Məhkəmə qərarları › İş №2-1(103)-3356/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3356/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3356/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6987/2022, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti X5 və İstismarı Birliyi tərəfindən verilmiş 15 may 2000-ci il tarixli, 17799 saylı icarə müqaviləsi ilə X3 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1589 saylı 0,25 hektar bağ sahəsinə dair hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri İcra Hakimiyyəti X5 və İstismarı Birliyi tərəfindən verilmiş 15 may 2000-ci il tarixli, 17799 saylı icarə müqaviləsi ilə Hüseynov Terqut (Turqut) Məzahir oğlunun istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 1589 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının, yolun mühafizə zonasına düşən hissə 200 kvm. sahə istisna olmaqla Hüseynov Terqut (Turqut) Məzahir oğluna mənsub olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti X5 və İstismarı Birliyinin 15 may 2000-ci il tarixli, 17799 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 1589 saylı bağ sahəsi X1nun icarəsinə verilmişdir. X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onun təqdim etdiyi ərizə əsasında mərhum atasının vərəsəsi qismində tanınmışdır. Qeyd edilən torpaq sahəsi 22 ilə artıq müddətdir ki, istifadələrindədir. Bununla əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsindən ibarət 1589 saylı bağ sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə İdarəyə bağ sahəsinə dair bütün hüququmüəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən bu günədək müraciəti cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6987/2022 saylı, xx.xx.2022-ci il nömrəli qərarı ilə, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1589 nömrəli bağ sahəsinin Bilgəh Kürdəxanı dairəvi yolunun mühafizə zonasına düşən 200 kvm. sahəsi istisna olmaqla qalan hissəsinə mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin nömrəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir, (göstərilən ərazi 5070-5080 saylı bağların ardıcıllığına uyğun gəlir). Həmçinin, torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir. Həmçinin, sənəd üzrə torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki ölçüsü 2224 kv.m təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan sənədlər : - Bakı şəhəri, Sabuncu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 933852 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 03 ayının 30 günündə 52 saylı qeyd edilmişdir. - ünvan 1 ünvanlanmış 05 saylı, 13 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, mərhum X2 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadərtnamə”nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. ünvan 2 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarış verməsi xahiş edilir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********95 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X13 İcraiyyə Komitəsi X5 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.1990-cı il tarixli, 17799 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq, sahəsi 18,36 kvm. olan 1 otaqdan ibarət bina ilə birlikdə 1589 nömrəli bağ sahəsi xx.xx.2000-ci ilədək X3 icarəsinə verilmişdir. X9 xx.xx.2000-ci il tarixli ərizə ilə müraciət edərək bağ müqaviləsinin vaxtının uzadılmasını xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin X5 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, 17799 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq, sahəsi 18,36 kvm. olan 1 otaqdan ibarət bina ilə birlikdə 1589 nömrəli bağ sahəsi xx.xx.2010-cu ilədək X3 icarəsinə verilmişdir. Bağların bölgüsunə dair sxematik xəritədə 1589 saylı bağ mövcduddur. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********72 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, bağ sahəsi ümumi hasar daxilində olmaqla 2224,0 kv.m təşkil edir. Sözügedən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazinin 1589 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Bilgəh-Kürdəxanı dairəvi yolunun hərəkət istiqamətinin mərkəz oxundan 12,5 metr nəzərə alındıqda faktiki sahənin 200 kvm. hissəsi yolun mühafizə zonasına düşür. İşin müəyyən edilmiş hallarından görünür ki, X5 və İstismarı Birliyi ilə Hüseynov Turqut (Terqut) Məzahir oğlu arasında bağlanmış xx.xx.1990-cı il tarixli, 17799 nömrəli və xx.xx.2000-ci il tarixli, 17799 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilələrə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq, sahəsi 18,36 kvm. olan 1 otaqdan ibarət bina ilə birlikdə 1589 nömrəli bağ sahəsi Hüseynov Turqut (Terqut) Məzahir oğlunun icarəsinə verilmişdir. Hüseynov Terqut (Turqut) Məzahir oğlu qeyd olunan bağ sahəsi üzərində hüquqlarını qeydə aldırmadan xx.xx.2009-cu il tarixdə vəfat etmiş və hazırki iş üzrə İddiaçı onun vərəsəsidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qeyd edilən normalardan göründüyü kimi, X3 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1589 saylı 0,25 hektar bağ sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi üçün əsaslar mövcuddur. Lakin, X9 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadan vəfat etdiyindən, hazırda onun vərəsəsi olan İddiaçı hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, İddiaçı subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət : 1) Cavabdeh apelyasiya şikayətinə ilk növbədə qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin : 1.2-ci bəndə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi uyğunsuzluq vətəndaşın iradəsindən asılı olan hal deyil və qeyd edilən uyğunsuzluğun aradan qaldırılması cavabdehin öhdəliyidir. Eyni zamanda Kollegiya xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, Hüseynov Terqut (Turqut) Məzahir oğluna Ləhiş qəsəbəsində sahəsi 0,25 hektar olan 1589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə qüvvədədir, etibarsız sayılmamış, eləcə də mübahisələndirilməmişdir. 2) Həmçinin, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir. Cavabdehin yuxarda qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, iş materiallarında olan və icraata qəbul edilmiş dəqiqləşmə ərizəsindən görünür ki, iddiaçı tərəf iddianın həcmini azaldaraq, mübahisəli torpaq sahəsinin Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zolağına düşən hissəsindən imtina etmişdir. Odur ki, cavabdehin qeyd edilən dəlili hazırkı iş üzrə artıq əhəmiyyət kəsb etmir və əsassızdır. 3) Cavabdehin apelyasiya şikayətinin digər bir dəlili ondan ibartətdir ki, sənəd üzrə mübahiəsli torpaq sahəsinin ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki ölçüsü 2224 kv.m təşkil edir. Kollegiya hesab edir ki, qeyd edilən dəlil mübahisə mövzusu ola bilməz və əsassızdır. Belə ki, qeyd edilən dəlil o halda əsaslı hesab edilə bilərdi ki, iddiaçı tərəf müqavilədə göstərilən torpaq sahəsinin ölçüsündən daha artığına iddialı olsunlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Son olaraq Kollegiya qeyd edir ki, arayışın verilməsi də şəxsin mülkiyyət hüquqlarının təsdiqi mənasını daşıdığından, şəxs qeyd olunan arayışı aldıqdan sonra mülkiyyət hüquqları təsdiqlənmiş olduğu üçün daha sonra müraciət edərək, çıxarış ala bilər. Lakin, hər bir halda ilk növbədə arayış alınmalı, daha sonra mübahisə olduğu halda çıxarış alınması üçün müraciət olunmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6987/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar