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək tələbini Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 1909 nömrəli 20 iyun 1994-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 1207 saylı 600 kvadrat metr torpaq sahəsinin mərhum X2 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayış verilməsi kimi dəqiqləşdirmişdir. Məhkəmənin hazırkı iş üzrə eyni tarixli qərardadı ilə iddia tələbi iddiaçının nümayəndəsinin ərizəsinin məzmununa uyğun dəyişdirilmişdir

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6772/2023 xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.Cavabdeh Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6772/2023 xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırmışdır ki, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixində İdarəyə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinə dair verilmiş sənədlərlə bağlı sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən sərəncamın və onun tərkib hissəsi olan yerləşmə sxeminin Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir.Məlumat üçün bildirirlər ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər torpaq sahələri ilə bir hasar daxilində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranması hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında verilir.

9. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 10.Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6772/2023 xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

12. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

13. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

15. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

20. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

21. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

23. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

24. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

26. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

27. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı cavabdehin apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır, sözügedən sərəncam və onun tərkib hissəsi olan yerləşmə sxemi Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər torpaq sahələri ilə bir hasar daxilində yerləşir və məhkəmə müvafiq ünvanda ekspertiza keçirilməmişdir.

28. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bir daha vurğulayır ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Səbail rayon İcra Hakimiyyətinin sərəncamı və onun tərkib hissəsi olan yerləşmə sxemi Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi iddiaçının təqsiri deyildir.

29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilində qeyd edilən torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmaması iddianın rədd edilməsinə əsas deyildir.Belə ki, iddia olunan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur və faktiki olaraq iddiaçının istifadəsindədir. Torpaq ayırma sənədi ilə 600 kv.m. torpaq sahəsi ayrılmış, həmin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 1207 nömrəli 600 kv.m. torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin cizginin arxiv nüsxəsi aşkar edilməsə də, 1207 nömrəli torpaq sahəsi faktiki olaraq həmin cizgiyə uyğun yerləşməklə qonşu (bitişik) 1205 nömrəli torpaq sahəsinin mülkiyyətçisi ilə aralarında bölgü sxemi təsdiq edilmiş, 1205 nömrəli torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhz cizgiyə uyğun olaraq yerləşən və bitişik torpaq sahəsinə (1205 nömrəli) dair hüquqların qeydə alınmasına əsaslanmaqla imtinada və iddiaya yazılı etirazda göstərilən dəlilləri təkzib edir. Odur ki, həmin cizginin etibarlılığı işin halları ilə təsdiq olunur.

30. Nəhayət apellyasiya şikayətinin “məhkəmə müvafiq ünvanda ekspertiza keçirilməmişdir” dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə işin yuxarıda hüquqi qiymət verilmiş halları iş üzrə qanuni nəticəyə gəlməyə əsas verdiyindən, yəni xüsusi biliyə zərurət olmadığından ekspertiza da keçirilməəsinə ehtiyac qalmamışdır.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

33. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6772/2023 xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 35.Lakin məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6772/2023 xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gəlinərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbləri (Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) nəzərə alınaraq “torpaq sahəsinin mərhum X2 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayış verilməsi “sözləri istisna olunmaqla birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6772/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “Mülkiyyət hüququ ilə sözü” istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar