Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3356/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, orderin və çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4359/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1522 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia tələbi “cavabdeh Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 1 sayl Baki Ərazi İdarasinin üzərinə iddiaçi İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması, Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi, hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışların qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X17 İcraiyyə Komitəsinin 6/265 №-li xx.xx.1990-cı il tarixli qərarı əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 200 saylı BTK-nin tərkibində olan 0,12 hektar ölçülü 1552 saylı bağ sahəsi Ərizəçiyə ayrılıb. Bu barədə ona 17 saylı order təqdim olunub. Ərizəçi həmin sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Cavabdeh inzibati orqan həmin ərizəyə xx.xx.2023-cü il tarixli, **********99 №-li bildirişlə cavab verib. Məktubda göstərilib: “…Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim etdiyiniz X7 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. …Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlətreyestri haqqında” Azərbaycan RespublikasıQanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. Cavabdeh inzibati orqan ümumi şəkildə 15-ci maddəyə istinad etsə də, həmin əsaslardan heç birini göstərə bilməyib, çünki Ərizəçinin hüquqlarının qeydiyyatından imtina üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh inzibati orqan həmçinin Ərizəçinin İnsan Hüquqları və X10 haqqında Konvensiyada (Avropa Konvensiyasında) nəzərdə tutulmuş bir sıra hüquqlarını, o cümlədən Konvensiyanın 8-ci, həmin Konvensiyaya Dair 1 saylı Protokolun 1-ci maddələrini ciddi şəkildə pozmaqdadır. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-2-1(112)-4359/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi “cavabdeh Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 1 sayl Baki Ərazi İdarasinin üzərinə iddiaçi İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması, Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” hissəsində rədd edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-2-1(112)- 4359/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıxarışların qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X17 İcraiyyə Komitəsinin 6/265 №-li xx.xx.1990-cı il tarixli qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 200 saylı BTK-nin tərkibində olan 0,12 hektar ölçülü 1552 saylı bağ sahəsi Ərizəçiyə ayrılıb. Bu barədə ona 17 saylı order təqdim olunub. Ərizəçi həmin sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Cavabdeh inzibati orqan həmin ərizəyə xx.xx.2023-cü il tarixli, **********99 №-li bildirişlə cavab verib. Məktubda göstərilib: “…Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim etdiyiniz X7 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. …Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlətreyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. Məhkəmənin öz sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-09113/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarının surəti göndərilib. Qərarın 2.4, 2.4.17 bəndlərindən görünür ki, həqiqətən X1 o zaman fəaliyyət göstərən 200 saylı Ləhiş BTK tərkibində bağ sahəsi ayrılıb. Məhkəmənin işə üçüncü şəxs kimi cəlb etdiyi X3 əvvəl atasına, sonra da özünə sözügedən bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsinə əsas kimi Cavabdehin təqdim etdiyi yeganə sənəd Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X7 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 200 №-li kooperativin X5 1552 №-li bağın ayrılmasına dair 47 nömrəli orderdir. Həmin orderdə sahənin Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli qərarı əsasında verilməsinə istinad edilsə də, adıçəkilən qərar nə cavabdeh tərəfindən təqdim olunub, nə də məhkəmənin sorğuları əsasında təqdim olunub. Üçüncü şəxs bununla bağlı bildirib ki, nə sənəd var, cavabdehdədir. Beləliklə, iş məhkəmənin icraatında olduğu 7 ay ərzində bir parça kağız olan 47 №-li orderdən başqa cavabdeh inzibati orqan və üçüncü şəxs məhkəməyə heç nə təqdim edə bilməyib. Orderi təqdim edən cavabdeh inzibati orqan, 47 №-li order üçün guya əsas götürdüyü qərarı - Bakı şəhər XDS İcraiyyə Komitəsinin qərarını təqdim edə bilməyib. Buradan iki nəticə çıxa bilər: Ya elə bir qərar mövcud olmayıb, ya da ki, olub, amma onun R.Məmmədəliyevə heç bir aidiyyəti olmayıb. Ərizəçinin bağ sahəsinin üçüncü şəxsə aid olmaması bir də onunla təsdiq edilir ki, X2 adından xx.xx.2020-ci il tarixində ərizə verilib ki, o, bağ sahəsinin 1200 kv.m-dən azaldılaraq 992 kv.m olmasına etiraz etmir. Yəni “təmənnasız” olaraq 2 sotdan artıq sahədən imtina edib. Bundan sonra onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilib. Halbuki, həmin vaxt o, artıq 42 gün idi ki, həyatda yox idi. Bundan cəmi 16 gün sonra, xx.xx.2020-ci il tarixində üçüncü şəxsə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilib. Şəhadətnamədən görünür ki, Rövzət Məmmədəliyev xx.xx.2020-ci il tarixində vəfat edib və üçüncü şəxsin miras əmlak olan bağ sahəsindən tam pay almaq hüququ var. Burada təəccüb doğuran daha bir fakt ondadır ki, notariuslar miras qoyan vəfat etdikdən sonra azı altı ay gözləyib, sonra vərəsəyə şəhadətnamə verirlər. Burada isə heç iki ay keçməyib. Göstərilən qəribəliklərə baxmayaraq, üçüncü şəxsə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilib. Yəni rekord müddətdə - vərəsəlik haqqında şəhadətnamə alındıqdan cəmi 4 gün (bir iş günü) sonra. Daha sonra üçüncü şəxs bağ sahəsinin iki hissəyə ayrılması və hər bir sahəyə dair ona ayrıca çıxarış verilməsi barədə ərizə verir. Ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0572 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 0,042 ha torpaq sahəsinə dair **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli iki çıxarış verilib. 2023-cü ildə üçüncü şəxs bir daha cavabdeh orqana müraciət edərək bu dəfə sahələrin birləşdirilməsi və ona vahid çıxarış verilməsini istəyir. Bundan sonra ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilib. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmənin yanaşması Ərizəçinin bu hüququnu tamamilə inkar edir. Hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Birinci instansiya məhkəməsinin yanaşmasına görə, inzibati orqan istənilən mülkiyyətçini əmlakından məhrum etməklə, həmin əmlakı qeyri-mülkiyyətçilərə verməkdə haqlıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. - Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. - Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. - Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. - Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt hesab edilmir. Belə olan halda iddiaçının mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. Ona görə də iddia tələbinə baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4359/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3356/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3356/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver